Azərbaycanlı alimin kitabı İsveçdə işıq üzü görüb
28.12.18
Azərbaycan Dillər Universitetinin (ADU) qafqazşünaslıq kafedrasının müdiri, Nyu-York Elmlər Akademiyasının üzvü, Özbəkistanın Turan Elmlər Akademiyasının akademiki Əsgər Zeynalovun İsveçin Malmö şəhərində “Tryck Holmbergs” nəşriyyatında “Volter və Hüqonun Şərq dünyası” kitabı nəşr olunub.
ADU-dan bildirilib ki, 270 səhifədən ibarət kitabda Volterin “Astiaq” əfsanəsinə, Zərdüştliyə, Hindistan, Çin, İran mədəniyyətinə, türklərə baxışı, habelə dahi mütəfəkkirin “Zairə” və “Skiflər” faciələri, Hüqonun “Şərq motivləri” əsəri tədqiq olunub, Hüqonun İslam dinini qəbul etməsinə münasibət bildirilib.
Əsərdə Volterin “Skiflər” faciəsi ilə “Kitabi-Dədə Qorqud” dastanındakı bəzi müqayisələr də diqqətçəkən məqamlardandır. Kitabda, eyni zamanda, dünya şöhrətli fransız alimləri Jan Lui Bakke Qrammonun, Arno Lasterin və Franş Kontenin fikirləri, müxtəlif vaxtlarda Fransanın ən nüfuzlu orqanlarından biri “LEST Republicain” qəzetində azərbaycanlı alim haqqında dərc olunmuş yazılar da öz əksini tapıb.
Qeyd edək ki, bu nəşr müəllifin xaricdə çap olunmuş 11-ci kitabıdır. Bundan əvvəl tədqiqatçının 2 kitabı Rusiyada, 3-ü ABŞ, Fransa, Almaniya, İngiltərə, Kanada və Hindistanda nəşr olunub. Tədqiqatçının xaricdə çap edilmiş bu əsərləri dünyanın 30-a qədər ölkəsində yayılıb.
|