Türkiyənin "Temrin" jurnalının yeni sayı Sabirə həsr olunub
26.12.18
Türkiyədə çıxan "Temrin" jurnalının 93-cü sayı görkəmli Azərbaycan şairi Mirzə Ələkbər Sabirə həsr edilib. Şairin altı şeiri orijinal versiyada Azərbaycan əlifbasında oxuculara təqdim olunub.
Xalq yazıçısı Anar "Yüz on il sonra Molla Nəsrəddin", Nazim Nəsrəddinov "Mirzə Ələkbər Sabirin müəllimliyə gedən əzablı yolu", Alxan Bayramoğlu "Mirzə Ələkbər Sabirin həyatı və yaradıcılığı (1862-1911)", Dr. Ömər Kiçikmehmətoğlu "Dahi şair Mirzə Ələkbər Sabir", Əbdülqədir Özkan "Mirzə Ələkbər Sabirdən 150 il sonra", akademik İsa Həbibbəyli "Molla Nəsrəddin ədəbi məktəbi və Molla Nəsrəddinçilik" adlı məqalələrində şairin şəxsiyyətini və poeziyasını geniş şəkildə şərh edirlər.
Bundan başqa, dərgidə beş önəmli müsahibə də şairin ədəbi fikri və yaradıcılığı haqqında maraqlı faktları önə çıxarır. Bunlardan ilk müsahibə Salman Mümtazın M.Ə.Sabirlə olan söhbətidir.
Ömər Kiçikmehmətoğlu isə Xalq rəssamı Arif Hüseynov, M.Ə.Sabirin nəvəsi, Sabir Fondunun rəhbəri Sevda Tahirli, professor Ziyadxan Əliyev və şair, yazıçı, Sabir Şeuir Günlərinin təşkilatçısı Əjdər Olla müsahibələrini oxucuların ixtiyarına verir.
Ruslan Dost Əlinin təqdimatında "Böyük şəxsiyyətlərin Mirzə Sabir haqqındakı sözləri" və Rəşad Sahilin təqdimatında "Mirzə Ələkbər Sabirin ölümündən ön beş gün öncə yazdığı vəsiyyət məktubu" tarixi faktlar kimi jurnalda öz yerini alıb.
Azərbaycan Mədəniyyət naziri Əbülfəs Qarayevin "Temrin" dərgisinin Türk dünyası mədəniyyətinin inkişafında göstərdiyi dəyərli xidmətlərə görə baş redaktor Şərəf Yılmaza ünvanladığı təşəkkür məktubu da sonda oxucularla paylaşılıb. /525.az/
|