"Ulduz" jurnalının 2018-ci il üçün son sayı çap olunub
21.12.18
Bugünlərdə Azərbaycan Yazıçılar Birliyinin ədəbi orqanı olan "Ulduz" jurnalının 2018-ci il üçün son sayı çap olunub.
Bu dəfə də jurnal ənənəvi olaraq ekspert rəyi ilə başlayır. "Ulduz"un noyabr sayı haqqında ədəbiyyatşünas Məti Osmanoğlu "Mətnlə oxucunun unsiyyəti" adlı məqaləsində söz açıb. Ekspert rəyini Xanəmirin özüylə söhbəti və şeirləri izləyir.
"Nəsr" bölməsində Orxan Saffarinin "Atamın ayaqqabıları", "Dirilmə", Tamara Vəliyevanın "Günəşin arxasında", Əyyub Qiyasın "Snayper", Rəşid Bərgüşadın "Əsgər məktubu", Arzu Muradın "Günəş qürub edərkən" hekayələri yer alıb.
Bu sayda da C.Məmmədov müxtəlif mütəfəkkirlərin "Qısa fikirlər xəzinəsi"nə baş vurub.
"Şeir vaxtı" rubrikasında Tural Turanın, Firdovsi Rəsulun, "Debüt"də İsmayıl Xanların, Malik Atilayın, Nizami Adışirinin şeirləri çap olunub.
"Tənqid" bölməsində tanınmış tənqidçi Vaqif Yusifli "Poetik fikir varsa..." məqaləsində 2018-ci ildə "Ulduz" jurnalında çap olunan gənc şairlərin şeirlərindən söz açır. Həmçinin, tənqidçi Şahanə Müşfiqin "Şahanənin nağılı" adlı yeni kitabından da xüsusi olaraq bəhs edir.
"Qürbət yazıları" rubrikasında Tural Diridağlının "Tablo", "Mistik hekayə" rubrikasında isə Ayişə Nəbinin "Miskin evlər" hekayələri yer alıb.
"Tərcümə saatı"nda özbək şairi Ötkür Rəhmətin şeirləri Dayandur Sevginin tərcüməsində verilib.
Jurnalın "Sorağı gəlməyənlər" rubrikasında Fərqanə Mehdiyevanın şair Umud Rəhimoğlu ilə söhbəti çap olunub.
"Tribuna" rubrikasında oxucular Xəyalə Əfəndiyevanın "Seyran Səxavətin dilinin obrazlılığı-obrazlarının dili" məqaləsini, "Esse" rubrikasında Həyat Şəminin Sona Vəliyevanın "OL"dan əvvəlki sözdənəm..." toplusu haqqındakı yazısını oxuya biləcəklər.
Ənənəvi "Dərgidə kitab" layihəsində Xanım Aydının hekayələri, "Sərgi"də isə Nilufər Üstündağ Özelin rəsm əsərləri var. /525.az/
|