“Yazıçı”nın yeni sayı Xətaidən söz açır
28.11.18
Tariximizin ən ünlü simalarından olan şah babamız, şair babamız Xətai barəsində xüsusi buraxılışın işıq üzü görməsi təqdirəlayiq hadisədir.
Buraxılışın baş redaktoru Azər Abdulla maraqlı axtarışların bəhrəsi olan “Yazıçı”nın bu sayında Şah İsmayıl Xətai ilə bağlı müxtəlif nəsillərin tanınmış simalarının fikirləri oxucu qarşısına çıxarılıb.
Şəxsən mən Ziya Göyalpın və Həmid Araslının Şah İsmayılla bağlı önəmli fikirlərini ilk dəfə xüsusi buraxılışda oxuyub tanış oldum. Eləcə də burada Şah İsmayılla bağlı Xalq yazıçısı Anarın “Sizsiz” kitabından bir zamanlar mütaliə etdiyim düşüncələrlə yenidən qarşılaşdım və bu da mənə yaddaşın təzələnməsi baxımından çox önəmli bir təsir oldu.
“Yazıçı”da şah babamıza ünvanlanan şeir nümunələri, xüsusilə “Xətainin qılıncını suvardım, Məmməd Araz karandaşı göyərdi” söyləyən Məmməd Arazın, “Şeyxim mənim, şahım mənim, şairim mənim” söyləyən Zəlimxan Yaqubun, “Şahım, Şeyxim, Savalanım” - deyə ulu əcdada üz tutan Sona xanım Vəliyevanın, “Qızılbaş fəsli” poemasını yazan Balayar Sadiqin, Məmməd Aslanın, Ağacəfər Həsənlinin, Şükür Şənolun şeirlərini maraqla oxudum.
Ümumiyyətlə, Şah İsmayıl Xətai ilə bağlı bir-birindən maraqlı bilgilər ortaya qoyan akademik Teymur Kərimlinin, şair-publisist Xanəmirin və digərlərinin yazıları “Şah İsmayıl Xətai” adlanan bu buraxılışı daha da önəmli edib. /525.az/
|