Rus Dram Teatrı Tbilisidə “Payız sonatası” tamaşası ilə çıxış edib
23.11.18
Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı noyabrın 22-də Tbilisidə “Payız sonatası” adlı tamaşa ilə çıxış edib.
A.S.Qriboyedov adına Tbilisi Dövlət Akademik Rus Dram Teatrında nümayiş etdirilən tamaşada rolları Azərbaycanın Xalq artistləri Lyudmila Duxovnaya və Məbud Məhərrəmov, aktrisalar Rumiya Ağayeva və Tamilla Abutalıbova ifa ediblər.
Rejissor İlqar Səfatın isveçli teatr və kino rejissoru İnqmar Berqmanın pyesi əsasında səhnələşdirdiyi tamaşa ana və qızının həyatına həsr olunub. Sadə kənd keşişinin arvadı Eva yeddi ildir görüşmədiyi anası Şarlottanı evlərinə qonaq çağırır. Onun anası dünya şöhrətli, çılğın və yaşlı pianoçudur. Təzadlarla dolu, əzablı həyat sürən ana və qızı ötən günləri yada salaraq münasibətlərinə aydınlıq gətirirlər.
Tamaşa teatr həvəskarları tərəfindən maraqla qarşılanıb.
Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov uğurlu tamaşaya görə aktyorları və teatr kollektivini təbrik ediblər.
Azərbaycan Dövlət Rus Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyev deyib ki, tamaşa Tbilisi Dövlət Akademik Rus Dram Teatrı ilə əldə olunmuş razılıq əsasında hazırlanıb. Hər iki teatrın rəhbərliyi mədəniyyət ocaqlarımız arasında əlaqələrin daha da genişləndirilməsi və inkişaf etdirilməsi barədə razılığa gəlib. Bu tamaşa da həmin razılaşma əsasında təqdim olunur. Noyabrın 29-da isə gürcü həmkarlarımız Bakıda tamaşa təqdim edəcəklər. /Azərtac/
|