"Cənubi Azərbaycan şeiri antologiyası (XIX-XXI əsrlər) kitabı nəşr olunub
22.11.18
Nəğməkar şair, filologiya üzrə elmlər doktoru, professor Vüqar Əhməd və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işçi Dilbər Rzayevanın birgə müəllifliyi ilə "Cənubi Azərbaycan şeiri antologiyası (XIX-XXI əsrlər) kitabı nəşr olunub.
XIX və XXI əsrlərdə yaranan milli poeziyamız Azərbaycan ədəbiyyatı tarixində (yeni dövr ) ideya-estetik nailiyyətləri ilə seçilən bir mərhələlərdir. Klassik irsin əbədiyaşar ənənələri zəminində inkişaf edən, eyni zamanda bədii-poetik məziyyətlərinə görə özünəməxsus bir hadisə olan, yeni, orijinal ədəbi forma və janrlarla zəngin XIX və XX yüzilliklər Azərbaycan ədəbiyyatında, xüsusilə Cənubi Azərbaycan poeziyasında ənənəvi olaraq aparıcı yeri, qədim və orta əsrlərdə olduğu kimi, bu gün də yenə poeziya tutur. XXI yüzillikdə də Cənubda poeziya digər janr və ədəbi növlərə nisbətən öndədir. Təqdim olunan “XIX-XXI əsrlər Azərbaycan şeiri antologiyası"nda həmin dövrlərdə yaşayıb-yaratmış 200-dən artıq şairin əsərlərindən seçmələr toplanmış, onların həyat və yaradcılığı haqqında məlumat verilmişdir. Poetik seçmələr tarixi-xronoloji prinsip əsasında düzülmüşdür və şeir nümunələri Cənubi Azərbaycanın bütün bölgələrini əhatə edir.
Kitab Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutu elmi şurasının 13.11.2017-cı il tarixli 11 №-li iclasının qərarı ilə çap olunub.
Kitabın elmi redaktoru filologiya üzrə elmlər doktoru, professor Teymur Əhmədov, rəyçilərsə filologiya üzrə elmlər doktoru, professor Rəhim Əliyev və Azərbaycan Yazıçılar Birliyinin Cənubi Azərbaycan Ədəbiyyatı şöbəsinin müdiri Sayman Aruzdur. /moderator.az/
|