“YAZI” ədəbiyyat dərgisi çapdan çıxdı
03.11.18
"Yazı” ədəbiyyat dərgisinin yeni sayı çapdan çıxıb. "Baş redaktordan” yazısı ilə açılan dərginin "Yazıçıların arxivindən” rubrikasında Sabir Əhmədlinin "Yazılmayan yazı” memuarının davamı, "Poeziya” bölməsində Pərviz Cəbrayıl, Elnur Astanbəyli, İsfəndiyar Əhmədli, İltimas Səmimnin şeirləri, "Nəsr” bölümündə Alpay Azər, Pərviz Cəbrayılın hekayələri, Əkrəm Əylislinin "Metro vaqonunda gün işığı” uzun hekayəsi, Azad Qaradərəlinin "Morq çiçəkləri” romanı çap olunub. "Güneydən səslər”də Çalğın Məhəmməd və Elşən Böyükvəndin yazıları, "Çevirmə” bölməsində Revaz İnanaşvili və Cəlal İlhanın hekayələri, Cemal Süreyya, Küçük İskəndər, Hüseyn Fərhad, Fərrux Tunc, Abdulqadir Budaqın şeirləri, "Esseistika”da Ə.Haqverdiyev, Elçin Əlibəyli, Orxan Zakiroğlu və A.Qaradərəlinin esseləri verilib. "Yaddaş”da Osman Fərmanoğlunun mərum şair Hüseyn Əfəndi haqqında yazısı, "Satira” guşəsində Arif Həkimoğlunun satirik şeirləri, "Tribuna” rubrikasında tanınmış iş adamı Mübariz Mənsimova həsr olunmuş "Metsenat” məqaləsi, "Palirta”da məşhur rəssam Cavad Mircavadovun yaradıcılığı haqda məlumat və rəsmlərindən nümunələr oxuculara təqdim olunur. Dərginin bu sayında ədəbiyyat xəbərləri, yeni nəşrlər, gənclərin #həryerədəbiyyat kampaniyası və digər yazılarla da tanış olmaq olar. Əziz dostlar! "Yazı”nın yeni sayını noyabrın 3-ü günün ikinci yarısından sonra kitabevim.az kitab mağazasından (28 may metrosunun yaxınlığında) əldə edə bilərsiniz.
|