“Ustad”ın 22-ci sayı işıq üzü gördü
31.10.18
“Hədəf” Nəşrlərinin təsis etdiyi “Ustad”ın 22-ci sayı işıq üzü görüb.
Redaksiya heyətindən verilən məlumata görə, ədəbiyyat və sənət dərgisi olan “Ustad”ın budəfəki sayında da müxtəlif sənət yazıları və ədəbi nümunələr yer alıb.
Ədəbi mətn müəlliflərindən Müşfiq Xan (“Payızın ölüm etüdləri”), Cəlil Cavanşir (“Eşq və intihar” kitabından), Səbuhi Şahmursoy (“Pangeya tarixçisinin lüğəti”), Aytül Akal (“Niyə yazıram?”), Emil Ali (“Əgər bir gün həyatınızın sonluğunda Sizi o sonluğa sürüyən insanla üzbəüz gəlsəydiniz...”), Vurğun Yusubov (“Gələcəkdəki sən”), Xanım Anela (“Son ümid”), araşdırma, məqalə və esse müəlliflərindən Elçin İbrahimov (“Ortaq türkcə”), Xanəmir Telmanoğlu (“Şair az yaşamalıdırmı?”), Xəyalə Murad (“Klassik ingilis detektivinin kraliçası. “№2” – Doroti Li Seyers”), Ceylan Mumoğlu (“Martiroloq” – ümid yarpağı”), Taleh Eminoğlu (“Bir medalın iki üzü – Knut Hamsun”), Dilqəm Əhməd (“Rəsulzadə haqqında unudulmuş xatirə”) kimi imzaların yazıları dərginin əsas hissəsini təşkil edir.
Bundan əlavə, kino və sənət haqqında yazılar – Nuranə Abbasovadan “Azərbaycan filminin uğuru – “Aktrisa”” və Nərmin Şahmarzadədən “Sərhədləri zorlayan sənətkarlar” dərgidə yer alıb.
Poeziya bölməsində Fərid Hüseyn və suriyalı şair Nizar Qəbbanidən (tərcümə: Ümid Nəccari) şeir silsilələri çap olunub.
“Ustad”ın budəfəki müsahibi “Bəstəkarı texnik kimi görmək doğru deyil” – deyən gənc bəstəkar Azər Hacıəsgərlidir (söhbətləşdi Cavid Qədir).
Dərgini kitabevim.az mağazalar şəbəkəsindən əldə edə bilərsiniz. /525.az/
|