Əli Kərimin qonaqlığı və
Mərkəzi Komitənin məzəmməti
29.10.18
Avanqard.net Mədəniyyət Portalı Azərbaycan ədəbiyyatı tarixində baş verən maraqlı hadisələr və faktlar haqqında "İfşa" adlı layihəyə başlayıb. Layihənin adının "İfşa" seçilməsi təsadüfi deyil. Bu adla neçə-neçə ədəbiyyat adamı, şair və yazıçılar ittiham edilərək ölümə, həbsə və sürgünlərə göndərilib. Növbəti yazı 1959-cu ildə şair Əli Kərimin “Azərbaycan” jurnalında çıxan məqaləsinə görə “İnturist” mehmanxanasında verdiyi qonaqlıqa bağlıdır.
Şair Əli Kərim “Azərbaycan” jurnalında çıxan məqaləsinə görə “İnturist” mehmanxanasında qonaqlıq mərasimi təşkil edir. Mərasim 1959-cu ilin 12 yanvarında baş tutsa da, orda baş verən hadisə haqqında ilin sonuna qədər müzakirələr gedir. Qonaqlıqda Yazıçılar İttifaqının katiblərindən Nəbi Xəzri, İlyas Əfəndiyev, yazıçılardan Əli Vəliyev, Bayram Bayramov, tənqidçi Əhəd Hüseynov iştirak edib. Mərasimin gedişində Nəbi Xəzri ilə Əhəd Hüseynov arasında yaranan mübahisə sonuncunun təhqir olunması ilə nəticələnir.
Əhəd Hüseynov Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinə ərizə yazaraq müqəssir haqında tədbir görülməsini xahiş edir. Məsələ Mərkəzi Komitənin Bürosuna qədər gedib çıxır. Lakin Büro qərar verməzdən əvvəl məsələnin Yazıçılar İttifaqının İdarə Heyətində və İttifaqının partiya qrupunda müzakirə olunmasını məqsədəuyğun hesab edir.
1959-cu ilin 17 iyununda Yazıçılar İttifaqının partiya bürosunda qonaqlıqda iştirak etmiş bütün şəxslərin məsələsi müzakirə edilib, “Azərbaycan” jurnalına əsərlər verən müəlliflərin arabir qonaqlıq verməsi və İttifaq işçilərinin bu qonaqlıqlarda iştirakı pislənilir. Eyni zamanda partiya bürosunun iclasında qonaqlıq mərasmində iştirak edən İttifaq katibləri Nəbi Xəzri, İlyas Əfəndiyev ciddi şəkildə tənqid edilib, onlar Mərkəzi Komitə katibliyinə, habelə Təbliğat və Təşviqat Şöbsəinin müdiri Şıxəli Qurbanovn yanına çağırılaraq məzəmmət edilib.
Mənbə: C.Həsənli, Azərbaycanda sovet liberalizmi: Hakimiyyət. Ziyalılar. Xalq. (1929-1969), Bakı, Qanun nəşriyyatı, 2018 səh. 183-1185
|