Görkəmli dramaturq Hüseyn Cavidin xatirəsi yad olunub
25.10.18
Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin anadan olması hər il silsilə tədbirlərlə qeyd edilir.
Bu münasibətlə ədibin adını daşıyan parkda Yasamal Rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Hüseyn Cavidin ev-muzeyi və Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə tədbir keçirilib.
Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək deyib ki, dərin fəlsəfi-estetik məzmunlu əsərləri ilə ədəbiyyatımızda yeni mərhələnin başlanğıcını qoyan Hüseyn Cavid ömrü boyu qəlbinin dediklərini qələmə alıb, sənətinə sadiq qalaraq əbədiyaşarlıq zirvəsinə ucalıb.
Ə.Əzizov bildirib ki, Hüseyn Cavidə ötən əsrin 50-ci illərində bəraət verilsə də, ona ehtiyatla yanaşılıb. Dahi sənətkara siyasi bəraəti ümummilli lider Heydər Əliyev qazandırıb. Cavidin həyatında, yaradıcılığında, daha doğrusu, onun xalqımıza qaytarılmasında, təbliğ və təşviqatında önəmli yeri ümummilli lider Heydər Əliyev tutur. Məhz bu böyük insanın qayğısı və diqqəti nəticəsində Hüseyn Cavidin 100 illik yubileyi Azərbaycanda təntənə ilə keçirildi. Heydər Əliyevin böyük səyləri və cəsarəti sayəsində Hüseyn Cavidin cənazəsi 1982-ci ildə Azərbaycana gətirilərək doğulduğu Naxçıvan torpağında dəfn olundu. Məhz Heydər Əliyevin şəxsi təşəbbüsü və himayəsi ilə 1996-cı ildə Hüseyn Cavid məqbərəsi tikildi, Bakıda Hüseyn Cavidin ev-muzeyi açıldı.
Ə.Əzizov söyləyib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Hüseyn Cavidin 130 və 135 illik yubileyləri ölkəmizdə dövlət səviyyəsində qeyd edilib.
Akademik Teymur Kərimli Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və dramaturq Hüseyn Cavidin zəngin yaradıcılığından danışıb, onun ədəbiyyata əvəzsiz töhfələr verdiyini diqqətə çatdırıb. Klassik Azərbaycan ədəbiyyatının ən yaxşı ənənələrini inkişaf etdirən Hüseyn Cavid, həm də XX əsr Azərbaycan romantizminin banilərindən biri kimi tanınır. O, lirik, lirik-epik əsərlərin, Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifidir.
Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov böyük ədibin xatirəsinin həmişə xalqımız tərəfindən əziz tutulduğunu, onun yaradıcılıq irsinin hələ uzun illər boyu araşdırılacağını söyləyib.
Hüseyn Cavidin ev-muzeyinin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı bildirib ki, Cavid yaradıcılığı əbədiyaşar söz sənəti kimi daim insan mənəviyyatının zənginləşməsinə xidmət edir. Onun əsərlərinin əsas mövzularından olan müharibələrə nifrət, sülhə çağırış bu gün də aktualdır.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli və Hüseyn Cavidin nəşinin uzaq Sibirdən doğma vətənə gətirilməsində iştirak edən Həmid Cəfərov çıxış edərək dramaturqun Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərindən danışıblar.
Sonra respublikanın tanınmış ifaçıları tərəfindən Hüseyn Cavidin sözlərinə yazılmış mahnılar səsləndirilib." /Azərtac/
|