Nicat Həşimzadə - Ədəbiyyatın məmurlaşması
17.10.18
Son aylar bir daha başa düşdüm ki, ədəbiyyatımız bir daha ciddi mənada məmurlaşma mərhələsinə qədəm qoydu. Necə deyərlər, qədəmləri mübarək olsun. Ədəbiyyatın məmurlaşması faciəvi haldır. Bu gün ölkəmizdə kimisə tərifləmədən, yaltaqlıq etmədən uğur qazanmaq çox çətindir. Bu gün öz istedadı, öz zəhməti hesabına inkişaf etmək istəyən yazıçı heç bir ədəbi mühitə qoşulmamalıdır. Çünki ədəbi mühitlər məmurlara tabedir. Dövlət məmuru olmaq pis iş deyil. Ancaq hər kəsin öz işi var, hər kəs öz işi ilə məşğul olmalıdır. Bu məsələyə ən uğurlu nümunə Yaponiyadır. Bizim bəzi sənət adamlarımız və ya məmurlarımız şöhrətpərəst olduqlarına görə həm icra başçısı, həm şair, həm bəstəkar, həm də rəssam olmaq istəyirlər. Bəzən dostlarım mənə deyir ki, qəzetlərin, jurnalların səni çap etməməsini deyib özünü nüfuzdan salma. Mən yazılarımın çap olunma məsələsinə göstərilən belə nəzakətsiz, ədalətsiz münasibətə necə dözüm və niyə dözüm? Bir bələdiyyə sədrinin, bir məmur-yazıçının tənqid olunduğu yazını qəzetlərimiz yayımlamaqdan qorxurlar, çəkinirlər. Əgər sən redaktorsansa, jurnalistsənsə demək ki, fikir adamısan. Əgər qorxaqsansa demək ki, fikir adamı olmağı bacarmırsan, sənin buna cəsarətin və haqqın çatmır. Qorxaqdan fikir adamı, ziyalı olarmı? Şikayətlənərək demaqoq kimi tanınmaq istəmirəm. Ancaq niyə həqiqəti deməyək? Niyə Anarı tənqid etmə cəsarətində olmayaq? Niyə Hüseynbala Mirələmovun ədəbiyyat adamı olmadığını deməyə haqqımız olmamalıdır? Araz Əlizadəyə niyə etiraz etməməliyik? Adam Azərbaycanın bütün ali dəyərlərinə toxunur. Hansı haqla toxunur bizim dəyərlərimizə? Araz Əlizadə deyib ki, gənc yazıçılarımızın savadı yoxdur. Hansı gənc yazıçını oxuyub bu qənaətə gəlib? Danışarkən ümumi danışmaq olmaz. Cəsarətli olmaq, ad çəkmək lazımdır.
Bu gün bizim gənc yazarlarımız da təəssüf ki, qorxurlar. Aylıq 300-400 manat maaşa görə susmağı, kölə olmağı seçirlər. Tolstoy oxuyub rüvşət alan, Mişima oxuyub ölkəsinə xəyanət edən o qədər adam var ki. Ədəbiyyat həqiqətənmi şəxsiyyət yaradır, şəxsiyyət formalaşmasında ədəbiyyatın əhəmiyyəti çoxdurmu? Əgər ədəbiyyat şəxsiyyət yarada bilirsə, çox sayda kitab oxuyan adamlar niyə yaltaq, xaraktersiz adamlara çevrilirlər. Çox təəssüf ki, mənim inandığım bir neçə gənc də ədəbiyyatın məmurlaşması kompaniyasında qoşuldular. Mən inanırdım ki, bu gənclər dözə biləcəklər. Ancaq pul qazanmaq və şöhrət istəyi yazıçının ən böyük düşmənidir. Ədəbiyyat ciddi sənətdir. Bizim əksər icra başçılarımız, bələdiyyə sədirlərimiz də cəmiyyət içində nüfuz sahibi olmadıqlarına görə istəyirlər ki, kitab yazmaqla, “sənətə pul xərcləməklə” nüfuz qazansın. İndi mənim üçün çox çətin olacağını daha yaxşı anlayıram. Bizim yazarların eqosu o qədər yüksəkdir ki, onları bir yerə ideya toplamır. Onları bir araya gətirən sadəcə iki səbəb var, şöhrət və pul. Azərbaycanda neçə birlik pula görə yaranıb, pula görə də dağılır?
Avanqard.net
|