Azərbaycanlı alim “Çingiz Aytmatov Forumunda" maraqlı təkliflə çıxış edib
08.10.18
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, kulturoloq Fuad Məmmədov Qırğızıstanın Çolpon-Ata şəhərində “Çingiz Aytmatov və müasir dövrün çağırışları” mövzusunda keçirilən Beynəlxalq İssık-Kul Forumunun bölmə sessiyalarında çıxış edib.
Fuad Məmmədov “Çingiz Aytmatov və zamanın çağırışlarına kulturoloji cavab” adlı çıxışında ötən əsrdə böyük yazıçının dilə gətirdiyi qlobal problemlərin həlli üçün səyləri birləşdirməyə çağırıb. Professor deyib: “Çingiz Aytmatovun kulturoloji portreti, onun dünyagörüşü, qələmə aldığı dəyərli əsərlər vasitəsilə Aytmatov ruhuna cavab verən model təklif edirəm. Mənim fikrimcə, bu model müxtəlif münaqişələrdən və müharibələrdən xilas olmaq üçün yeganə düzgün yoldur. Əslində hər bir insan, hər bir xalq bunu arzulayır və biz Çingiz Aytmatov xatirəsinə hörmət əlaməti olaraq səyləri birləşdirib dünyanı sabitliyə və yaxşılığa doğru dəyişməliyik”.
Xatırladırıq ki, ölkəmizi bu nüfuzlu forumda həm də Azərbaycan Milli Məclisinin elm və təhsil komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, filologiya elmləri doktoru, Çingiz Aytmatovun tədqiqatçısı Mehman Həsənov və Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov təmsil edirlər. /Azərtac/
|