“Çingiz Aytmatov və müasir dövrün çağırışları” forumunda Azərbaycan alimləri də iştirak edir
06.10.18
Qırğızıstanın Çolpon-Ata şəhərində “Çingiz Aytmatov və müasir dövrün çağırışları” adlı üçüncü Beynəlxalq İssık-Kul Forumu keçirilir.
Tədbirə dünyanın 25 ölkəsindən 160-dan çox tanınmış siyasətçi, ədəbiyyatçı, futuroloq, kinotənqidçi, rəssam, müxtəlif sahələri əhatə edən alim və tədqiqatçı qatılıb.
Ölkəmizi bu nüfuzlu forumda Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, filologiya elmləri doktoru, Çingiz Aytmatovun tədqiqatçısı Mehman Həsənov, professor, kulturoloq Fuad Məmmədov və Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov təmsil edir.
Forumun əvvəlində Rusiya Prezidenti Vladimir Putinin, alim, şair və diplomat Federiko Mayorun, tanınmış İtaliya alimi Auqusto Fortinin və digər şəxslərin Çingiz Aytmatov haqqında fikirləri oxunub.
Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov öz çıxışında məhv olan ekologiya, təbiətlə harmoniyada yaşamaq tərzi, millətlərarası sabitlik, ölkələr arasında inteqrasiyanın möhkəmləndirilməsi mövzularını müzakirəyə çıxarmağı məsləhət görüb.
Dövlət başçısı deyib ki, adı çəkilən problemlər neçə illər bundan əvvəl böyük yazıçı Çingiz Aytmatov tərəfindən dilə gətirilib.
İki gün davam edəcək forum 3 sessiyada öz işini davam etdirəcək və iclaslarda humanizm, müasir iqtisadi problemlər, xalqların milli və mədəni dəyərlərinin qorunması məsələləri də müzakirə olunacaq. /Azərtac/
|