Antonio Ferrara - Çay – Futbol Meydançasıdır I

04.10.18

Antonio Ferrara 1957-ci ildə Napoli yaxınlığındakı Porticidə doğulub, Novarada yaşayır və işləyir.  Bədii  tədqiqatlar üzrə təhsil almış, yetkinlik yaşına çatmayanlar üçün yaşayış birliyində yeddi il çalışmış, orada balacaların xəyallarına qatılmağı, özünə heç vaxt həddən artıq ciddiliklə yanaşmamağı təlqin etmişdir. Məktəblərdə, kitabxanalarda, mədəni birliklərdə və ətraf evlərdə uşaqlar və böyüklər üçün illyustrasiya və yaradıcı yazı seminarları təşkil edir. Uşaqlar üçün çoxlu sayda kitabların, - Qəlyanaltıya ərəb çörəyi,  Putsillo - centlmenin pişiyi, Mən pis idim, Divarı döyün: kitab həyatınızı xilas edəndə, Bəzi güllər kölgədədir, 80 mil, Heç bircə gün də yox - və digər maraqlı əsərlərin, kitablarına çəkdiyi bir çox orijinal illyustrasiyaların müəllifidir... 






        Harada öyrənsən də, yalnız sevdiyin şəxsdən öyrən
                                                        Y.P.Ekkermann

     
       Sevinc və kədər dolu Tatyanaya



        ÇAY – FUTBOL MEYDANÇASIDIR

        Povest
    
     
        Bir

     Yaşıl jalüzlü evin qarşısındakı küçədə ara-sıra təbil səsləri eşidirdim. Oradan bara yollanmaqdan ötrü  keçib gedirdim və oxumağı bacarmasam da, barın qarşısında özümü elə göstərirdim ki, guya  oxuyuram. Əlimdə kitab ucadan danışırdım, danışır və əl hərəkətləri edirdim, əl-qolumu ora–bura elə atırdım ki,  sözlər də bəs etmirdi. Özümü elə göstərirdim ki, guya kitabdan oxuyuram, oradakılar da inanırdılar, əvəzində mənə bir stəkan süd, ya da bir parça təzə sendviç verirdilər. Bütün günü hekayələr nağıl edirdim, bu heç də asan deyildi, çünki oxuya bilmirsənsə, gərək uydurasan.
Əhsən, Kato, deyirdilər, necə də yaxşı oxuyursan.
Sonra kitabı örtürdüm, kürsüyə sərələnib südümü içirdim.
       Arxalarını mənə çevirib öz bissaplı(1) və tamarindalı(2) qədəhlərinə qayıdırdılar, aralarında söhbətləşir, məni unudurdular.
Onda ətrafa göz gəzdirir, kitabdakı nazik kartonu çıxarır, çevirir, baxırdım, karton isə arxa tərəfdən görünən bir qadının fotosu idi, başını qapqara saçlar bürümüş bir qadının. Bu mənə qalan yeganə şey idi, - mənim nişanım, onu vərəqlərin içində, sıx-sıx sözlərin arasında saxlayırdım.
       Südümü içir, sifəti görməkdən ötrü fotoşəkli çevirməyə davam edirdim. Ancaq nə qədər çevirsəm də, sifət geriyə dönmürdü, məlum məsələdir,  işlənmiş, gərəksiz sarı şəkil idi. Bəzən düşünürdüm ki, bu sima yəqin ki, bir vaxtlar orada olmuşdu, bəlkə də o, səhifələrdə sürtünməyin nəticəsində tükənmişdi. Bəlkə mənim anam bütün bu sözlərin altında əzilərək ölmüşdü.
Südümü içib qurtarandan sonra qalxıb gedirdim, həmişə beləcə, əlimdə kitab, gəzib dolaşmaq üçün çıxıb gedirdim. Bütün günlərimi alverlə dolu meydanda keçirirdim, Dakarın meydanını ovcumun içi kimi  tanıyırdım,  gedə - gedə dayanır, adamıarın mənə baxdığını görəndə, çevrilib divara işəyirdim. Meyvələri asanlıqla oğurlayırdım, bir belə adamın arasında bunu heç kim görmürdü və bəzən balığa getmək bəhanəsi ilə çay kənarındakı evlərə tərəf yollanır, bayırda sərilmiş ağları oğurlayıb, sonra bazarda yenidən satırdım.
       Gedəndə həmişə yaşıl jalüzlü evin yanından keçirdim və hər dəfə jalüzün arxasından kiminsə taxta cembe və keçi dərisindən olan təbil(3) çaldığını eşidirdim, mən onu səhər də, axşam da eşidirdim. Bəzən də bir gitaranın səsi gəlirdi. Sonra da gedirdim düz  futbol meydançasına, orada məni gözləyirdilər.

   

        İki

      Meydanda qapıda dayanırdım, oğlanların da arasında şəhərdə ən yaxşılarından idim. Mənim şəhərim Dakar idi, italyanlar və braziliyalılar kimi ən yaxşılarından olmaq istəyən futbolçular şəhəri, özü də bu şəhər başdan ayağa ancaq hücumçulardan, yalnız qol vurmaq arzusunda olan insanlardan ibarət idi. Hamısı da, sanki heç nə imiş kimi, dizi ilə, başı ilə, papayalarla və  manqolarla sənin üçün onlarca dribling göstərərdi, mən isə, bu gün taleyimə yazılmış zərbələri dəf etməkdən, bütün topların güclə soxulmaq istədiyi boşluğun qarşısını almaqdan  ötrü tək-tənha orada, qapıda dayanırdım. Qapıçı idim və qapıda tək-tənha dayanmaqdan qorxum yox idi, hətta əgər belə bir qorxu vardısa da bunu heç kim, heç vaxt duymamalı idi. 
      Vurulan zərbələrin hamısını qaytarırdım, gözləmədiyim, qəfil sıçrayan dəli  topları belə
ram edirdim. Onları havada tutmaq üçün göydə süzür, ya da tozun içərisində yaxalayırdım, quş kimi, dovşan kimi. Yalnız  həqiqətən də tora girməyə layiq,  ədalətli və zərif zərbələri buraxa bilərdim, o dərəcədə gözəl zərbələri  ki, onların qarşısını almağın özü belə  bir qədər yanlış olardı. Başqalarını isə qətiyyən, gözləsinlər...
       Bir dəfə günorta çağı yenə meydançaya yollandım və həmişəki kimi yaşıl jalüzlü evin qarşısından keçdim və bu yaşıl jalüzlü pəncərədən doqquz, on yaşlarında bir oğlan boylanırdı, dedi ki, adı Çakadır, soruşanda təsdiqlədi ki, o çalırdı. Yəni demək istəyirəm ki, cembedə, çünki gitarada kimsə bir başqası ifa edirdi. Onunla vidalaşıb meydançaya getdim, meydançada tez əynimi dəyişib, qapıda dayandım. Kitabı torun  içində yerə qoyub söykədim, əlcəklərimi geydim və artıq hazır idim.
      Bir-birinin ardınca, xoşagəlməz fikirlər tək ağır və güclü zərbələr yağmağa başlayırdı, bəzən əllərinlə topa toxununca, kiçicik bir nəvaziş bəs edirdi ki, topun istiqaməti dəyişsin. Bəzən isə, əksinə, top barmaqlarının arasından sürüşər, qətiyyən dayanmaq istəməzdi və sonra, komandan məğlub olanda, axır hesabda, bu yalnız sənin günahın olardı.
      Bu arada məşqçi uzaqdan mənə baxırdı, sonra tutqun bir görkəmlə yaxınlaşdı, ucaboy, qabırğalı adam olduğundan, bu cür baxışlarla yaxınlaşanda adamın canına vəlvələ düşürdü.Diqqətin yayınmışdısa, içində səni gəmirən nəsə vardısa, - dərhal hiss edəcəkdi. Heç nəyi gizlədə bilməyəcəkdin, adamları müzakirəsiz filansız gözlərindən oxuyurdu, müqavimət göstərmək istəyəndə isə, titrətmə tuturdun.
      -  Nə olub sənə Kato,  bu gün sənə nə olub?
      -  Heç nə.
      -  Onda oyan! Oyan görək! 


  
        Üç
     
      Məşqçimiz bizi sərt çalışdırırdı. Məşqlər uzun-uzadı və üzücü keçirdi, adamın canını alırdı. Xoşbəxtlikdən, sonra duş vardı, belə ki yuyuna da bilirdik. Soyunma otağında masaj edən olsa da, bu sadəcə təmizliyə baxan  Paki idı. Yaxşı oğlandı bu Paki, ancaq başındakı çarxların hamısı yerində deyildi. Həmişə fəlakətlərdən danışırdı, deyirdi ki, qarşıdakı illər müharibə və ölüm illəridir və yəqin ki, dünyanın axırı  çatıb. Bu arada o, gəzər, gəzər, sonra, dağları lərzəyə gətirəcəkmiş kimi, mədəsinin  havasını buraxardı. Bir, iki, üç və soyunma otağından parovoz kimi şütüyüb keçərdi. Ancaq o həmişə belə etmirdi, yox, yalnız bir qədər əsəbləşəndə belə olurdu.
        Sonra biz duş qəbul edir, isti suyun altında bir qədər yüngülləşirdik və duşdan sonra daha heç kimin oğurluğa getməyə gücü qalmazdı, heç kim bir daha bu işlə məşğul olmaq istəməzdi, sanki birdəfəlik.
        Bəzən kimsə deyirdi ki, gəlin, çaya gedək,- hə, - və hamımız birlikdə ora yollanırdıq. Başlar yaş, gözlər sabundan qıpqırmızı, pillələrlə düşür, fit çala-çala, tüpürə-tüpürə gedirdik. Ancaq çaya çatanda ətrafa sakitlik çökürdü. Sahildə əyləşirdik, mən kitabı altıma qoyub otururdum, çay özünün füsunkar şırıltısı ilə axırdı, səni tanıyır, səni çağırırdı.
       Bir dəfə yerimdən qalxıb, əllərim cibimdə, yalın ayaqlarım da  tozun içində, tək-tənha yola düzəldim, tozu təpikləyirdim.
         Bir qız keçdi.
         Qəşəng  idi, arıq, güllü paltarda.
    Uzaqlaşıb, mağazaların arxasında, təpəliklə çayın arasındakı yola tərəf üz tutdu. Birdən çevrilib arxaya baxacağından  ehtiyat etsəm də, dalınca düşdüm, çünki çevrilsəydi nə söyləyəcəyimi bilmirdim, yəni demək istəyirəm ki, birdən əgər dayansaydı. Addımlarını yavaşıtdı, qayğılı görünürdü, baxmaqdan ötrü çevrildi, onu izlədiyimi görmüşdü. Yerişini sürətləndirdi, sanki qaçmağa başlamışdı, mağazaların arxasında gözdən itdi və daha onu görmədim.
      Onda kitabımı götürüb, hekayələr söyləmək üçün bara getdim və oradakılar gəldiyimi görən kimi məni qızışdırmağa başladılar,- hə Kato, hə, - danışarkən açıq kitaba baxdığıma görə elə bilirdilər ki, həqiqətən də oxuyuram, söylədiklərimdən riqqətə gəlir, mənə biskvit və çörək uzadır, isti xörək, içməyə bir şey verirdilər.
       Beləcə, axşam evə qarnı tox döndüm, ancaq əvvəlcə yaşıl jalüzlü evin qarşısından keçdim, hətta küləyin qalxmasına baxmayaraq, sanki öz aralarında deyişən kora(4) ilə gitaranın ürəyimə yatan səsi gəlirdi. Qulaq asmaqdan ötrü bir qədər ayaq saxladım, sonra kartondan və  dəmirdən olan evimizin  lamier(5) hasarı arxasındakı  çay sahilinə qayıtdım.

_____________________________
(1) Cin qızıl gülü ləçəklərindən hazırlanan içki
(2) Eyni adlı bitkidən çəkilən içki
(3) Milli Afrika təbili
(4) Milli musiqi aləti
(5) Ucuz dəmir lay


Ardı var...


  İtalyan dilindən
  tərcümə edən
  Cəmşid Cəmşidov

Yenililklər
01.12.21
“Aşıq sənətinin Ələsgər zirvəsi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib
27.11.21
Kənan Hacı - Yazı sənətinin tarixi
24.11.21
Təranə Vahidin “Qarışqa təqvimi” çap olunub
23.11.21
Muni Vitçer - Altıncı Ayın qızı Nina    
23.11.21
İlk dəfə olaraq “Arı” və “Mirat” satirik jurnalları transfoneliterasiya edilərək yeni əlifbada toplu halında nəşr edilib
22.11.21
Cəmşid Cəmşidovun tərcüməsində Muni Vitçerin əsəri çap olundu
22.11.21
Turan Yazqan: Türk dünyasının səsi
17.11.21
“Nizami Gəncəvi sözünün orbitində” kitabının təqdimatı keçirilib
17.11.21
Türkiyənin məşhur şairi Sezai Karakoç vəfat edib
17.11.21
“Nizami Gəncəviyə məktub” beynəlxalq esse müsabiqəsi elan olunur
17.11.21
Elçin Hüseynbəylinin “Vida” romanı çap olunub
17.11.21
BAFTA qısa filmləri Bakıda nümayiş olunacaq
11.11.21
“Nizami Gəncəvinin poetik portreti” kitabı nəşr olunub
11.11.21
“Şərq irsi” adlı Beynəlxalq Müasir İncəsənət Sərgisi açılacaq
08.11.21
Kənan Hacı - Ekspress qatarında eksperimental mozaika
08.11.21
Fəxri Uğurlu - Klassikanı diri saxlamaq
08.11.21
"Şuşa" sənədli filminin təqdimatı olub
08.11.21
4+4: rəqəmsal namə
08.11.21
İsfar Sarabski Parisdə iki gün konsert verib
05.11.21
“Hədəf Nəşləri”nin təsisçisi Şəmil Sadiqin ƏDV ilə bağlı müzakirələrə əlavə və dəyişiklərlə bağlı təklifləri
05.11.21
Kənan Hacı - Yazıçılarımız nəyi bacarmır?
04.11.21
Qələbə ilə bitən ilk roman
04.11.21
Ədəbiyyat İnstitutunda Məhəmməd İqbalın “Seçilmiş əsərləri”nin təqdimatı keçirilib
04.11.21
Azad Qaradərəli - Qara sevda
03.11.21
"Qarabağın qara kitabı" və "Qarabağ - qələbəyə doğru" kitablarının təqdimat mərasimi keçirilib
03.11.21
Kənan Hacının “Hakimə açılan atəş” romanı oxucularıın böyük marağına səbəb olub
02.11.21
“Şuşa, sən azadsan!” və “Biz” filmləri təqdim olunacaq
02.11.21
Rusiyanın Tretyakov Qalereyasında Tahir Salahovun sərgisi açılıb
02.11.21
Şamaxıda Yaradıcılıq Mərkəzi istifadəyə verilib
01.11.21
Altı əsr yaşı olan xalça 5,4 milyon dollara satışa çıxarılacaq
01.11.21
Nizami Kino Mərkəzində “Fulya” sənədli filminin premyerası olub
01.11.21
Zahid Sarıtorpağın İranda kitabı çap olunub
01.11.21
Vidadi Babanlının "Sabaha ismarıc" adlı romanı çap olunub
01.11.21
Poetik diktatura - Firuz Mustafa yazır
26.10.21
Çempion idmançı, istedadlı aktyor və doktorant
25.10.21
Azad Qaradərəli -  Zəngəzur ağacları
24.10.21
I Sumqayıt Kitab Sərgisi keçiriləcək
22.10.21
Kənan Hacı: “Güclü xarakterə malik insan haqqında yazmaq ikiqat çətindir” - Müsahibə
21.10.21
"Cəbrayıl əfsanəsi"nin təqdimat mərasimi olacaq
20.10.21
Türkiyədə təşkil olunan Beynəlxalq Şeir və Ədəbiyyat Festivalında ölkəmiz də təmsil olunur
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.