“Mədəniyyət.az” jurnalının növbəti nömrəsi çapdan çıxıb.
04.10.18
Jurnalın yeni nömrəsi “Mədəniyyət hər bir xalqın mənəvi dünyasının, milli mövcudluğunun əsas atributlarından biridir” sərlövhəli məqalə ilə açılır. Məqalədə ulu öndər Heydər Əliyevin mədəniyyət xadimlərinə, ümumiyyətlə, bu sahəyə göstərdiyi qayğıdan bəhs edilir.
Həmişə olduğu kimi, nəşrin bu nömrəsində də milli mətbuatımızın şanlı tarixinə nəzər salınır, millətin maariflənməsi yolunda böyük rola malik Azərbaycan jurnalistikasının yaradıcıları xatırlanır. Həsən bəy Zərdabinin həyat fəaliyyətindən bəhs edən “Azərbaycan ictimai fikrinin məşəli”, eləcə də “Mütəllibzadə qardaşları və Azərbaycan uşaq mətbuatı” yazıları bu qəbildəndir.
“Mədəniyyət.az” jurnalı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə xüsusi buraxılış hazırlasa da, Şərqdə ilk demokratik respublika ilə bağlı araşdırmalar mütəmadi şəkildə təqdim olunur. Sənətşünaslıq üzrə elmlər doktoru, professor Fərəh Əliyevanın yazısı Üzeyir Hacıbəylinin Cümhuriyyət dövrü musiqi yaradıcılığı barədədir.
Sərhədləri yaxınlaşdıran “sərhədsiz teatr” reportajında Şəkidə keçirilən “Üç məkan” Beynəlxalq Teatr Festivalına, bu musiqi bayramında iştirak etmiş dünya şöhrətli sənətkarların sənət və vətənimiz haqqında təəssüratlarına yer ayrılır.
“Bu kino ki var...” rubrikasında Elşad Ərşadoğlunun “Avtoportret” ssenarisi, “Anım” bölümündə isə Dilqəm Əhmədin “Azadlıq təşnəsi” essesi oxucuların diqqətini çəkəcək.
Oxucular jurnalda TÜRKSOY tərəfindən 2018-ci il üçün türk dünyasının mədəniyyət paytaxtı elan olunmuş Türkiyənin Kastamonu şəhərinə səfər və “Qoruqlar – ekoloji və mədəni turizmin vəhdəti” mövzusunda maraqlı qeydlərlə tanış ola biləcəklər.
“Elm” rubrikasında isə gənc və bacarıqlı magistr, aspirant, dissertant və alimlərimizin elmi axtarışlarının nəticələri öz əksini tapıb.
|