Kukla Teatrı Rusiyada keçiriləcək beynəlxalq festivalda iştirak edəcək
04.10.18
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı Rusiyada keçiriləcək beynəlxalq festivalda iştirak edəcək.
Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının icrası və teatrın beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi məqsədilə teatr təmsilçiləri oktyabrın 5-dən 14-dək Moskva şəhərində keçiriləcək S.V.Obraztsov adına IX Beynəlxalq Kukla Teatrları Festivalına qatılacaq.
Tədbirə teatrın direktoru Rəşad Əhmədzadənin rəhbərliyi ilə gedəcək kollektiv orada “Ağ və qara” tamaşası ilə çıxış edəcək. Bu səhnə əsəri Kukla Teatrının repertuardakı seçkin tamaşalardan biridir və dəfələrlə beynəlxalq festivallara qatılaraq mükafatlara layiq görülüb.
Tamaşanın səhnələşdirəni və quruluşçu rejissoru Kamran Şahmərdan, quruluşçu rəssamı Tatyana Melnikovadır. Böyüklər üçün nəzərdə tutulan birhissəli tamaşada rolları Rauf Babayev, Rəhim Rəhimov, Lina Məmmədova, İqbal Əliyev, Cavid İbrahimov və başqaları ifa edirlər.
Qeyd edək ki, tədbir MDB ölkələrinin "Mədəniyyət İli" çərçivəsində təşkil olunur. V.Obraztsov adına Rusiya Dövlət Akademik Mərkəzi Kukla Teatrında keçirilən bu ənənəvi festival çox məşhurdur və onun proqramına ən məşhur teatrların yüksək peşəkarlıqla hazırlanan səhnə işləri daxil edilir. Bu dəfə 7 ölkədən 17-dən çox teatr kollektivinin iştirak edəcəyi tədbir sırf tamaşaların nümayiş və mükafatlandırılması ilə yekunlaşmayacaq. Belə ki, festival çərçivəsində Rusiya və digər ölkələrin məşhur teatr mütəxəssisləri, kuklaçı və teatrşünaslarının iştirakı ilə dəyirmi masalar və ustad dərsləri də təşkil olunacaq.
|