Vaqif Sultanlının “Ölüm yuxusu” kitabı Moskvada nəşr olunub
01.10.18
Bu günlərdə yazıçı-ədəbiyyatşünas Vaqif Sultanlının “Ölüm yuxusu” (“Сон забвения”) adlı kitabı Moskvada nəşr olunub. Nəfis şəkildə “Mısl” nəşriyyatında çap olunan kitaba müəllifin eyniadlı povesti, son dövrlərdə qələmə aldığı iki hekayəsi daxil edilib. Povest və hekayələri rus dilinə Cavid Abbaslı çevirib.
Müəllifin rusdilli oxucularına təqdim olunan ilk kitabıdır. Bundan öncə, yazıçının “İnsan dənizi” romanı, ayrı-ayrı hekayələri Rusiya, Ukrayna və Belarusun müxtəlif ədəbi dərgilərində, habelə Avropa və Amerikanın rusdilli mühacirət mətbuatında dərc olunub.
Yazıçının şərti-metaforik üslubda qələmə alınmış “Ölüm yuxusu” povestində kənd qəbiristanlığının köçürülməsi fonunda cəmiyyətdə baş verən mənəvi-əxlaqi problemlər bədii mənzərəsini tapıb. Kitaba daxil edilmiş “Külq qəfəs” və “Zolaqlı yuva” hekayələri isə özünəməxsus yazı tərzi ilə seçilir.
Kitaba ön sözün müəllifi Azərbaycan mühacirət irsi ilə bağlı bir çox araşdırmaların müəllifi, professor Salavat İshakov, redaktoru isə İnessa Lovkovadır. /Azərtac/
|