Tanınmış azərbaycanlı rejissor vəfat etdi
27.09.18
İran kinosu və televiziyasının tanınmış rejissoru və xüsusilə İran Azərbaycanında türk dilində nümayiş etdirilən Saray və Dəli Dümrül filmləri ilə tanınan Yədulla Səmədi sentyabrın 25-də vəfat edib.
Ann.az "Amerikanın Səsi"nə istinadən xəbər verir ki, 66 il əvvəl İran Azərbaycanının qədim şəhəri Marağada dünyaya gələn Yədulla Səmədinin çəkdiyi bir çox kino-filmin mövzusu türk dili və mədəniyyəti, həmçinin Azərbaycan vilayətlərində baş verən olaylara həsr edilib.
Rejissorun 1986-cı ildə çəkdiyi ‘Avtobus’ kinofilmi o dövrün ən çox satılan filmlərindən olub. İran Azərbaycanının kəndlərində iki tayfa arasındakı qarşıdurmanı təsvir edən Avtobus filminin hekayəsi əslində Səfəvilər dönəmindən bəri davam edən "Heydəri-Neməti” münaqişəsinin bir təmsilidir.
Avtobus filmindən 3 il sonra çəkilən ‘Savalan’ filminin hekayəsi də İran Azərbaycanında baş verən olaylara dayanır. Filmin baş qəhrəmanı Koroğlu Savalan kəndinin əhalisini basqınçıların hücumundan qoruyur.
Urmiyə Aşıq Məktəbinin iki böyük ustadı Aşıq Dərviş və Aşıq Yusuf Ohanes müvafiq olaraq ‘Avtobus’ və ‘Savalan’ filmlərində rol alıb və mahnı ifa ediblər.
Rejissorun 1994 və 1997-ci illərində çəkdiyi ‘Dəli Dümrül’ və ‘Saray’ filmləri İran Azərbaycanında türk dilində, ölkənin digər bölgələrində isə fars dilində nümayiş olunub.
Saray’ filminin musiqisini məşhur genyli sənətkar Aşıq Çəngiz Mehdipur bəstələyib.
Mərhum Səmədinin rejissoru olduğu ‘Təkəmçi’ adlı televiziya filmi isə İranda türk kimliyinin aşağılanması və türklərin paytaxt Tehranda lağa qoyulmasını təsvir edir.
Yədulla Səmədinin digər əsərlərinin böyük qismi komediya filmlərindən ibarətdir. O həmçinin İslam İnqilabı və İran-İraq müharibəsi mövzusunda filmlər çəkib.
|