Mərahim Nəsib - Təsəvvüf insanlığa nə vəd edir?
25.09.18
Hər zaman olduğu kimi təsəvvüf bu gün də İslamın yayılmasında ən əhəmiyyətli rolu oymağa davam edir. Yaxşı, təsəvvüfə olan bu maraq necə qaynaqlanır, haradan meydana gəlir? İnsanlar nə üçün bu mənəviyyat yoluna doğru dayanmadan addım atırlar? Təsəvvüf insanların həyatında necə bir mühim vəzifə daşıyır? Bu gün həyatımıza nə qata bilir? Daha da sadə bir şəkildə desək, təsəvvüfün hər cür rifah və maddi imkana sahib olan modern insana təqdim edə biləcəyi nə ola bilər?
İslam dininin ən gözəl və incə ifadəsi olan təsəvvüf, əsrlər boyu insanlığa imanın, ixlasın və təqvanın ləzzətini daddırmış; onların kamil insanlar olmasını təmin etmişdir. Düzgünlük və əxlaq yolu olan təsəvvüf eyni zamanda İslam kültür və mədəniyyətinin inkişaf etməsinə və yayılmasına çox böyük təsir göstərmişdir. Təssəvvüf düşüncəsini və təkkə ənənəsini sıradan çıxardaraq İslam tarixindən bəhrələnmək mümkün deyildir.
Təsəvvüfün insan təbiətində rolu böyükdür. İstər kasıbçılığın, istərdə də zəngiliyin əhatəsində olsun, təsəvvüfün dəvət etdiyi əxlaq və ürfan yolunun bütün insanlara bəxş etdiyi saysız-hesabsız nemətlər vardır. Çünki təsəvvüfün təməl qayəsi olan mənəvi tərbiyə, insanın varlığını tamalayaraq onun daxilindəki cövhəri üzə çıxardır. Bu mənəvi tərbiyədən uzaqlaşan insan həqiqət mərtəbəsini fəth edə bilməyərək bəşər mərtəbəsinin pillərində qalır.
Təsəvvüfün cazibəsi və cəzb etmə qüvvəsi, onun əsil təsvirindən və missiyasından qaynaqlanır. Çünki təsəvvüfün məqsədi insanın yaradılışının əsas mahiyyətinə uyğun bir həyat sürməsidir. İnsan zahirən maddi, daxilən isə mənəvi varlıqdır və bu səbəbdən də ağıl və ruh insanın əsasını təşkil edir. Ona görə də ağlı, əxlaqı və mənəvi keyfiyyətləri olmayan insan, ancaq bəşəriyyətin adi bir parçası ola bilər. Yəni heyvani xüsusiyyətlərdən xilas ola bilməyən, əsil varlığın aşağı pillələrində qalmış bir varlıq ola bilər.
Ağlını və ruhunu həvəs və istəklərinə qurban verən bir insan məxluqatın əşrəfi ola bilməz. O ancaq varlığın alçaq mərtəbələrində özünə yer tapa bilər. Halbuki insanın yer üzündəki məqsədi, heyvani xüsusiyyətlərdən xilas olaraq varlıq aləmində özünə aid olduğu məqama çatmaqdır.
Bu o deməkdir ki, təsəvüf insana mənəvi tərəfdən yaxınlaşır. Onun əxlaqi və mənəvi tərəflərini inkişaf etdirməyi özünə hədəf seçir. Onu bəşəriyyətdən insan məqamına, adi bir insan olmaqdan kamil insan mərtəbəsinə qaldırmağa çalışır. Təsəvvüf bu məsələlərdə insanın fitrətini nəzərə alır. Hər fərdin fərqli olduğunu bilir və hər bir nəfs, hər bir ruh ilə ayrı-ayrı maraqlanır.
|