Ceylan Mumoğlunun “Qurbağa öpüşü” təqdim edildi
24.09.18
Sentyabrın 23-ü "BookZone" Kitab evində Parafraz Nəşrlərinin ilk kitabı, Ceylan Mumoğlunun "Qurbağa öpüşü" hekayələr toplusunun təqdimatı keçirilib.
Parafraz-ın məlumatına görə, çoxsaylı oxucular, media nümayəndələri, eləcə də ədəbiyyat adamlarının iştirak etdiyi tədbiri Parafraz Nəşrlərinin rəhbəri, yazıçı, jurnalist Cavid Qədir açaraq yeni yaranan qurumun hədəfləri haqqında danışıb. Bildirib ki, Parafraz Nəşrlərinin əsas məqsədi kitab industriyasını canlandırmaq, oxucuları keyfiyyətli tərcümə və çap materialları ilə təmin etmək, gənc qələm sahiblərinə dəstək olmaqdır.
C.Qədir çıxışında qurumun planlarından da söz açıb, noyabrda çap olunacaq ikinci kitabın anonsunu verib.
Ceylan Mumoğlunun yaradıcılığı haqqında geniş danışan yazıçı qeyd edib ki, onun timsalında Azərbaycan ədəbiyyatı qadın ədiblər arasında özünıməxsus dəsti-xətti ilə seçilən qələm adamı qazanıb.
Təqdimatda həmçinin "Kitabsevərlər" hərəkatının rəhbərlərindən Səbuhi Şahmursoy, Fariz Bayramov, yazıçılar Dalğa Xatınoğlu, Ülviyyə Tahir, psixoloq Kamil Həmidov, "Erməni zindanında səkkiz gün" kitabının müəllifi, Xocalı faciəsinin şahidlərindən olan Dürdanə Ağayeva, "Qurbağa öpüşü" kitabının korrektoru Rəna İsayevə çıxış edərək Ceylan Mumoğlu və Parafraz Nəşrlərinə uğur arzulayıblar. Hazırkı vəziyyətdə kitab bazarına yeni nəfəsin gətirilməsinin vacibliyini vurğulayıblar.
Tədbir çıxışlarla davam edib.
|