Vaqif Bayatlı Odərdən "Bəy Atlı Şeirlər"
24.09.18
Gürcüstanın və Türkiyənin ən yüksək ədəbi mükafatlarını almış Vaqif Bayatlı Odərin yeni “Bəy Atlı Şeirlər” kitabı gəlir. Şeirlər türk dünyasının ünlü və rəngə amansız rəssamı Məzahir Avşarın əsərləriylə yan-yana, can cana.
İlahi! Tanrım! Bu dağları bir zamanlar göyüzünün son qatından aşağıya çəkdiyintək sən qalxan göyləri də bircə anlığa görməkçün bu göyü də aşağı çək.
O Ruhunur, İlahinur qalxan göylər
Tanrım! İlahi! Bu göyləri bir zamanlar göyüzünün son qatından aşağıya çəkdiyintək söz qalxan göyləri də bircə anlığa görməkçün son göyü də aşağı çək.
Sözün insan şeirindən Tanrı Şeirinə aşdığı an
Döz, döz, Sözsüz uçmayan, Uçmağa hər an, hər zaman Söz istəyən qanadım, döz, Söz insan göyündən yox, Tanrı göyündən qanadlanar, İnsan göyündən Tanrı göyünə Aşdığı andan da Söz Göyüzü adlanar.
Cəhənnəmdə də haqq arayanlarçün odərlər nəğməsi
Dünya, dünya, biz də varıq, bizi də Tanrı yaradıb, lap elə cəhənnəmdə də haqq ararıq, eşq ararıq, çox da ki, ayaqyalınıq, ancaq özümüzü heç vaxt ayaqyalın saymırıq, baxın, ayaq dərimiz ayaqlarımızda çarıq, yeyilir, çarıq azalır, demək biz varıq, azalır.
Çox ucalardan dönürük, salavat çevirən əltək göyün üzündən enirik, günəş bizimlə qalanır, yanıb günəşə dönürük, hər an, hər an sevinirik, yanımızda bir-birinə sarılan dostlar, doğmalar, yaramızda, canımızda yanan dost qucağından sarılan sarıq azalır, Daha da bərk qucun, dostlar! Biz yandıqca, artır işıq, baxın qaranlıq sozalır, demək, biz varıq, azalır,
Azərbaycan, sən məni hamıdan dəli, hamıdan suçlu, hamıdan güclü edəli
Sən Allahın ən sevimli, ən dəli qızı Eşq sözütək, sən Eşqin hər an yenidən Allaha bir an öncəkindən daha gözəl, daha çiçək görünən üzütək.
Sən balaca, körpə suların yumru-yumru axmağıtək, o yumruların yumrulanıb, açılıb, hər an bir daha, bir daha göyə, Allaha körpə su sevgisiylə baxmağıtək,
Sağ ol, mənim dəlidən də dəli yurdum, nə ayağın altındakı yumru torpağa, nə başın üstündəki yumru göyə, məndən başqa bir kimsəyə aman vermədin sənə dəli deməyə, sağ ol, mənim ağıllıdan ağıllı, dəlidən dəli, eşqdən də eşqli yurdum, ağlamalıdan ağlamalı, gülməlidən gülməli yurdum. Çünki mən səni elə sevdim, elə sevdim bu dünyada bir kimsəyə nə dəlilik, nə ağıl, nə də eşq qaldı sevməyə, sən beləcə, məni bu dünyada hamıdan çox sevməkdə suçlu etdin hər an, həm də hamını hamıya sevdirməkdə də hamıdan dəli, hamıdan gülməli, hamıdan güclü etdin, Azərbaycan.
Tək bir dərəsiz, dağsız da Vətən yarım vətən demək
İllərdi Qarabağ sözünə, həm də dopdoğmaca Vətənimizi qoruyan dopdoğmaca əsgərlərimizə, əsgərlərimizin canındakı muğama, cəngiyə tez-tez baş çəkən Aqil Abbasa
Sən hələ sağsan, hələ sağsan, bəylər bəyi a tar, mən elə bilirdim, Sən də o zaman Şuşada həlak olmusan?! Deyirlər, bizimkilər çəkiləndən sonra Şuşanı qorumağa qalxan onlarla tar hamısı orada döyüşüb həlak olublar, düşmən hələ də qorxuyla yollara baxır, həm də onlar bizim qayıtmağımızdan çox, Tarın qayıtmağından qorxur
Sən də, sən də hələ sağsan, sevgililər sevgilisi, aşiqlər aşiqi, dəlilər dəlisi sultanım saz? Mən elə bilirdim, sən də Şuşada şəhid olmusan, səni döyüşlərdə neçə yerdə şəhid olan, bütün şəhid ruhlarımıztək elə vurulan an yenidən qalxıb döyüşə atılan görüblər, qardaşım saz, hər an, hər zaman yenidən qılınctək sıyrıl, eşqtək şahlan.
Tək Qarabağsız yox, bir dərəsiz, dağsız da Vətən yarım vətən demək, əsgərləri yarım əsgər, generalları yarım general, hətta çiçəkləri yarım çiçək demək, ey əlli milyonun göy, qırmızı, yaşıl qanı bayraq, hər an göyünə, qırmızına, yaşılına yaraşan bayraqlar bayrağı əsgər doğ bizə, qanadlan, tək göydə yox, həm də qanımızda aç, uç, aç, uç, damarlarımızda bütöv Azərbaycan doğ, elə o tay, bu tay, Xəzər qarışıq Azərbaycan - Xəzərbəycan doğ.
525.az
|