Elçin Hüseynbəyli - Ömrü kəpənək qədər oldu...
18.09.18
Yay tətilindən sonra ilk yazımı kədərli bir hadisəylə başlamalı oldum, dostlar.
Media izləyicilərinin xəbəri var. İstedadlı gənc yazarımız, gözəl və lətafətli xanım Nigar İsmayılqızını itirdik.
Onun ölüm xəbərini mənə Mirmehdi Ağaoğlu verdi və xahiş elədi ki, işlədiyi sayt üçün Nigar haqqında bir neçə kəlmə yazım. Mən qanı qanımdan, canı canımdan olmayan bir neçə adamın vəfatından sarsılmışam. Onlardan biri də (Tanrıya tapınaq ki, sonuncu olsun!) Nigar İsmayılqızıdır.
Mirmehdiyə Nigar barədə bunları yazıb göndərdim: "Nigar İsmayılqızı mənimçün, həm də elə onu sevənlər üçün bir Günəş idi: parladı və söndü. Hər nəydisə bizdən getdi. Mən onun iki kitabının redaktoru, bir kitabının ön sözünün müəllifi olmuşam.
Vətən, Qarabağ düşüncəsi, türk-azərbaycan birliyi onun fəaliyyətinin əsasıydı.
Həyatsevəriydi. Birgə planlarımız vardı.
O, vətən üçün çox işlər görərdi, amma ömrü kəpənək qədər oldu.
Biz özümüz də kəpənəyik!
Görüşənədək, dost!!!"
Onunla ilk tanışlığımı xatırlamıram. Bir gecə qəfil mesajıyla özü yadıma saldı. "Sevən ürək" logini altında təxminən belə yazmışdı: "Salam, Eçin müəllim. Mən indi İstanbuldayam. Öncələr televiziyada işləyirdim və sizdən də bir neçə dəfə müsahibə almışam. Sizə bir neçə yazı göndərirəm. Əgər onları bəyənsəniz, istərdim ki, kitabımın redaktoru olasınız... Hörmətlə, Nigar İsmayılqızı." Hətta şəklini də göndərmişdi ki, onu tanıya bilim.
Çox intizamlı, səliqə-səhmanlı, sədaqətli bir insan idi.
Mən onun yazılraını oxudum və gördüm ki, bu gənc, doğrudan da istedadlıdır: özünəməxsus təhkiyəsi, gözəl müşahidə qabliyyəti və vizuallığı var. Xarakterlər və situasiyalar yarada bilir. Mən onun kitabının redaktoru oldum, "Sevən ürəyin gecə zəngi..." adlı ön söz də yazdım.
Sonralar onun "Savaşçı" adlı kitabının redaktoru və Atatürk Mərkəzində aparıcısı oldum. "Pamukun qonşusu", "İstanbuldan Bakıyacan və dönüş" adlı kitabının da moderatorluğunu elədim.
Mənim zəmanətimlə Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul edildi, bir illik prezident təqaüdünə layiq görüldü...
Şükranlığı yerlə-göyə qədər idi. Sevinirdi...
O, aprel döyüşlərinin şəhidi, nakam qəhrəmanımız Əbdülməcid Axundov haqqında "Ölsəm... yaşat" adlı sənədli filmini də böyük ürək və zövqlə çəkdi. Filmin təqdimatında ilk söz mənə verildi, amma elə kövrəlmişdim ki, bir kəlmə də deyə bilmədim. Nigar sonralar öz statusunda bu barədə kövrək sözlər yazmışdı.
Bayaq dedyim kimi, onun çoxlu planları və arzuları vardı. Təxminən üç ay qabaqkı görüşümüzdə onlar barədə mənə danışdı. Təklif etdi ki, onunla birgə Türkiyədə bir film çəkək, həyat yoldaşımla məni Türkiyə telekanallarından birində gedən verilişə dəvət etmək istəyirdi...
Və qəfildən bu zəhrimar, lənətə gəlmiş xəstəlik. Hər şey elə sürətlə baş verdi ki...
Mən hələ bir neçə il öncə onun kitabına ön söz yazanda bu sətirləri qələmə alacağıma inana bilməzdim. Amma həyat həyatdır, dünya vəfasızdır.
Biz həm də bizi tərk eləyən insanlar üçün yaşayırıq. Çünki nə qədər sağıq onları xatırlayırıq və xatılayırıqsa, deməli, onlar da bizim yanımızda, qəlbimizdədirlər.
Əzəl-axır hamımız eyni məkana gedəcəyik. Amma gənclərin ölümünə ona görə ağlayırıq ki, onları bu dünyada sevənlər daha çoxdu. Orda onları gözləyənlər azdı.
Allah Nigar İsmayılqızına və dünyadan gənc köçənlərin hamısına rəhm eləsin. Tanrı o dünyalarını versin!
Amin!!!
16 sentyabr, 2018
/olaylar.az/
|