Azərbaycan klassik ədəbiyyatına aid olan bir neçə əlyazma Bakıya gətirilib
10.09.18
"Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan şöbəsi olaraq 10 ildir ki, güneyli-quzeyli şair-yazarların arasında körpü olmağa çalışmışıq. Onlarla kitab çap etmişik. Klassik ədəbiyyatımızın təbliğı və araşdırması ilə bərabər bir çox yeni nəsil şair-yazıçıları Quzey Azərbaycan ədəbi mühitinə təqdim etmişik."
Bu barədə öz şair, Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan şöbəsinin rəhbəri Sayman Aruz məlumat verib: Keçirtdiyimiz bu 10 ildə çoxlu uğur və nailiyyətlər əldə etsək də bu bizi tutduğumuz müqəddəs yolda əzm və sürətlə hərəkətimizə maneə olmadı. Şəxsi keyfiyyətlərindən asılı olmayaraq Azərbaycan ədəbiyyatına təqdim etdiyimiz yeni nəslin nümayəndələrini bir kənara qoysaq, ədəbi mühitə təqdim etdiyimiz klassik nümunələrin demək olar ki, hamısı alimlərimiz tərəfindən yüksək səviyyədə qarşılanıb. İndi isə yeni iş sezonuna ədəbi mühitdə sensasiya yarada biləcək bir xəbərlə başlamaq istəyirəm. Göstərdiyimiz səylər nəticəsində Azərbaycan klassik ədəbiyyatına aid olan bir neçə əlyazma kitabı İran milli arxivindən çıxararaq Azərbaycana gətirmişik. Həmin kitablara daxildir: İmadəddin Nəsiminin Türkcə divanı, Qovsi Təbrizinin divanı, Əlişir Nəvainin divanı, Füzulinin "Həqiqətüs-süəda" əsəri, "Qiyamətnamə", "Məclisi-kəşkul", "Bayquşnamə", "Müqəddəmətül-ədəb" və "Dəri-Türki" sözlük kitablarıdır. Xatırladaq ki, həmin kitablar ilk dəfədir ki, Azərbaycana gəlib. Arzu edirik ki, dünyanın müxtəlif guşələrinə səpələnmiş əlyazma kitablarımızın hamısını nə yolla olursa-olsun doğma vətənimizə gətirmək imkanı yaransın.
|