Etibar Kərimli: "Ş.Ağayarın romanı istər ideya-məzmun, istər forma, istərsə də dil baxımından orijinal əsər deyil"

05.09.18

Avanqard.net Etibar Kərimlinin "Arzulardan sonrakı şəhər, yaxud xəyallardan əvvəlki vəziyyət” adlı məqaləsini təqdim edir:

Həmişə məzuniyyət dövründə müasir Azərbaycan ədəbiyyatının ən son nümunələrindən heç olmasa birini mütləq oxuyur, təhlil edib qiymət verirəm. Bu il də Ş.Ağayarın 2017-ci ildə nəşr olunmuş "Arzulardan sonrakı şəhər” romanını mütaliə etdim. Zatən müəllifin özü və yaradıcılığı haqqında bu vaxtadək bir çox tərifli sözlər eşitmişdim, onlardan bəzilərini kitabın arxa üzündə oxumaq imkanım da oldu. Romanı "nəinki müəllifin öz yaradıcılığı, hətta müstəqillik dövrü nəsrimizin ən qiymətli əsərlərindən biri” kimi dəyərləndirənlərin fikirlərini oxuyandan sonra bir anlıq xəyal etdim ki, bəlkə həqiqətən müstəqillik dövrü ədəbiyyatımız yeni böyük yazıçısını yetişdirib, mənim xəbərim yoxdur, fəqət... kitabı oxuyub elə bir xəyal qırıqlığına uğradım ki, səbəblərini sizlərlə bölüşmək qərarına gəldim. Bəri başdan deyim ki, roman istər ideya-məzmun, istər forma, istərsə də dil baxımından orijinal əsər deyil. Hər üç komponenti daha konkret nəzərdən keçirsək, bir sıra ciddi qüsurlar oraya çıxır. Əsər iki fərqli dövrə aid hadisələri – yaxın keçmişimizə, yəni Qarabağ döyüşlərinin başladığı dövrü, digər tərədən uzaq keçmişi, Misir fironları dövrünü əks etdirir. Kompozisiya baxımından, bu cür quruluş istər milli ədəbiyyatımızda (məsələn, Y.Səmədoğlu), istərsə də dünya ədəbiyyatında (Ç.Aytmatovun "Əsrə bərabər gün” romanı) geniş istifadə olunub, yəni əsər hər hansı yenilikdən uzaqdır. Hər iki tarixi dövrün bir-biri ilə əlaqələnməsi demək olar çox zəif işlənmişdir. Belə ki, "ağızları məftillə bağlanmış çəhrayı atlar” motivi qədim dövrdən mexaniki şəkildə müasir dövrün əsas obrazı olan Həsənin yuxusuna köçürülmüşdür və funksiyasının nədən ibarət olması anlaşılmır, obrazda gah müsbət, gah da mənfi səciyyəli təəssüratlar yaradır. Halbuki, əsərdən məlum olur ki, qədim dövrdə məhz bu hadisədən sonra (atların ağızlarının bağlanması) iki qəbilə arasında savaş başlanmışdır və belə motiv müasir dövrdə özünü göstərmir. Müəllif sanki əsərin bu qüsurunu öncədən hiss etdiyinə görə, yeri gəldi-gəlmədi müxtəlif yerlərdə "çəhrayı at” simvolundan istifadə etməyə çalışır, onu gah köhnə Moskviçin əzilmiş yerinə, gah da suvağı tökülmüş divara "yapışdırmağa” çalışır... fəqət bütün bunlar yamaq kimi görünür, çünki konkret heç nəyə xidmət etmir, sona çatdırılmır. Tarixi dövrlə bağlı bir çox irili-xırdalı nöqsanları da bura əlavə etsək, heç də xoş olmayan mənzərəyə şahid oluruq. Əsəri oxuyarkən, tez-tez özümə verdiyim suallardan biri də bu idi: görəsən, müəllif əks etdirməyə çalışdığı dövrü kifayət qədər öyrənmişmi? Mətndən aydın şəkildə görünür ki, yox. Qədim Misir mifologiyası dövrümüzə qədər kifayət qədər dolğun şəkildə gəlib çatmış ən zəngin mifologiyalardan biridir. Nə yazıq ki, tamamlanmış allahlar panteonuna malik bu mifologiya əsərdə çox bəsit və təhrif olunmuş şəkildə əksini tapmışdır. Tək Osiris, Ra, Horus kimi allahların adlarını çəkməklə işi bitmiş hesab etmək olmaz...  romanda Nil çayı ilə guya "firon dini” olan hamı tərəfindən qəbul edilən allahlar panteonu qarşı-qarşıya qoyulur ki, bunun özü ən böyük qüsur sayılmalıdır. Belə ki, Nil çayı qədim Misir mifologiyasının ayrılmaz tərkib hissəsidir və bir çox miflərdə əks olunmuşdur. Bundan əlavə, bir sıra səhnələrdə müəllifin qədim Misir sivilizasiyası, ehramlar, onların tikilməsinə aid biliklərin də yanlış olması üzə çıxır. Məsələn, müəllif bir yerdə yazır ki, "biz sallarda gələn daşları sahilə çıxarmalı, oradan arabalara yükləyib ehrama aparmalı idik”. Müəllifin diqqətinə çatdırmaq istərdik ki, ehram tikintisində istifadə olunan daşların ən yüngülü 3–4 ton, ən ağırı 40–50 ton arasında dəyişirdi və bu daşları quru yolla daşıya biləcək arabalar qədim Misirdə hələ kəşf edilməmişdi (daşlar iplərlə sürülərək daşınırdı). Romanın yaxın keçmişimizə aid hissələri də az sual doğurmur. Əvvəla, demək lazımdır ki, əsərin əsas obrazı olan Həsən kimi kəndli uşaq, yeniyetmə və tələbə obrazları hələ keçən əsrin 60-cı illərindən Azərbaycan nəsrində hərtərəfli işlənmişdir. Təəssüflə qeyd etməliyik ki, Ş.Ağayar öz romanı ilə şəhər həyatında özünü yabançı hiss edən bu tip kəndli cavan oğlan obrazına yeni heç nə əlavə edə bilməmiş, əksinə onu zəiflətmişdir. Əsərin müasir dövrü əks etdirən hissəsinin əsas məzmunu ondan ibarətdir ki, Həsən tələbə yoldaşı Ədaləti satmır və buna görə oxuduğu təhsil müəssisəsində çətinliklərlə qarşılaşır. Bəs, Ədalət kimdir? O, auditoriyada müəllimlə dava edən, özündən razı, "uzun saçlı” bir oğlandır. Sonradan məlum olur ki, sən demə, Yaqub müəllimlə (direktor) qız üstündə düşmənçiliyi var. Peşə məktəbindən çıxarılandan sonra isə hərbiçi olub və yoldan tutduğu cavanları avtobuslara doldurur, "pul alıb buraxır”. Belə bir insanı Həsən satmır və buna görə əsərdə müsbət qəhrəman kimi təsvir edilir. Absurd deyilmi? Həsənin hələ orta məktəb illərindən sevdiyi qız Gülsümlə olan münasibətləri əsərdə ən uğurlu yerlər sayıla bilərdi, əgər bu xətt tamamlana bilsəydi... fəqət yarımçıq qalmışdır, çünki "arzular şəhəri”ni atəşə tutulmağa başlayırlar... Ümumiyyətlə, nəinki Həsən özü, eyni zamanda nənəsi və kəndin ağsaqqalı Namaz kişi də əxlaqi cəhətdən yumşaq desək, "qüsurlu” insanlardır. Nənə ilə Namaz kişi əlbir olub, məhkəməyə yalan ifadə verməklə onlara məxsus olmayan evi ələ keçirməyə çalışır, buna görə min cür oyundan çıxır, "imama and içir”lər. Həsənin nənəsini "miss 154” kimi adlandırması isə ayrıca bir qəribəlikdir. Kənddə böyüyüb başa çatmış, hətta rus dilini bilməyən kənd uşağının öz nənəsinə bu cür "kliçka” qoyması nə qədər inandırıcıdır? Müəllif süni şəkildə obrazı müasirləşdirməyə çalışır... Həsən rus dilini bilmir, amma nənəsinə ingiliscə ayama taxır... növbəti absurd! Son olaraq müəllifin dili haqqında da bir neçə demək məcburiyyətindəyəm. Dil məsələsində Ş.Ağayarı kənd nəsri dilinin vulqar ifadələrlə kobudlaşmış variantı hesab etmək olar. Bunu da təsadüfi hesab etmirəm, belə ki, müəllif nə iləsə fərqlənmək, "özünəməxsus üslub” yaratmaq naminə bu cür ifadələr işlətmək "məcburiyyətindədir”.
Bundan əlavə, əsərdə həddən çox dialektizmlər var: "mağıllayıram”, "nəmişlikdən quzulayıb tökülməsi”, "şəllik”, "ağzıgünə qalmışdıq”, "ayağımla dəhmərlədim” kimi söz və ifadələrin mənası, məncə, yalnız müəllifin aid olduğu regionun oxucusuna aydın ola bilər. Romanda açıq məntiqi xətaları olan cümlələr də kifayət qədədir. Məsələn, ağızları məftillə bağlı olan atlar üçün belə bir cümlə işlədilir: "atlar qışqıra bilmir, kişnəyir, arada fınxırıb öskürür...” Yaxud nənənin ağlamağı belə təsvir edilir: "...əyri burnunun dimdiyindən daman göz yaşı umuvalnikin ucundakı suya oxşayırdı” – əslində, burada göz yaşı yerinə "burun suyu” olsaydı, mənzərə daha doğru olardı, amma mən heç vaxt göz yaşlarının kiminsə burnu ucundan axmasını görməmişəm... bu sadəcə mümkün deyil. Beləliklə, aydın oldu ki, qeyd etdiyim və uzunçuluq olmasın deyə edə bilmədim bu tip xətalara görə adı çəkilən müəllif, onun yeni romanı haqqında boşuna xəyal qurmuşam. Xəyallarımdan əvvəlki vəziyyətim indikindən daha münasib idi... Romanı tərif yağışına tutanlar isə məncə, müəllifin sözü ilə desək, "noxud boyda” əsəri "qarpız boyda” etmişdilər.

Artkaspi.az

Yenililklər
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.