“İmperiyanın son yazarı” kitabı Çingiz Aytmatovun 90 illiyinə həsr olunub
27.04.18
Çingiz Aytmatov sadəcə qırğız xalqının deyil, bütün türk dünyasının böyük oğlu, bəşər tarixinin ən dahi yazıçılarından biridir. Elə bu səbəbdəndir ki, onun yubileyi UNESCO çərçivəsində bütün dünyada qeyd olunur.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Qazaxıstanın Milli Akademik Kitabxanasında böyük yazıçı Çingiz Aytmatovun 90 illik yubileyinə həsr olunan “İmperiyanın son yazarı” kitabının təqdimat mərasimində səsləndirilib.
Tədbirin təşkilatçısı, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli bildirib ki, böyük ədibin yubileyi ilə bağlı tədbirlər silsiləsinin birincisi Astanada keçirilir. Növbəti tədbirlərin Parisdə UNESCO-nun baş qərargahında, Azərbaycanda və digər ölkələrdə keçirilməsi nəzərdə tutulub.
Diqqətə çatdırılıb ki, kitabın müəllifi Qırğızıstanın tanınmış dövlət və ictimai xadimi, professor Osmonakun İbraimovdur.
Qazaxıstan, Qırğızıstan, Azərbaycan və digər ölkələrdən ziyalıların qatıldığı tədbirdə vurğulanıb ki, hələ sağlığında ən yüksək fəxri adlar və mükafatlara layiq görülən Çingiz Aytmatov keçmiş SSRİ ərazisində yaşayan bütün xalqların ən sevimli yazıçılarından olub. Onun əsərləri ötən əsrin 60-cı illərindən ömrünün sonunadək dünyanın hər yerində böyük sevgi və məhəbbətlə oxunub, 80-ə yaxın dilə tərcümə edilib. Çingiz Aytmatov zaman və insan haqqında elə tərzdə yazıb ki, onun təsirindən milyonlarla insan düşüncəsinin həmrəyliyi yaranıb. Yazıçını bəşəri problemlər düşündürsə də, yaratdığı obrazlar tarixi yaddaşın daşıyıcısı olub. Çingiz Aytmatov dünyanın ədəbi prosesinə təsir göstərə bilmiş nadir şəxsiyyətlərdəndir.
Qeyd edək ki, onun əsərləri Azərbaycan dilinə tərcümə edilərək dəfələrlə çap olunub, ali və orta təhsil müəssisələrinin tədris proqramına salınıb. Ulu öndər Heydər Əliyev onun yaradıcılığını hələ ötən əsrin 60-cı illərindən başlayaraq yüksək qiymətləndirib və iki böyük şəxsiyyəti möhkəm dostluq telləri bağlayıb. Prezident İlham Əliyev Azərbaycan və qırğız xalqları arasında münasibətlərin möhkəmlənməsindəki xidmətlərinə görə dünya şöhrətli yazıçını "Dostluq" ordeni ilə təltif edib.
|