Yavuz Akpınara Ədəbiyyat İnstitutunun "İlin alimi" mükafatı təqdim edildi
26.04.18
Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun növbəti Elmi şurası keçirilib.
Elmi şuranın gündəliyində olan birinci məsələ tanınmış alim, Azərbaycan ədəbiyyatının Türkiyədə görkəmli tədqiqatçısı professor Yavuz Akpınara Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "İlin alimi" mükafatının təqdimatı olub.
Elmi şuranın iclasını giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli açıb. Akademik İsa Həbibbəyli Yavuz Akpınarın hələ sovet dövründən, əlaqələrin çox zəif olduğu zamandan Azərbaycan ədəbiyyatı ilə bağlı apardığı araşdırmalardan, fədakar fəaliyyətindən bəhs edib. O, professor Yavuz Akpınarın Azərbaycan ədəbiyyatı ilə bağlı gördüyü işlərin mühüm əhəmiyyətə malik olduğunu bildirib.
Sonra akademik İsa Həbibbəyli professor Yavuz Akpınara "İlin alimi" mükafatını təqdim edib. Ona gələcək elmi fəaliyyətində uğurlar arzu edib.
Filologiya üzrə elmlər doktoru, İnstitutun Azərbaycan mühacirət ədəbiyyatı şöbəsinin müdiri Nikpur Cabbarlı Yavuz Akpınarın həyatı və yaradıcılığının önəmli tarixləri barədə məruzə ilə çıxış edib.
Bakı Yunus Əmrə İnsitutunun müdiri dosent Cihan Özdemir, Ədəbiyyat İnstitutunun XX əsr şöbəsinin müdiri professor Şirindil Alışanlı, professor Qəzənfər Paşayev, dosent İrfan Murat Yıldırım, professor Tahirə Məmməd çıxış edərək Yavuz Akpınar haqqında fikirlərini bölüşüblər.
Daha sonra çıxış edən professor Yavuz Akpınar Azərbaycanla bağlı 1970-ci ildən başlayan əlaqələrindən, xatirələrindən danışıb. Apardığı tədqiqatlar, Azərbaycan ədəbiyyatı ilə bağlı bundan sonra görülməsi zəruri işlər barədə məlumat verib. Göstərdiyi diqqətə görə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun kollektivinə minnətdarlığını bildirib.
|