Vasif Əlihüseyn - Çoxu da çaş-baş qalmışdı ki, qız gəlin köçür, bəs oğlan niyə ağlayır?!
24.04.18
Haçandı başımda bu fikir dolaşır. Elə bilirəm ki, yaşa dolduqca ölüm daha da adama yaxın olur. Adam yaşa dolduqca daha çox yaxınlarını itirir. Ən son iki yaxınımı itirəndən sonra oturub bu yazını yazmaq haqda düşündüm. Çünki çoxdandır ki, bu mövzuda heç nə yazmıram. İlk dəfə gənc yazar Şəhriyar Del Gəraninin anası xərçəng xəstəliyində dünyasını dəyişəndə, çox pis olmuşdum. Fikirləşirdim ki, bu adam bu boyda itkiyə necə dözəcək. Sonra elə oldu ki, oxşar hadisə mənim də başıma gəldi. Və dözdüm. Elə indi də dözürəm. Amma həyatımda hər şey yarımçıqdı.
Bayaq feyzbuku açanda gördüm ki, gənc yazar Yusif Nazim Ərəbsoy başını anasının dizinə qoyub foto paylaşıb. Fotoya da belə bir status yazıb: “Əziz ana, sabah sənin 40 mərasimindir. Sən mənim toy mərasimimi görməyi arzu edirdin. Mənim üçün səni heç kəs əvəz etməyəcək. Yoxluğuna dözdüm, dözəcəm də. Təki ruhun şad olsun. Amma, sənin xatirəni həmişə əziz tutacam. Hər ana sənin kimi övlad sevməz. Övladlarının hamısını sevdin, məni isə bir başqa əzizlədin. Mən başımı qoymağa diz, saçlarımı sığallamağa əl axtaracam. Və bu şəkillə təsəlli tapmağa çalışacam. Yanına gələnədək hələlik, Ana!”.
Bu, mənə çox pis təsir etdi. Anam da mənim toyumu görmədi. Toyumuz günü həyat yoldaşımın qoluna girib evlərindən çıxanda onu yox, məni ağlamaq tutmuşdu. Çoxu da çaş-baş qalmışdı ki, qız gəlin köçür, bəs oğlan niyə ağlayır?!
Oturub düşünəndə anlayıram ki, yazarların çoxunun gənc yaşda valideynlərindən biri yoxdu. Nə bilim. Bəlkə də bu da alın yazısıdı. Yusif tanıdığım üçüncü yazar dostumdu ki, anası xərçəngdən dünyasını dəyişib. Nəsə bu hadisələrdən sonra haram ağrıyır elə bilirəm ki, xərçəngəm. Nəsə bu xəstəlik anamdan sonra daha da yaxın oldu bizə.
Bu yaxında kəndə getmişdim. Gördüm ki, ailəvi dostluq etdiyimiz Mirzə dayı da dünyasını dəyişib. Qəbristanlıqda Mirzə dayının da məzarını ziyarət etdim. Soruşdum dedilər ki, xərçəng oldu. Axırıncı dəfə Mirzə dayıyla anamın qırx mərasimində həyətimizdə görüşdük. Qoluma girib məni qırağa çəkib dedi ki:
-Ağlama, əlinizdən nə gəlir etdiniz. Bu xəstəliklə bacarmaq mümkün deyil. İndi yeri burdakından daha rahatdı ananın.
Mirzə dayının ölüm xəbərini eşidəndən bu günə kimi həmin sözləri başımda dolaşır. Kiməsə təsəlli verəsən və iki il sonra özün bu xəstəliklə dünyanı dəyişəsən. Doğrudan da dəhşətdi. Həm də alın yazısıdı. Elə aprelin 6-da Rusiyada öldürülən əmim oğlu 21 yaşlı Babək kimi. Adam bir yumruğa ölən oğul deyildi. Amma düşdüyü davada kimsə yandan onu gicgahından “beşbarmaq”la elə vurub ki, uşaq yerində keçinib. Neçə vaxtı bu ölümlərin təsirindən çıxa bilmirəm.
Səhər açılan kimi yenə kiminsə ölüm xəbərini eşidəcəm deyə fikirləşirəm.
|