Beynəlxalq Kitab Günüdə “Don Kixot” əsərindən bir hissə Azərbaycan dilində səsləndirilib
23.04.18
Dahi ispan yazıçısı Migel de Servantesin vəfatının ildönümü və 23 aprel -Beynəlxalq Kitab Günü ilə əlaqədar hər il İspaniya ərazisində müxtəlif mədəni tədbirlər keçirilir. “Don Kixotun bəşəriyyət tərəfindən oxunulması” adlı növbəti belə tədbir Toledo şəhərinin Eskivias qəsəbəsində baş tutub. Tədbirdə ictimaiyyət nümayəndələri, İspaniyada akkreditə olunmuş diplomatik korpusun əməkdaşları iştirak edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmov da görkəmli yazıçının anım mərasimində iştirak edib.
Servantes irsinin qorunub saxlanılmasına xidmət edən tədbirdə Eskivias bələdiyyəsinin meri Milaqros del Barrio Perez iştirak edən hər kəsə təşəkkürünü bildirərək, “Don Kixot” əsərinin demək olar ki, bütün dünya dillərinə tərcümə olunmasının bu möhtəşəm əsərin gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyətini qeyd edib. Bildirilib ki, hazırda qəsəbədə yaradılmış Servantes muzeyində “Don Kixot” əsərinin bir çox dillərdə, o cümlədən Azərbaycan dilində nəşri saxlanılır.
Daha sonra tədbirdə iştirak edən diplomatik korpusun nümayəndələri “Don Kixot” romanından bir parçanı ana dillərində oxuyub. Əsərdən bir hissə, həmçinin səfirliyimizin əməkdaşı Namiq Ramazanov tərəfindən Azərbaycan dilində səsləndirilib.
Tədbir iştirakçıları əsərdən səhnələşdirilmiş tamaşa nümunələrini də maraqla izləyiblər.
Səfir Anar Məhərrəmov Eskivias meriyasındakı xatirə kitabına ürək sözlərini yazıb.
Sonda iştirakçılar Migel de Servantesin Eskiviasdakı ev muzeyi ilə tanış olublar.
Aygün Əliyeva
|