Əli Babazadə - Nihilist və maymaq göyərçinlər
16.04.18
Kimə nə başa salasan? Haqlı bir sual da yaranır hələ: kiməsə nəsə başa salmaq, ümumiyyətlə, nəyə görə lazımdı ki? Yazarlar çeşid-çeşid hekayələr uydurub, bir şeyləri isbatlamağa çalışıb-çabaladı, amma adam özünü anlamırsa belə çox vaxt, kim kimə nə isbatlaya bilər ki? Lap tutaq ki, bu da mümkün oldu, nə dəyişəcək? Daha bir haqlı sual: niyə nəsə dəyişməli olsun ki? Hər şey bir yana, özünü qaranəfəs çatdırıb, hər fikrin qarşısına bitən bu suallar – haqlı ya haqsız, məntiqli yaxud məntiqsiz - nəyə lazımdı? (Mənə niyə elə gəlir ki, sual niyəsə haqlı ya haqsız, məntiqli yaxud məntiqsiz olmaq məcburiyyətindədi?) Buna da müxtəlif məntiqli və məntiqsiz cavablar uydurmaq olar, amma cavablar nə işə yarıyır guya? Lənət şeytana, axı bu özü də sual oldu... Səhərəcən oyunu davam etmək olar. Sual. Cavab. Sual. Cavab. Daha bir sual. Daha bir cavab. Eləcə uzanıb-gedəcək, bir çatdığı, durduğu yer yoxdur. (Yoxdur?!) Orası dəqiqdir ki, sual hərəkət doğurur, (zehində, yaxud əməldə), hər hərəkət də yeni suallar. Yaxşı, suallar hardan başlamışdı? Nə idi hər şeyi hərəkətə gətirən o ilk sual? (Ola bilər, heç ilk sual olmayıb, suallar elə həmişə var idi) Bu özü də sualdı və bu nə qədər ki, sualdı, suallar bizə istehza edir demək ki. (Bizə?!) Nə idi o sual? Nəyə lazım idi? Kimə gərək idi? Bir etiraz? Bir şübhə? Bir qorxudanmı doğmuşdu? (Niyə qorxmuşdular?) Bir acıdanmı? (Acı niyə duymuşdular?) Bu acılar, qorxular, etirazlar, etiraflar niyə vardı?... Var olan hər şey niyə var? Var olanlar doğrudan da varmı?... _____________________________________________________________________________ Bütün hər şey o ilk sualı düşünməklə başlayır, ox yaydan çıxır, heç bir nəticəyə varmadan, dönüb-durub eyni yerdə hərlənsə də, bu zehin yanıltmacından aldığın həzz oyundan yaxa çəkməyə imkan vermir: var olduğundan, varolşundan əmin olduğunu təmin edən o hissdən şübhəyə düşməyin verdiyi möhtəşəm, xəfif həzz. İkinci varoluşunu hiss etməyin verdiyi şahanə sevinc, müdhiş ürpərti. Soyuq qadın əllərinin təması kimi (Bir dəfə ağlını başına toplayıb, dərindən şübhələnmək bəs eliyir). Dramatik bir romanın səhilərini vərəqləyərkən qəflətən başlaya bilər bu, bir-iki damla Korzeniovski notundan sonra da; aynaya baxıb özünü bir başqası kimi hiss edəndə (adama elə gəlir ki, aynadakı əksin sən yerindən qımıldanmadan hərəkət edə bilər!...), yaxud zehnində bir ədəbi kompozisiya quraşdırmaq üçün təxəyyülünü gücə salanda, çiyirənəcən şahmat oynayanda, yaxud ədədlərin sonsuzluğu ilə əlləşəndə və birdən bütün bunların eyni anlamsız şeylər olduğundan əmin olanda. Hər gün günortalar prospekt boyunca veyil-veyil dolaşarkən olur, göyərçinlər, ora-bura qaynaşan adamlar, günəş – varoluşundan şübhə duymayan hər şey səfehcə görünür: oğlanın biri iştahla nəsə gəvəliyir, gözləri bərəlib; dodağını büzüb, əli belində gələn-gedəni altdan-yuxarı süzən özündənrazı satıcı qız saqqızını şişirdib marçıldadır; göyərçinin biri maymaq-maymaq tullanıb-düşür. Əsəblərə toxunmur desəm, yalan olar. Ən çox da göyərçinin maymaqlığı. Öz varoluşundan əmin olmayan sən göyərçindən daha maymaqsan təbii ki. Gerçəkdən var deyilsənsə, var olmadığından şübhə duyan kimdi? Öz varoluşundan şübhəyə düşən bir varlıq, öz varlığına şübhə duyursa, uydurduğu sualları niyə bu qədər ciddiyə alsın? Cavabı bəsitdi: okeanın ortasında boğulan, yüz mil həndəvərində heç bir şey gözükməyən bir adam hansı məntiqlə xilasa ümid edir? Hislərimiz həmişə gerçəkçi deyil və orda hər zaman bir məntiq axtarmaq sadəlövhlükdü. Hətta şübhə hissinin özü şübhəli olsa da. Əvvəl adamın şıltaqlığı tutur, suallar, suallar, suallar... Gedişat bir yerdə dalana dirənir: öz varlığına şübhə edirsən. Bir qədər sonra bu şübhələr əminliyə oxşamağa başlayır. Bir az da keçir və “gerçəkdən var olmadığın haqqında mülahizəni bir anlıq doğru qəbul etmək əyləncəli ola bilər”. Budur, beşinci simfoniyanın ilk notları: Da-da-da-daaaaam, da-da-da-daaaaam: Və yeni şəffaf, yumşaq suallar halqası. Varoluşun sual altındadırsa, bu ehtimalı yürüdən, o şübhələri duyan kimdir? Deyək ki, bu məqamda özünü oyundan çıxardın, bu şübhələri duyan varlığa (yaxud yoxluğa, artıq heç fərq etmir), bir fürsət verdin və belə qənaətə gəldin ki, içindəki ikinci bir varlıq (və ya yoxluq) - içindəki birinci sən haqqında şübhə duymağa başlayan odur... Daha bir haqlı sual: bu ikinci ilə birinci arasında bir bağlantı varmı? Bu ikinci özümün şübhələri birinciyə öz varoluşundan şübhəyə düşüb ikincini tapmaq üçün ipuclarımı verir, yaxud bu ikincini birincimi uydurdu? Birinci uydurursa, bəs göyərçin niyə elə maymaqdı? Məsələn, elə indicə bu sualı kim uydurdu, birincimi, ikincimi?! Əgər ikincisi də sual uydurmadan dura bilmirsə, bir üçüncü, bir dördüncü... Mən kiməm? Mən kiməm? Mən kiməm?
*** Mən, sən kimsən? Mən, sən kimsən? Mən! Sən kimsən? *** Ögüyürəm, ürəyim bulanır, amma bu qarnımın üstündə daşıdığım mədə deyil, ikinci, üçüncü, bir-birinin içində varlığı və yoxluğu şübhə altında olan kim bilir, neçənci şübhəçinin başgicəllənməsidir... Şübhə həqiqətdən şübhələnmək üçün kifayət qədər şübhəli deyilmi? Məsələ qorxunclaşır. Əgər birinci birinci deyilsə? Ortada bir yerdə durursa? Mən özüm mənəmmi? Mən, yoxsa, özüm, yoxsa birinci şəxsin təki – dilin özəyindəki sərsəmcə bir qrammatik forma, mənim həqiqətimə hansı daha yaxındır? Mənim həqiqətim? Yoxsa mənin həqiqəti? Mən varam, var olduğumu məni tanıyanlar da təsdiqləyər, amma bu şübhəlidir, kim olduğumu soruşsalar, onların hərəsi bir cavab verəcək. Mən! Kiməm? Mən! Kimsən? Mən! Kimdir? *** Şübhə altına düşdükdə hər şey birdən anlamını itirir, “özhəqiqətlər” – yəni, bütün dünyanın bilginlərinin yığışıb əksinə inandıra bilməyəcəyi şeylər belə: vahimə və dəhşət duyğularının rahat-rahat qışqırığını çıxaran kainatın ucsuz-bucaqsız qaranlıqları; Burana kantatası; keçmiş və gələcək;, gözəllik və sənət; sevgi və papiros çəkən sarışın qadınlar; Leonardo da Vinçi və Rafael Santi; o maymaq göyərçin... Gerçəklik nisbidirsə? Və bütün mülahizələr nisbi olan bir gerçəklik daxilində məntiqliliyin həqiqət ola biləcəyi kimi səfeh bir müddəaya inanaraq, yürüdülürsə? Əlbəttə, mümkündü. Nisbiliyə nisbi nisbətini vermək hansı mütləq müddəaya dayanır?... Bezdiricidi? Bezdiricidi! Özünü Eynşteynin, ya Heyzenberqin zehnində hiss etməmək əldə deyil. Kainat boyda həyəcanı hiss etməyin həyəcanı. Geridönüşü yox, ox yaydan çıxdı. Siqaret yandırsam və səhərəcən Heyzenberqin şlyapasının sağlığına içsən?... _____________________________________________________________________________ Hacı (22-23 yaşlarında, rok-barlarda sülənən gülərüz, əla oğlandı) otağa girəndə, qəhqəhə çəkdim (Bütün dünyanın bilginləri yığışsa, əksinə inandıra bilməyəcəyi o hisslə), qapıdan içəri atdığı tək bir addımla gerçəklikdən-gerçəkliyə (qapının o üzündə başqa dünya və onun gerçəkliyinə inanan adamlar, maymaq göyərçinlər var) dahiyanə sıçrayış etdiyi üçün təbrik də etdim. Əlbəttə, məni vecinə aldığı yox idi, mətbəxə keçib, bir taya bulaşıq qabın içindən necə tapmışdısa, özünə təmiz fincanda çay süzüb gətirdi. Noutbukda Şopen axıb-gedirdi, Hacı səy zarafatlarını bir-birinə calıyıb-durdu, mən də hər səfərində bir ucdan gerçəklikdən-gerçəkliyə dahiyanə sıçrayış idi dedim. Gözləyirdim, nəsə soruşsun, maraqlansın, sual versin. (Nə gerçəklik? Nə sıçrayış? Filan-bəsməkan...) Hacı bunları heç vecinə də almadı Varoluşundan hələ heç vaxt şübhəyə düşməmiş maymaqlara özləri haqqında nəsə müəmmalı bir şey denən, aydınlaşdırmayanacan yaxandan əl çəkməzlər, amma Hacı eləcə çayını içib səy zarafatlar elədi. Deməli ki, dahiyanə olan Hacının tək bir addımla gerçəklikdən-gerçəkliyə keçişi deyildi təkcə, ola bilsin, özündən-özünə keçmişdi, hələ bəlkə iki-üç addım da o tərəfə, kim bilir?! (Yoxsa, varoluşundan heç vaxt şübhə duymamış bir maymaq özü haqqında deyilən müəmmalı bir fikri niyə vecinə almasın?) Və üstəlik, Hacı şit zarafatlar eliyirdi! Ola bilər, bu keçişlərdə o qədər peşəkarlaşmış və müdrikləşmişdi ki, bütün bu keçişlər, şübhələr, suallar ona bayağı, əyləncəli görünürdü və bunun belə olub-olmadığını soruşsam, növbəti səy zarafatını eliyib, ehtimalımı bir az da qüvvətləndirmiş olacaqdı. Bütün bu olub-bitənlərdən yanlış bir qənaət çıxar deyə qorxuram, məsələ səy zarafatlarda deyil təkcə, ipin bir ucunda Hacı var və o, göyərçinlər kimi maymaq deyil. Eləcə çayını içir, bu saat onu heç nə qayğılandırmır. Tamamilə heç nə. Bir az kədərli baxır. Sual vermir, cavab axtarmır. Siqaret yandırır, çarpayıda dirsəklənir, noutbuku qabağına çəkir. Musiqi zövqünə söhbət yox. Siqaret, musiqi, çay, gecə - bunlar kifayətdir, olmasa da nəsə dəyişməz... Bir yarım saat sonra Hacının kefi açıldı, hər halda məni çox tutqun gördüyü üçün. Gülüş ustası səhnəyə çıxır, tamaşaçının biri mimikaları və ironik baxışlarla onu elə güldürür ki, aktyor özünü ələ alıb rola girə bilmir, uğunub gedir. Eləcə uğunub getdim. İkinci varlığım birincini ələ almağa çalışanda, ikinci Hacı onu çaşdırdı, üçüncü Hacı üçüncünü... Beləcə uzanıb-getdi, yarım saatdan çox. Rok-barlarda sülənən bu gülərüz səfehdən yayına bilmədim, bütün keçişləri bağladı. Kim kimi sonsuzacan anlaya bilər ki amma? Hacı da yuxuladı və yatdı, yoxsa mən yatdım, xatirimdə deyil. *** Hacını ondan sonra bir də görməmişəm. Bir də görsəm, kim bilir, rastlaşdığım kim olacaq, Özü olacaq, ya bir başqası? Amma Həmin Hacı olmayacaq. Bütün dünyanın bilginləri yığışsa, bunun əksinə inandıra bilməz. Həmin gün məni eləcə yuxu aparmışdı, səhər oyananda isə Hacı getmişdi. Gerçəkdən Hacı var idimi? Var idi. Həmin gün gerçəklikdən-gerçəkliyə o möhtəşəm sıçrayış baş tutmuşdumu? Gerçəklik varsa, əlbəttə. _____________________________________________________________________________ Səhəri gün yenə həmin küçə ilə veyil-veyil dolaşanda göyərçin gördüm, həmin göyərçin idi, ya bir başqası, mən hardan bilim onu? Amma hər gün göyərçin görürəm, bunun mistikasına inanmaqda bir fayda var: zehin yanıltmacı oyununu davam etmək üçün. Amma bu göyərçin də maymaqdı, nədənsə şübhələndiyi yoxdur, işi kənara tullanmaqdır. *** Göyərçinlər zehin saplantısına çevrildi, yavaş-yavaş içimdəki bütün o ikinci, üçüncü adamlar, hamı bir-birindən şübhəyə düşdü. Hərə bir ağızdan suallar yağdırır. Haray-həşir. Bir dəstə göyərçin qanadlarını çırpıb havaya qalxan kimi üstümdən ağır yük götürülür: Brrrr... Brrrr... Brrrr... Bu yumşaq səsdə nə böyük rahatlıq varmış! Göyərçinlər dəstə ilə qanadlananda içimdəki adamlar uçub dörd tərəfə dağılışır, bir-iki dəqiqə özümlə tək qalıb rahat nəfəs alıram. Onda özümü Hacı kimi hiss edirəm. Rok-barlarda sülənən gülərüz gənc. Bir az kədərli. *** Varoluşdan şübhələnmək oyununun bitdiyi bir yer yoxdur. Hər növbəti dəfə daha dəhşətli həzz. Hər növbəti dəfə daha müdhiş əzab. İndi bunları kim düşünür? Minlərlə adam. Minlərlə şübhə. Minlərlə sual. Haray-həşir. Adamlar! Biz kimik? Adamlar! Siz kimsiniz? Adamlar kimdir? Bunun sonu yox idi. İçimdəki adamlar hamılıqla bir-birindən şübhəyə düşmüşdü. Hətta ola bilsin, o maymaq göyərçin də. Evdən çölə-bayıra çıxmıram. Qapını Hacının bir də qəfildən içəri girməməsi üçün bağlı saxlıyıram həmişə. Gündüzlər kitab oxuyur, siqaret çəkir, əlüstü bir şey atışdırıram. Gecələr yazıram, yaxud yazırsınız, yaxud yazırıq, yaxud yazırlar. Bu cür vəziyyətlərdə ən uyğun işdi yazıçılıq. Suallar. Cavablar. Daha bir sual. Daha bir cavab. Ondan sonra yenə bir sual. Ondan sonra yenə bir cavab... Brrr...
|