Orfoqrafiya qaydalarına ciddi və elmi şəkildə yanaşaq, qərəzdən uzaq olaq
16.04.18

Möhsün NAĞISOYLU
AMEA-nın müxbir üzvü, AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru

Son dövrdə sosial şəbəkələrdə, hətta xeyir və şər məclislərində ən çox müzakirə olunan məsələlərdən biri, bəlkə də, birincisi Azərbaycan Milli Elmlər Akademiyasının Orfoqrafiya Komissiyasının və Nəsimi adına Dilçilik İnstitutunun hazırladığı yeni orfoqrafiya qaydalarıdır.

Bu qaydalarda yer alan bir sıra məqamlar, xüsusilə də yeni təklifləri əks etdirən maddələr birmənalı qarşılanmayıb: onları bəyənənlər də var, inkar edənlər də az deyil. Bu da tamamilə təbii bir haldır, çünki istənilən bir yenilik hamı tərəfindən eyni cür qəbul edilə bilməz. Yeniliklərə qarşı çıxanlar, təəssüf ki, şəxsən mənim ünvanıma və rəhbərlik etdiyim Dilçilik İnstitutuna qarşı yumşaq desək, xoşagəlməz ifadələr işlətməkdən belə çəkinməyiblər. Mən təbiətcə mülayim və təmkinli insanam (yaşlı nəslin çoxu mənim kimidir), məhz buna görə də yersiz iradlara cavab vermək ağlıma da gəlməyib və belə bir niyyətdə heç olmamışam da. Bununla belə, mətbuatda da, televiziya kanallarında da bəzi məsələlərə aydınlıq gətirməyə çalışmışam. Hər halda çox düşündükdən sonra belə bir qərara gəldim ki, sözügedən məsələlər haqqında bir daha öz fikirlərimi bildirim.

Bəri başdan qeyd edim ki, mən AMEA Nəsimi adına Dilçilik İnstituna 2015-ci ilin dekabr ayının 23-dən rəhbərlik edirəm. 1972-2015-ci illərdə indiki Füzuli adına Əlyazmalar İnstitutunda müxtəlif vəzifələrdə işləmişəm: mətnşünas, şərqşünas və dilçiyəm, daha doğrusu, ədəbi dil tarixi sahəsində mütəxəssisəm. Orfoqrafiya ilə də birbaşa bağlı olan bir insanam. Belə ki, hələ 1979-cu ildə müdafiə etdiyim "XVI əsr Azərbaycan tərcümə abidəsi "Şühədanamə" adlı namizədlik dissertasiyamın ayrıca bir fəsli tarixi orfoqrafiya məsələlərinin təhlilinə həsr olunmuşdur. Bundan əlavə, abituriyentlər üçün hazırladığım "Azərbaycan dili" kitabım indiyədək 12 dəfə nəşr olunub və indi də dövriyyədədir. Üstəlik, orta məktəbdə Azərbaycan dili müəllimi kimi də çalışmışam və 2000-ci ildə dərs dediyim şagirdlərdən biri qəbul imtahanlarında ölkə birincisi olmuş, digəri isə ikinci yeri tutmuşdur. Bu nailiyyətə görə həmin il Azərbaycan Respublikası Təhsil nazirinin fəxri fərmanı ilə təltif olunmuşam.

Bu belə, indi gəlirəm əsl mətləbə. Orta məktəbdə müəllim işləyərkən və uzun müddət repetitorluq edərkən açıq-aşkar görürdüm ki, bizim orfoqrafiya lüğətində müəyyən boşluqlar və dolaşıq məsələlər var. Məsələn, Azərbaycan Respublikası Nazirlər Kabinetinin son dəfə 2004-cü ildə təsdiq etdiyi Azərbaycan dilinin Orfoqrafiya lüğətində bərbəzək sözü defissiz, eyni tipli mer-meyvə, tör-töküntü sözləri isə defislə yazılmışdır. Eləcə də -iyyat şəkilçili bütün sözlər iki y ilə, eyni tipli cəfəngiyyat sözü isə bir y ilə yazılmışdı və s. Bütün bu və digər dolaşıq məsələlər haqqında bir məqalə yazaraq iradlarımı diqqətə çatdırdım və sözügedən lüğətin 2013-cü il nəşrində onların çoxu nəzərə alındı.

İndi isə keçirəm mənim də iştirakımla hazırlanmış yeni orfoqrafiya qaydaları ilə bağlı söylənilən bəzi iradlara. Onlardan biri yeni qaydalardakı maddələrin sayca çox olmasıdır. Qeyd edim ki, orfoqrafiya lüğətinin 1975-ci il nəşrində bu qaydaların sayı 116, lüğətin son çapında (2013) isə 38-dir. Hazırkı qaydaların 69 olmasına gəlincə, birincisi, dil mütəxəssisləri təklif etdilər ki, orfoqrafiya qaydaları əvvəlki kimi təkcə alınma sözlərə şamil edilməsin. Bunu nəzərə alaraq biz ilk dəfə qaydalara milli mənşəli sözlərə aid bir neçə maddə də əlavə etdik. Bundan əlavə, orfoqrafiya ilə bağlı bəzi açıq qalan məsələlərə aydınlıq gətirmək lazım idi. Məsələn, orfoqrafiyamızdan apostrof işarəsi götürülsə də, vaxtilə həmin işarə ilə yazılan cürət, sürət, məşəl və s. kimi sözlərin sətirdən sətrə keçirilməsi məsələsinə aydınlıq gətirməyə ehtiyac duyulurdu. Axı əvəllər bu sözlər məhz apostrofa görə cür-ət, sür-ət, məş-əl kimi hecalara bölünürdü. Deməli, belə bir maddəyə ehtiyac zərurətdən doğurdu. Buna görə də biz həmin sözlərin cü-rət, sü-rət, mə-şəl kimi hecaya bölünməsini məqbul sayırıq.

Qaydalarda əslində bəzi sözlərin yazılışı ilə bağlı cəmi iki yeni maddə var: 22-ci və 37-ci. Həmin qaydalar da məhdud sayda sözlərə şamil edilə bilər. Belə ki, 22-ci maddədə cəmi dörd sözün yeni yazılış variantı təklif olunur: əskər, əskinas, İskəndər, işkəncə. Məlum olduğu kimi, bu sözlər indiyədək g hərfi ilə yazılmışdır. Aydınlıq üçün qeyd edim ki, fransız mənşəli əskinas (assignat) sözü dilimizə çox güman ki, fars dilindən keçib və böyük şairimiz Sabirin dilində də əskinas şəklində işlənib. "Azərbaycan dilinin Orfoqrafiya lüğəti"nin 1975-ci il nəşrində həmin söz əskinas şəklində yazılıb. Qeyd edim ki, əskinas sözü fars dilində g ilə yox, k ilə yazılır. Əskər sözünə gəldikdə isə, bu söz ərəb mənşəlidir və ərəb dilində g samiti, ümumiyyətlə, yoxdur. Eynitipli məskən, miskin, müşkül sözləri də ərəb mənşəlidir və biz onları k ilə yazırıq. Məgər bu, orfoqrafiyada müəyyən dolaşıqlıq yaratmır? Prinsip eyni olmalıdır: bu sözlərin hamısı ya k ilə, ya da g ilə yazılmalıdır. Eləcə də fars dilindən aldığımız iskənə sözünü k ilə, eyni tipli fars mənşəli işkəncə sözünü isə g ilə yazırıq. Niyə? Hansı prinsipə görə? Orfoqrafiyamızdakı mövcud olan bu dolaşıqlığı aradan qaldırmaq üçün biz əsgər, əsginas, işgəncə sözlərinin k ilə yazılmasını təklif etmişik. Bu təklifimizdə biz tarixi-ənənəvi prinsipi əsas götürmüşük. Eyni prinsiplə biz ərəb dilindən aldığımız müfəttiş, mürəkkəb və s. kimi sözlərdəki ikinci t və k samitlərini tələffüzdə d və g ilə deyirik. Bəs nəyə görə onları d və g ilə deyil, t və k ilə yazırıq? Alındığı mənbə  dildəki yazılışına görə. Məgər bu, yanlış fikirdir? Həmin qaydadakı İskəndər sözü də bu qəbildəndir və düşünürəm ki, bu barədə artıq şərhə ehtiyac yoxdur.

İndi isə orfoqrafiya qaydalarındakı 37-ci maddə haqqında fikrimi bildirmək istəyirəm. Bu maddədə tərkibində -iyyat, -iyyət və -iyyə şəkilçiləri olan ərəb mənşəli düzəltmə sözlərin bir y ilə yazılması təklif olunur. Birincisi, onu deyim ki, bu məsələ əslində heç də yeni deyil. Fonetika, eləcə də orfoqrafiya üzrə tanınmış mütəxəssis professor Firidun Cəlilov sözügedən məsələ ilə bağlı saytların birinə verdiyi müsahibəsində xüsusi olaraq qeyd edir ki, o, 20 ildən çoxdur ki, bu qəbildən olan sözləri bilərəkdən bir y ilə yazır. Və ya başqa bir diqqətçəkici məqam: dünya şöhrətli dilçi alimimiz, akademik Ağamusa Axundov hələ keçən əsrin 70-ci illərində bu məsələni qaldırıb. Mən də şəxsən bu təklifi dəstəkləyir və düşünürəm ki, sözügedən məsələdə dilimizin tələffüz qaydalarına, daha doğrusu, orfoqrafiyada mühüm əhəmiyyət daşıyan fonetik prinsipə üstünlük vermək məqsədəuyğundur.

 Orfoqrafik qaydalarda yer alan yeniliklərdən ikisi isə cəmi iki sözə aiddir. Onlardan biri indiyədək stress kimi yazılan sözün sonundakı s hərflərindən birinin atılması ilə bağlıdır. İkinci yenilik isə ssenari sözünün başında gələn qoşa ss hərflərindən yalnız birinin yazılmasına aiddir. Qeyd edim ki, stress sözü ilə eyni tipli olan konqres və ekspres sözləri orfoqrafiya lüğətinin 2013-cü il nəşrində bir s ilə yazılmışdır. Maraqlıdır ki, bu maddələri (33-cü və 34-cü) görməyən bəzi şəxslər yazırlar ki, biz guya söz ortasında gələn ss hərflərinin də bir s ilə yazılmasını (məsələn, kassa-kasa?) eləcə də yeddi, əlli kimi milli mənşəli sözlərdəki qoşa samitlərdən birinin atılmasını təklif etmişik. Axı belə məsələ yoxdur və ola da bilməz. Məlum olduğu kimi, orfoqrafiya qaydaları saytlarda nəşr olunmuşdur. Sadəcə olaraq, onları diqqətlə oxumaq və məsələyə tam obyektiv və elmi əsaslarla yanaşmaq, qərəzli və uydurma fikirlərdən uzaq olmaq lazımdır.

Qeyd edim ki, başqa iradlara da cavab vermək olardı. Ancaq düşünürəm ki, elə bu yazdıqlarım da yetərlidir və bəzi məsələlərə aydınlıq gətirəcəkdir. Sonda  onu da diqqətə çatdırmaq istəyirəm ki, Azərbaycan Milli Elmlər Akademiyasının Orfoqrafiya Komissiyası məsələ ilə bağlı hər bir təklifi diqqətlə nəzərdən keçirib ətraflı şəkildə müzakirə etdikdən sonra müəyyən bir qərara gələcəkdir.

Yenililklər
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.