Ədəbiyyat İnstitutu Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi ilə əməkdaşlığa başlayır
16.04.18
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi (BTƏƏM) arasında əməkdaşlığa dair memorandum imzalanıb.
AzərTAc xəbər verir ki, sənədi AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli və BTƏƏM-in sədri Səlim Babullaoğlu imzalayıblar.
Tədbirdə Ədəbiyyat İnstitutunun BTƏƏM ilə əlaqələrindən danışan İ.Həbibbəyli bildirib ki, imzalanan memorandum bu əməkdaşlığı daha da möhkəmləndirəcək. İki qurum arasında imzalanan və uzunmüddətli qarşılıqlı faydalı əməkdaşlığı nəzərdə tutan bu sənədə əsasən, Azərbaycan ədəbiyyatının və filoloji fikrinin xarici dillərə tərcüməsi və təbliği işində daimi məsləhətləşmələr aparılacaq, Ədəbiyyat İnstitutuna daxil olan tərcümə layihələrinə BTƏƏM də cəlb ediləcək. Bundan əlavə, memorandumda hər iki qurumun birgə təşkilatçılığı ilə ədəbi tədbirlərin - konfrans, festival, görüş və təqdimatların keçirilməsi, eləcə də mərkəzin “Dünya ədəbiyyatı” jurnalının nömrələrinin mütəmadi olaraq Ədəbiyyat İnstitutunun kitabxanasına çatdırılması nəzərdə tutulur. Həmçinin BTƏƏM-in Azərbaycan ədəbiyyatı ilə əlaqədar xaricdə nəşri nəzərdə tutulan çap məhsullarına mövzu və istiqamətlə bağlı Ədəbiyyat İnstitutunun təklif etdiyi xüsusi və ya icmal xarakterli məqalələr salınacaq.
İ.Həbibbəyli klassik və müasir Azərbaycan ədəbiyyatının dünyada tanıdılmasında, eləcə də xarici ölkə yazıçı və şairlərinin əsərlərinin dilimizə tərcümə olunaraq oxuculara çatdırılmasında BTƏƏM-in fəaliyyətini yüksək dəyərləndirib.
İki qurum arasında əməkdaşlığın əhəmiyyətindən danışan S.Babullaoğlu bildirib ki, ədəbi əlaqələrin genişləndirilməsini nəzərdə tutan memorandum AMEA-nın humanitar sahədə çalışan alimlərinin, xüsusilə ədəbiyyatşünasların elmi əsərlərinin BTƏƏM–in xətti ilə xarici dillərə tərcüməsi işinə böyük imkanlar yaradacaq.
|