Azərbaycan mühacirət tarixinə həsr edilmiş iki kitab
05.03.18
"Azərkitab – Kitab Təbliğatı Mərkəzi”ndə Azərbaycan mühacirət tarixinin tədqiqatçısı, publisist Dilqəm Əhmədin kitablarının imza günü keçirilib.
"Teas Press” Nəşriyyat Evindən bildiriblər ki, gənc müəllif Türkiyədə yaşadığı dövrdə Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid nadir fotolar, arxiv sənədləri toplayıb. O, mühacirlərin ailə üzvləri ilə əlaqə quraraq, onların şəxsi arxivlərində saxlanılan və bu günə kimi geniş ictimaiyyətə məlum olmayan sənədləri əldə etməyə müvəffəq olub. Tədqiqatçının dörd il ərzində topladığı materiallar "TEAS Press” Nəşriyyat Evi tərəfindən "Fərqlilər” (2015) və "Mühacirlərin dönüşü” (2017) adı ilə çapdan çıxıb. Müəllif bildirib ki, "Fərqlilər” kitabında mühacirlərlə yanaşı, Azərbaycan tarixində önəmli rol oynamış şəxsiyyətlərin həyatı haqqında nadir materiallar təqdim edilib. Əsərdə Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin nadir fotoları və məktubu, Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundov, İsmayıl bəy Qutqaşınlı, Cəlil Məmmədquluzadə, Məhəmməd Səid Ordubadi, Əmin Abid Gültəkin, Üzeyir bəy Hacıbəyli, Əlimərdan bəy Topçubaşov, Nuru Paşa, Salman Mümtaz və digər görkəmli şəxsiyyətlərin həyatı haqqında maraqlı məlumatlar verilib. Müəllifin "Mühacirlərin dönüşü” adlı ikinci kitabında Azərbaycan Xalq Cümhuriyyəti və mühacirət tarixinə aid 50-yə yaxın yeni material təqdim edilib. Kitabda Cümhuriyyətin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin 4 yeni fotosu, 3 məktubu, imzalı kitabları, vizitkaları, portretinin təsviri yer alıb. Həmçinin bir çox yazıçı və şairlərin həyatına dair fotolar və məlumatlar da ilk dəfə olaraq kitabda təqdim edilib. "Azərkitab – Kitab Təbliğatı Mərkəzi”nin layihə rəhbəri Mirisrafil Sabir Həsənov, Azərbaycan Respublikasının Əməkdar Rəssamı, Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə və digərləri Prezident İlham Əliyevin bu il yanvarın 10-da Nazirlər Kabinetinin iclasında 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsinin əhəmiyyətini xüsusi vurğulayıblar. Diqqətə çatdırılıb ki, dövlətimizin başçısının bu tarixi qərarı dövlətçilik tariximizdə ən önəmli hadisələrdən biridir. Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları haqqında iştirakçılara ətraflı məlumat verilib, tariximizin bu şanlı səhifəsi ilə bağlı fikir mübadiləsi aparılıb.
|