Rövşən Yerfi - Pulyğma məntəqəsi
28.02.18

I
Gənc əməliyyatçı Firuzun arzusu baş tutmuşdu. Dörd gün əvvəl polisdən təhvil aldığı məhkum Güləli bu gecə məntəqə tipli cəzaçəkmə müəssisəsindən yenidən qaçmışdı. Özü də bu qaçış adi qaçış deyildi. Güləli cərimə təcridxanası adlandırılan tikilinin divarından daş çıxarıb qaçmışdı.
Gecə bir radələrində rəis müavininin cib telefonuna zəng vurub həyəcanla bu xəbəri deməsi Firuzu guya təşvişə salsa da, ürəyində sevinmişdi. “Canı çıxsın Xamisin, - müəssisə rəisinə acıqlanmışdı, - ona bu da azdı. Verdiyi pulu, aylığı kəsəndə belə olmalıdı, indi paylayar kəsdiklərindən yuxarılara... Ara yerdə növbədə olan zabitlə çavuşun bir illik mükafatı batacaq. Nə etməli, həyat da şahmat kimidir, güclü daşı vurmaq üçün gərək zəiflərdən qurban verilsin”.
Təcili Güləlini təhvil aldığı bölmənin polisinə zəng etdi:
-Qardaş, salam, mənəm Firuz, bağışla gecənin bu vaxtı narahat edirəm, dörd gün qabaq sizdən təhvil aldığım məhkumumuz vardı ha, o yenə qaçıb kalon məntəqədən. Hə, o vicdansız yəqin ki, evinə qaçıb, başqa hara gedəcək? Zəhmət olmasa, onu görsən, yenə tut qulağından saxla. Görüşəndə hörmətini edəcəyəm. Onsuz da sənə bir qonaqlıq borcum var. Oldumu? Ay, çox sağ ol...
Firuz məmnunluqla telefonunu qapayıb sabah nəyi necə edəcəyini özü üçün qərarlaşdırmağa başladı...
 ***
...Məhkum Güləli üçüncü ay idi qapalı cəzaçəkmə müəssisəsindən  10 ay 20 gün müddətinə, guya islah yoluna düşdüyünə görə yarım azadlığa – məntəqə tipli cəzaçəkmə müəssisəsinə - kalon məntəqəyə buraxılmışdı. Ona görə islah yoluna düşmüş hesab edilmişdi ki, içəridən çölə çıxmaq üçün qardaşlarını görüşə çağırıb tərbiyə işi üzrə müavinin vasitəsi ilə rəisə iki minə qədər azadlıq haqqı çatdırmışdı. Ondan pulu qədərindən çox almışdılar. O səbəbdən ki, cəza çəkdiyi ötən altı il ərzində dinc durmamış, məhkum yoldaşları ilə dalaşmış və rejim qaydalarını pozduğuna görə dəfələrlə karserə salınmışdı. Şəxsi işindən həmin cəzaları “təmizləmək” üçün qiymət artmışdı. Əks halda həmin cəzalarla Güləlini yarım azadlığa buraxmaq qanuni olmazdı.
Keçən yay həbs olunmuş məhkum yoldaşı Hüseynəli söz düşəndə onun vaxtından əvvəl çölə çıxmaq istəməsini qınayırdı:
-Ay ağılsız, altı il dözmüsən qalan on bir ayını da döz. Niyə o qədər pulu verdirirsən harınlara? Elə bilirsən çöldə yel əsib, qoz tökülüb? Getdin üç gün buraxacaqlar evinə. Üç gündən sonra deyəcəklər ki, yenə evində yatmaq istəyirsənsə hər ay 100 gətir, hardan tapırsan, necə tapırsan öz işindi. Bir də ki, polisə düşmə, düşsən polisin də haqqını səndən alacaqlar. İş tapa bilsən qazandığını onlara yedirəcəksən. Tapa bilməsən, aylığı verməsən fırlayıb-hərləyib yenidən səni qaytaracaqlar bura...
İndi Hüseynəlinin sözü haqq olmuşdu. Güləli kalon məntəqəyə gəlməsinə peşman idi. Gərək qalan cəza müddətini də dözüb çəkəydi. Birinci ayın “100-ünü” kalon məntəqənin müavininə çatdırmışdı. (Burada da haqq-hesab işi müavinlik idi.) İş tapmadığından ikinci ay üçün pulu hazırlaya bilməmişdi. Ona zəng vurub xəbərdarlıq etmişdilər. Bu da üçüncü ay, hələ də bir qazanclı iş tapa bilmirdi. Pulsuzluqdan evdə də qan-qaraçılıq başlanmışdı. Hirsini boşaltmaq üçün ucuz çaxırdan içib sərxoşlaşmış, bir neçə dəfə arvadına da əl qaldırıb şapalaqlamışdı. Arvadı isə polisə şlkayət edib onu təkrar türməyə göndərəcəyi ilə hədələmişdi.
Son dəfə içib yenə arvadla dava-dalaş edəndə səs-küyə gələn polis onu tutub bölməyə aparmış, “kepeze”yə salmışdı. Polis hardan bildi, necə gəldi, şübhəli qalmışdı. Olmaya, arvadı xəbər vermişdi?..
Polis kalon-məntəqəyə zəng vurmuş ki, məhkumunuz içkili halda dava-dalaş salmaq istəyəndə zərərsizləşdirmişik, gəlin adamınıza yiyə durun.
Səhəri gün Firuz gəlib polisin hörmətini edəndən sonra yanında gətirdiyi çavuşun müşayiəti ilə əllərini qandallayıb onu oturtdu maşına, gətirdi təzədən yarımsəhralıqda – düz biyabanlıqda yerləşən kalon-məntəqəyə. Apardılar rəisin kabinetinə. Bu rəis söyüş söymürdü, cavanlığında həccə getmişdi:
-Ə, səviyyəsizin biri, sənin harana yaraşır içib arvad döyəsən, qudurmusan? Belə pulun çoxdur gətir aylığı ver də...
Ona kalon-məntəqənin cərimə təcridxanası sayılan otaqda saxlanmaqla 7 sutka cəza yazıldı. Ardınca da bir qaranlıq yerə salıb qapısını bağladılar.
Hələ polisin “kepeze”sində olarkən Güləlini bir sual dəli kimi narahat etmişdi:”doğrudanmı polis onu təsadüfən gəlib evindən apardı? Yoxsa kim polisə xəbər vermişdi? Qonşumu, olmaya arvadımı?” Yeddi sutka bitən kimi necə var bunu dəqiqləşdirməli idi. İmkanı olsa elə bu saat, bu dəqiqə burdan qaçıb evinə gedər, onu narahat edən sualı çözərdi. Səbirsizlikdən partlayırdı. Bütün günü qaranlıq otaqda boş-boşuna vurnuxmaqdan da bezmişdi. Gündüzlər iki-üç saatdan bir nəzarətçi çavuş qapıdakı baxmaq üçün qoyulan deşikdən ona göz qoyurdu. Axşamlar yatmaq üçün çarpayı, döşək-balış  verilir, səhər otaqdan çıxarılırdı. Gecə yarıdan sonra isə nə çavuş görünür, nə də yaxınlıqdakı növbətçi otağından səs, hənirti gəlmirdi. Deyəsən hamısı yatırdı...
Bu cərimə otağı gördüyü başqa cərimə otaqarından ən sadəsi olmaqla yanaşı bir fərqli xüsusiyyəti də vardı. Axşamlar, gün batana yaxın otağın sol küncündəki ayaqyolu tərəfdə yerdən bir mişar daşı həcmində içəri ağ işıq düşürdü. Əslində o boşluqda ayaqyolu üçün kürəbənd qoyulmalı idi ki, nəcis-filan axıb kənara getsin. Amma burda saxlanılana nə yemək verilirdi ki, nəcis də olsun. Doğrudur sidiyə çıxmaq üzündən o yer pis qoxuyurdu.
Bəzən həyətdə saxlanılan it də gəlib başını oradan içəri salıb nəsə umsunurdu. Yəqin ki, onu da ac saxlayırdılar. İtə yazığı gələn Güləli gündə bir dəfə aldığı parça çörəyindən qırıntılar saxlayıb itə atırdı.
Axşamlar ayaqyolundakı həmin boşluqdan içəri süzülən günəş işığı Güləlini yaman hövsələdən çıxardırdı. Bu işıq onu qaranlıqdan çıxmağa, qaçmağa həvəsləndirirdi. Qaçıb həqiqəti öyrənməliydi, necə oldu ki, polis gəlib onu evindən apardı?
Qaçmaq elə çətin iş deyildi: belə cərimə otağı birinci dəfəydi görürdü. Görünür xərcin az olması üçün divarı bir qat tikmişdilər, heç normal suvağı da yox idi. Açıq yerlə yanaşı bir mişar daşı da çıxarılsa, oradan sürünüb qaçmaq mümkün idi.
Üçüncü gün Güləli onu gətirən əməliyyatçını – Firuzu görmək istədiyini nəzarətçidən xahiş etdi. Nəzarətçi çavuş Güləlinin xahişini əməliyyatçıya çatdırdı.
Firuz nahardan sonra cərimə otağına gəldi:
-“Qəhrəman”, məni xahiş etmisən? Eşidirəm, nə lazımdı?
-Firuz məllim, Allah qoysa dörd gündən sonra cəzam tamam olur, məni buraxacaqsız da, eləmi?
-Hara?
-Evimə...
-Yox əşi, ev nədi, aylıq gəlməsə kimdi səni buraxan...
-Mən gedib gətirməsəm, onu kim gətirəcək? Buraxın indi gedim gətirim.
-Sənə cəza təyin edilib, başa düşürsən? Səni indi buraxsaq iki aylıq borcundan əlavə gərək cəza üçün əlavə haqq ödəyəsən ki, qalan günlərindən azad ediləsən. Yaxşısı kim sənə kömək edə bilər, ona zəng vur, tapşır borcunu gətirsinlər, o vaxtadək yeddi sutkan da qurtarar.
-Mənim ardımca heç kim gəlməyəcək.
-Gör nə gündəsən ki, sənin üçün heç kim narahat deyil. Cəzan bitəndən  sonra da səni buraxmaq olmaz. Getdin, günlərlə gəlmədin. Sənə görə yenə polisə pul verək ki, tut saxla bizim üçün. Yox, sərf eləməz...
-Bəs onda necə olacaq?
-Heç nə, qalacaqsan bu məntəqədə - qanuni yerində.
Firuz bu sözləri deyərkən öz aləmində rəisi Xamisin sözlərini xatırladı. O, tapşırmışdı ki, yeddi sutkanın axırınadək yanına gələn olmasa, gəldiyi yerə - qapalı cəzaçəkmə müəssisəsinə qaytarmaq üçün sənədlərini hazırlayın.
Güləli sanki, Firuzun düşündüklərini duydu: çox güman ki,  bir az gözləyib onu evinə dəyməyə qoymadan həbsxanaya yola salacaqlar. Çünki, eşitmişdi ki, bu məntəqədə işləyənlər aylıq verib evində qalırdı, işləməyənləri isə rəisin gəlirindən ayrılan havayı yemək yeməmələri üçün çox da saxlanılmayıb “vozvrat” – geri göndərirdilər.
“Məsələ aydındır, - Güləli ürəyində düşündü, - qaçmaqdan ayrı yol yoxdur”.
-Firuz məllim, deyirəm burdan qaçsam mənə neyləyərlər? – O, gözaltı ayaq yolundakı işıq gələn boşluğa tərəf nəzər yetirdi. Gənc əməliyyatçı məhkumun baxışlarını işığa tərəf aparıb, tez də qaytardığını sezdi.
-Gic-gic danışma, işini daha da dolaşığa salarsan, cəzan artar.
“Doğurdan qaça bilsəydi, gör nə maraqlı olardı, - Firuz yenidən düşündü, - ən pis halda mən töhmət alaram duyuq düşmədiyim üçün. Yox, elə edərəm ki, xəbərdarlıqla canımı qurtararam. Ancaq Xamisi bərk silkələyərdilər...”
-Məllim, onsuz da dolaşıqdayam, islanmışın yağışdan nə qorxusu.
-Qaça bilərsən? Bacara bilərsənsə, göstər bacarığını. Eybi yox, təkrar səni tutub gətirərik, -əməliyyatçı ədalandı.
O günün gecəsi Güləli ona yatmağa verilən sınıq-salxaq çarpayının üçkünclü tərəflərindən birini qırdı. Sonra ondan ling kimi istifadə edib boşluqla yanaşı mişar daşının yan-başını xırda-xırda eşməyə başladı. Bütün gecəni yorulanadək səs salmadan bu işlə məşğul oldu. Zəhməti hədər getməmişdi, mişar daşı səhərədək yerindən demək olar ki, boşalmışdı.
Səhər qırdığı uzun dəmiri qaranlıq bir küncdə gizləyib qarşıdakı gecəni gözlədi. Günboyu mürgüləməklə dincini aldı. Növbəti axşam düşüb hava qaralan kimi yenə işini davam etməyə başladı. Bütün gücü ilə daşı yerindən oynada-oynada çıxmasına çalışdı. Bu arada boşluğun o tayında həyətdəki itin dayandığını hiss etdi. Səs-küy salmamasına görə günortadan saxladığı çörək qırıntılarını ona tərəf atdı. İt minnətdarlıqla zingildəyib qırıntıları anındaca uddu.
Yatmaq üçün çarpayısı veriləndə özünü nəzarətçiyə elə göstərdi ki, guya yuxudan ötrü ölür. Nəzarətçi işığı söndürüb gedəndən sonra gecədən qalan işinə başladı. Az keçmədi, nəhayət istəyinə çatdı, mişar daşını çölə çıxartdı. Ona nəzarət etməyi unutmuşdular. Elə hesab edirdilər ki, yuxudadır. Saat onikiyə yaxın nəzarətçi yoxlamağa gələcəkdi. Onun gəlişinə qədər otaqdan çıxmaq, həyətin hasarını keçib, bir qədər aralıdakı magistral yoldan keçən maşınlardan birinə oturub burdan uzaqlaşmaq lazım idi. Saat on ikidən sonra yoldan keçən maşınların sayı da azalırdı.
Eni iyirmi, uzunu səksən santimetrlik yerdən sürünüb çıxa biləcəkdimi? Əsas başıdır, başı çıxsa bədəni də çıxacaq. Nahaq deməyiblər, başın girməyən yerə bədənini soxma!
O, sidik qoxuyan torpağın üzəri ilə sürünüb, mişar daşlarına sürtülsə belə başını yanbəki çölə çıxara bildi. “Əla, bacardım, - sevinclə fikirləşdi, - demək çıxa biləcəyəm”. Dalısıyca bədənini çöndərib çiyinlərini çıxartmaq üçün süründü...
***
Gecə on ikinin yarısına yaxın nəzarətçi çavuş həyəcanla müəssisə rəisinin növbətçi köməkçisinin otağına gəldi:
-Cənab kapitan, cərimə otağındakı məhkum yoxdu...
-Necə yoxdu?
-Yoxdu, deyəsən qaçıb...
-Axı necə qaçıb? Qapını açandamı qaçıb? Qaçmağın gördünmü?
-Mən heç nə açmamışam. Gözlükdən baxdım, gördüm içəridə yoxdu, qeyb olub.
-Gedək baxaq.
Onlar cərimə otağına gəldilər. Qapını açıb içəri girdilər. Çarpayının üstündəki adyal içində kimsə yatırmış kimi bükülsə də məhkum yox idi. Kapitan Mahir heyrətindən dondu. Bəs bu hara yoxa çıxmışdı? Otağın hər tərəfinə diqqətlə göz gəzdirib ayaqyolu tərəfdə deşiyin böyüdüyünü görəndə təəccübləndi:
-Olmaya əclaf burdan qaçıb? Bu dar yerdən necə çıxıb?
Tez həyətə çıxıb yaxınlıqdakı hasarların ətrafını yoxladılar.
-Təcili fonarı götürüb məntəqənin ətrafını, hər yanını yoxlamaq lazımdır. Ola bilsin haradasa gizlənib.
-Bu nə vaxt çıxıb ki, xəbər tutmamışıq. Görürsüz, ayrı vaxtı hər xırda səsə hürən itin də səsi çıxmayıb, - çavuş deyindi.
Onlar məntəqənin dörd tərəfini ələk-vələk etsələr də axtardıqları məhkumu tapmadılar.
-Hə,deyəsən bu yaramazı dəqiq qaçırtdıq, - axtarışların nəticə vermədiyini görən kapitan Mahir məyusluqla heyifsləndi, - yəqin çoxdan özünü magistrala çatdırıb, minib yoldan keçən maşınların birinə. Daha bunu bu gecə vaxtı tuta bilmərik. Biabır olduq, çarə yoxdur gərək rəis müavininə, rəisə zəng edib məlumat verək.
Kapitan Mahir baş verən hadisəni əvvəlcə rəis müavininə zəng vurub məruzə etdi. Rəis müavini gecə vaxtı rəisin qanını qaraltmamaq üçün növbətçiyə: sən zəng etmə, səhər özüm xəbər verərəm, - dedi. Sabahdan axtarış təşkil etmək üçün təkcə gənc əməliyyatçı Firuza zəng vurub hadisəni xəbər verdi. Firuz isə irəlicədən təxmin etdiyi hadisəyə adicə təəssüflənməklə kifayətləndi.
II
Səhəri günü rəis Xamis işçilərini kabinetinə yığıb bərk qəzəblənmişdi:
-Mən bilmirəm, siz bura xidmət çəkməyə gəlirsiz, yoxsa yatmağa? Sonra da deyirsiz Xamis növbətçi otağında çarpayı qoymağa icazə vermir. Düz eləyirəm yığışdırıram. Xidmət vaxtı heç dincəlmək də olmaz. Hardaydız, hara baxırdız, niyə yatıb dustağı qaçırtdız?
-Cənab rəis, - kapitan Mahir dilləndi, - məhkum qaçanda dincəlmək vaxtı deyildi. O, təqribən onbir – onikinin yarısı radələrində qaçıb, bəlkə də tez...
-Lazımdısa gərək gedib oturaydız yanında. Gecə vaxtı qaçıb cinayət törədibsə, kim cavab verəcək? Yenə prokurorların kabinetlərinə minnətçi düşən mən olacağam, siz yox. Bəsdirin işdə külləndiniz, işləyə bilirsiz işləyin, işləyə bilmirsiz gedin bacardığınız işlə məşğul olun. Axşamacan işiniz-sənətiniz rəisin gəlirini hesablamaqdı. Aylıqdan filan qədər, büdcədən filan qədər, şərti azadlıq işindən filan qədər. Bəs heç xərclərimdən xəbəriniz var? Elə bilirsiz bu kresloda əyləşmək asandı? Bunun idarəsi var, nazirliyi var, filanı var, gələni var, gedəni var. Təkcə şikayətlənmək bilirsiz: filan məntəqənin rəisi işçilərinə filan qədər paket verir, hə, bəs, siz kəsirsiz. Əcəb edirəm kəsirəm, belə işləməklə verdiyim də sizə çoxdur. Qaldı ki, sizi, - üzünü kapitanla, çavuşa tərəf tutdu, - baş verən hadisəyə görə xüsusi cəzalandıracağam!
-Cənab rəis, hadisə mənim növbəmdə baş verdiyi üçün cəzalandırılacağıma sözüm yox. Lakin, yoldaşlar inciməsin, - kapitan Mahir ətrafdakılara nəzər saldı, - məhkumun qaçması tək mənim günahımdan olmayıb, bu məsələdə hamının günahı var. Dörd sutka idi məhkum cərimə otağına salınmışdı. Bu dörd sutkada müavin, dəstə rəisi, əməliyyatçı – hansı bir dəfə yanına gedib onunla söhbət edib?
-Mən bir dəfə danışmışam, - Firuz yerindən səsləndi.
-Qaçmaq fikrinin olduğunu hiss etmisənmi? İşçiləri xəbərdar etmisənmi?
-Xeyr, - Firuzun ani tutuldu, tez də özünü toparladı, - hiss etsəydim xəbərdar edərdim, şübhəsiz..
-Demək hiss etməmisiz, əslində hiss edib xəbər verməiydiz. Yaxud bu dörd gündə içi mən qarışıq hansı zabit və ya nəzarətçi cərimə otağını yoxlayıb, axtarış aparıb? Aparılsaydı çarpayının dəmirinin qırılmasından xəbər tutulardı, elə deyilmi? Ayaqyoludan çıxarılan daşa gəldikdə isə deməliyəm ki, hələ ötən payız o otaq tikiləndə,  rəis, sizə bildirmişdim ki, cərimə otağının divarının tək daşdan tikilməsi düzgün deyil. Siz əhəmiyyət verməyib, az məsrəfə görə  qənaət edib tək daşdan tikdirdiz. İçərisində ayaqyolu düzəldiləndə yarımmetrlik kürəbənd qoymaq əvəzinə mişar daşı böyüklükdə boş məsamə saxladız. Baxın, məhkum da qaçmaq üçün həmin məsamənin yanından daş qoparıb. Sonda hamının günahı var ikən hadisə mənim növbəmdə olduğu üçün mən günahkar sayılıram...
- İndi əsas məsələ dustağın tutulmasıdır, - rəis söhbətin mövzusunu dəyişmək istədi, - Firuz, onun yaşadığı yerin polisi ilə danışmısan?
-Bəli rəis!
-Dustağı tutaq, “vozvrat” edək, sonra kimin məsuliyyəti nə qədərdir, müəyyənləşdirərik. Mahir, sonra gələrsən yanıma ikilikdə geniş müzakirə edərik...
***
İclas təzəcə bitmişdi, baş idarədən zəng vurub gecə baş verən hadisə ilə maraqlandılar. Məlum idi ki, xəbəri onlara özünü gələcəyin rəisi sayan gənc əməliyyatçı Firuz çatdırmışdı.
-Firuz, axır ki, səbr edə bilməmisən, “qaçaraq məlumat” göndərmisən, qoymamısan köhnəlsin, - kapitan Mahir belə deməklə ona  narazılığını ifadə etdi.
-Qardaş, niyə inciyirsən, hadisə baş veribsə idarəyə xəbər vermək mənim borcumdur. Mən ola-ola başqasının məlumat verməsi nə dərəcədə düzgün olardı? Özü də elə bir hadisə ki, gizlətmək olmaz.
Cavab Mahiri qane etməsə də dinmədi.
-Sənə bir söz deyim, sən heç narahat olma. O qaçan köpək uşağını polisin köməyi ilə uzağı iki-üç günə tutacağam, hara qaçacaq? Bu heç. Sən gəl mənə qulaq as, mən deyən kimi et, uduzmazsan, - o, Mahiri kimsənin olmadığı bir tərəfə çəkdi, - istəsək də, istəməsək də bu hadisə olub. Fərqi yoxdur, hadisə başqasının növbəsində də baş verə bilərdi, tərs kimi sənin bəxtinə düşdü. Sənə buna görə bir töhmət elan edəcəklər, qurtarıb gedəcək. İşin pis tərəfi odu ki, bir il mükafat ala bilməyəcəksən. İndi Xamis sənə desə ki, üç aydan sonra töhmətini siləcəyəm, yalan deyəcək, inanma. Özün də bilirsən ki, yalançının biridir. Sənin yerinə olsaydım iclasda dediklərini eynilə, izahatımda da yazardım. Yəni, mən cəzalanıramsa, qoy başqaları da cəzalansın. Bilirsən nə yaxşı fürsətdir Xamisin rəislik kitabının bağlanması üçün? Xamisi çıxardıb yerinə bir normal rəis təyin etsələr canımız qurtarar bunun yığıçı xəsisliyindən...
-Deyirsən Xamisin üzünə durum?
-Hə, çəkinmə, dur üzünə! Əgər xəsislik etməyib qaydasınca cərimə otağı tikdirsəydi, bu hadisə baş verməzdi.
-Bəs digər işçilər? Sənə də söz gələcək...
-Lələşinçün qəti narahat olma, - əlini sinəsinə qoydu, - mənə xəbərdarlıqdan savayı heç nə etməyəcəklər. Qalanların da vəkilisən? Əsas məsələ Xamisin burdan rədd olmasıdır. Dediyimi etsən, təzə rəhbərlikdə ürəyin istəyən şəraiti yaratmağa mən sənə söz verirəm. Bilmək olmaz, bəlkə lələşin irəli getdi, müavin oldu...
-Allah işini avand etsin, Firuz! Amma mən heç kəsin üzünə duran deyiləm. Qoy bir il mükafat almayım, eybi yox...
Niyyətinin alınmadığını görən Firuz təəssüfləndi:
-Özün bil. Xamis sizə nə edir, haqqına edir.
***
Beş gün sonra Güləlini bir daha tutub həbs elədilər. Xoşbəxtlikdən həmin günlərdə yeni cinayət törətməmişdi. Həbsin davamı olaraq məhkəmənin qərarını alıb, əvvəlki qapalı cəzaçəkmə müəssisəsinə qaytardılar.
Cərimə otağının divarı sökülən gecə növbədə olan nəzarətçi çavuşa  və kapitan Mahirə baş idarə tərəfindən töhmət, qalan işçilərə xəbərdarlıq elan olundu. Otağın ayaqyolusuna isə köhnə olsa da unitaz qoyuldu. Kürəbəndin ətrafı da örtülüb sementləndi.
Firuzu azad edib, şəhərə yaxın müəssisələrdən birinə eyni səlahiyyətli vəzifəyə göndərdilər. Gənc əməliyyatçı bunu özü üçün böyük uğur hesab edib qürrələnirdi:
-Mən getdim şəhərə, canım qurtardı bu qumsallıqdan, “yanıq” yerdən... Görərsiz, yaxın gələcəkdə mən bura rəis vəzifəsinə gələcəyəm.
Rəis Xamis isə həmişəki kimi yenə “sudan quru çıxmışdı”. Ayın sonunda ona Güləlidən məhkəmədə ifadə alan müstəhtiq zəng etmişdi:
-Rəis, sizin keçmiş məhkum sizə qarşı ifadə verib. İfadəsində yazıb ki, sizin müəssisədə məhkumları işlə təmin etmək əvəzinə aylıq yığmaqla məşğuldurlar, kalon-məntəqəni pul yığma məntəqəsinə çeviriblər.
Rəis isə qəhqəhə çəkib cavab vermişdi:
-Siz o alkoqolikin ifadəsini saxlayın mənim üçün, məhkəməyə yolum düşəndə gəlib sizlə “görüşüb” götürərəm. Guya ki, təzə bir şey kəşf edib, ay axmaq deynə, sənin o yazdıqlarını kim bilmir ki...

09.2016

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.