“Kitabi Dədə Qorqud” dastanının Vatikan nüsxəsi nəşrə hazırlanıb
21.02.18
Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi “Kitabi Dədə Qorqud” dastanının Vatikan nüsxəsi “XAN” nəşriyyatının “Milli ədəbiyyat” silsiləsində çap olunacaq.
Dastanın Vatikan nüsxəsi İtaliyanın Vatikan kitabxanasında qorunan, XVI əsrin birinci yarısında üzü köçürülən, bir müqəddimə və altı boydan ibarət olan nüsxədir. “Hekayəti-Oğuznameyi-Qazan bəg və ğəyri” adlanan bu nüsxə ilk dəfə əski əlifbadan müasir əlifbaya çevrilərək, Azərbaycan oxucusuna təqdim ediləcək.
Abidəni transliterasiya edən, ön söz, qeydlər və şərhlərin müəllifi filologiya elmləri doktoru, professor Tərlan Quliyev, elmi redaktoru filologiya elmləri doktoru, professor Füzuli Bayat, naşiri filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiqdir.
Kitab Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası Elmi Şurasının qərarı əsasında çapa hazırlanır.
|