Strasburqdakı “Kəpəz” nəşriyyatında “Müsəlman dünyasının islahatı” kitabı çapdan çıxıb
15.02.18
Strasburqda “Müsəlman dünyasının islahatı (Qərb uğurları Şərq oyanışından ilhamlananda)” adlı kitab çap edilib. Bu, 2017-ci ildə Strasburqda Dilbadi Qasımov, Jan-Emanüel Medina və Nicat Kazımovun rəhbərliyi ilə təsis edilmiş “Kəpəz” nəşriyyatının buraxdığı ilk kitabdır.
AZƏRTAC xəbər verir ki, Strasburqda yaşayan həmvətənlərimizin nəşr etdikləri kitab ictimai-siyasi xadim, görkəmli jurnalist və publisist, məşhur yazıçı və alim kimi tanınan Əhməd bəy Ağaoğlunun yazıları əsasında hazırlanıb.
Əhməd bəy Ağaoğlu Azərbaycanın Şuşa şəhərində anadan olub, Parisin məşhur Sorbon Universitetində təhsil alıb, yerli və xarici mətbuatda maraqlı məqalələrlə çıxış edib. Fransada təhsil aldığı dövrdə Avropa demokratik ideyalarından və fransız şərqşünas-alimlərinin əsərlərindən təsirlənən Əhməd bəy tezliklə Azərbaycan xalqının milli özünüdərketmə və türkçülük ideyalarının yayılması işinə başlayıb. O, dini baxış, düşüncə tərzi və davranış islahatları uğrunda ideya mübarizəsi aparıb.
|