Türkiyənin Türk Ədəbiyyatı Vəqfinin nümayəndə heyəti ilə görüş
15.02.18
Türkiyənin Türk Ədəbiyyatı Vəqfinin geniş tərkibli nümayəndə heyəti Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun qonağı olub.
Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Azərbaycan-Türkiyə münasibətlərinin daim yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. Ümummilli lider Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” – deyərək iki ölkə arasında dostluğun, qardaşlığın formulunu müəyyənləşdirdiyini xüsusi qeyd edən akademik İsa Həbibbəyli Türkiyənin görkəmli ədəbiyyatşünası Əhməd Kabaklının tədqiqatlarından ətraflı bəhs edib. Qeyd edib ki, Əhməd Kabaklının 5 cildlik Türkiyə ədəbiyyatı tarixi kitabı Türkiyədə ədəbiyyat tarixçiliyinin mükəmməl nümunəsidir: “Əhməd Kabaklı həm ədəbiyyat tarixçiliyi, həm də nəzəriyyə istiqmətində Türkiyədə təməl yaratmış alimdir”.
Akademik İsa Həbibbəyli Türkiyə Ədəbiyyatı Vəqfi ilə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun birgə elmi əməkdaşlığı barədə də danışıb. Türkiyədə Azərbaycan ədəbiyyatının, eləcə də Azərbaycanda Türkiyə ədəbiyyatının yığcam tanıtma kitabının çapının zəruri olduğunu diqqətə çatdıran akademik İsa Həbibbəyli eyni zamanda ortaq konfransların keçirilməsi, jurnalların nəşri barədə də təkliflərini bildirib.
Türkiyə Ədəbiyyat Vəqfinin rəhbəri Serhat Kabaklı çıxış edərək Vəqf tərəfindən Türk dünyası ədəbiyyatı nümunələrinin çapına başlandığını və bu seriyadan artıq bir neçə kitabın nəşr olunaraq oxuculara çatdırıldığını bildirib.
Daha sonra çıxış edən professor Ramazan Qorxmaz, İmdat Avşar, Vəqfin idarə müdiri Əhməd Ünlü, Vəqfin İdarə heyətinin üzvü Erol Ürgen, Şener Bulud Azərbaycan-Türkiyə elmi-ədəbi əməkdaşlığın xüsusiyyətlərindən danışıblar.
Qeyd edək ki, iki qardaş xalq arasında elmi-ədəbi əməkdaşlığın inkişafında çoxşaxəli fəaliyyətinə akademik İsa Həbibbəyli Türk Ədəbiyyatı Vəqfinin “Təşəkkürnamə”si ilə təltif edilib. Təşəkkürnamə Vəqfin rəhbəri Serhat Kabaklı tərəfindən akademik İsa Həbibbəyliyə təqdim edib.
|