Türkiyədə Azərbaycan mədəniyyəti günləri keçiriləcək
14.02.18
Türkiyədə “Azərbaycan mədəniyyəti günləri” proqramı çərçivəsində bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur. Hazırda Türkiyə və Azərbaycanın Mədəniyyət və Turizm nazirlikləri, habelə Xarici İşlər nazirlikləri arasında bu istiqamətdə danışıqlar aparılır.
Bunu Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Çetin Akar Türkiyə İnkişaf və Koordinasiya Agentliyi (TİKA) və Anadolu xəbər agentliyinin təşkilatçılığı ilə fevralın 13-də keçirilən “Diplomatik müxbir” proqramının iştirakçıları ilə görüşdə bəyan edib.
Çetin Akar bildirib ki, növbəti həftə Ankarada Azərbaycanın mədəniyyət və turizm nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilməsi planlaşdırılır. “Azərbaycan mədəniyyəti günləri” proqramı çərçivəsində Türkiyədə sərgilər, konsertlər, Azərbaycandan olan akademik nümayəndə heyətlərinin səfərləri təşkil ediləcək.
Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi ölkənin Azərbaycan, Tacikistan, Qazaxıstan, Özbəkistan, Monqolustan, Ukrayna, Gürcüstan və Qırğızıstan ilə mədəni əlaqələrinin inkişafı və dərinləşməsinin əhəmiyyətinin qeyd edib.
Görüşdə “Türkiyənin mədəniyyət diplomatiyası” mövzusunda videotəqdimat olub.
Tədbir iştirakçılarına, həmçinin Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət siyasəti və fəaliyyəti haqqında geniş məlumat verilib. Qeyd edilib ki, Türkiyə turist axınına görə aparıcı ölkələrdən biridir. Belə ki, bu ölkənin ərazisində UNESCO-nun qeyri-maddi mədəni irsi siyahısına daxil olan 14 tarixi abidə var. Türkiyənin mədəni müxtəlifliyi, burada yaşayan xalqların keçirdiyi festivallar turizmin inkişafında və ölkənin təbliğində mühüm rol oynayır. Yerli film və televiziya seriallarının da Türkiyə turizminin tanıdılmasında əhəmiyyəti var.
Çetin Akar cari ildə keçiriləcək tədbirlərdən söz açıb. Diqqətə çatdırıb ki, Türkiyənin Səudiyyə Ərəbistanı, Tailand, Rusiya və Çin ilə mədəniyyət əlaqələrinin inkişafı çərçivəsində bir sıra tədbirlər keçirilməsi nəzərdə tutulur. İordaniya, Qırğızıstan və Vyetnamda Türkiyə mədəniyyəti günləri təşkil olunacaq.
Görüşün sonunda Çetin Akar jurnalistlərin suallarını cavablandırıb. /Azərtac/
|