“İrs” jurnalının ərəb dilində növbəti nömrəsi çapdan çıxıb
14.02.18
Birləşmiş Ərəb Əmirliklərində “İrs” jurnalının ərəb dilində növbəti nömrəsi çapdan çıxıb.
Bütün ərəbdilli ölkələrdə yayılan jurnalın yeni nömrəsi öz oxucularına 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və bu münasibətlə bir sıra beynəlxalq tədbirlərin, habelə 2017-ci ilin mayında bütün İslam dünyası üçün mühüm olan iri idman tədbirinin – IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi barədə silsilə məqalələr təqdim edir.
Jurnalın baş redaktoru Musa Mərcanlı redaksiya məqaləsində yazır ki, Azərbaycanda “İslam Həmrəyliyi İli”nin elan edilməsi müsəlman ölkələri arasında münasibətlərin və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə güclü təkan verib. O, xüsusi vurğulayır ki, Azərbaycan özünün tolerantlıq və multikulturalizm ənənələri ilə şöhrət qazanıb.
Jurnalda Azərbaycanda “İslam Həmrəyliyi İli”nin elan edilməsi təşəbbüsünün əhəmiyyəti barədə dövlətimizin başçısı İlham Əliyevin çıxışlarından sitatlar gətirilib. Bütün müsəlman dünyasına və planetimizə xoşməramlı mesaj olan həmin sitatlar ölkəmizin İslam dünyasında birliyin və həmrəyliyin dəstəklənməsinə yönəlmiş sülhməramlı niyyətlərini bariz şəkildə nümayiş etdirir.
Azərbaycanın Misirdəki səfirliyinin konsulu Emil Rəhimovun “2017-ci il Azərbaycanda İslam Həmrəyliyi İlidir” sərlövhəli analitik məqaləsi də diqqəti cəlb edir. Müəllif müsəlman ölkələri arasında birliyin və həmrəyliyin möhkəmlənməsinə Azərbaycanın sanballı töhfəsindən ətraflı söhbət açır. Məqalədə deyilir ki, İslam dünyasının tərkib hissəsi olan Azərbaycan əsrlərboyu İslam sivilizasiyasının mərkəzi olub və İslam mədəniyyətinin yayılmasında Azərbaycan xalqı mühüm rol oynayıb. Məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Ermənistanı işğal edilmiş Azərbaycan ərazilərini azad etməyə çağıran BMT qətnamələri əsasında nizamlanması prosesində Azərbaycanın ədalətli mövqeyi də oxucuların diqqətinə çatdırılır.
Jurnalda iki il ərzində Azərbaycanda keçirilmiş iri beynəlxalq idman tədbirləri – birinci Avropa Oyunları, “İslamiada”, “Formula 1”, Dünya Şahmat Olimpiadası və s. barədə materiallar təqdim edilib. Qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident, Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın böyük səyləri sayəsində ən yüksək səviyyədə təşkil edilmiş İslam Həmrəyliyi Oyunları müsəlman xalqlar arasında dostluq münasibətlərinin möhkəmlənməsinə kömək etməklə yanaşı, İslamın həmrəylik, tolerantlıq, mədəniyyət, tərəqqi və sülh dini olduğunu nümayiş etdirib.
Jurnalın “Azərbaycanı kəşf edərkən” rubrikasında dərc edilmiş xarici müəlliflərin məqalələri xüsusi maraq doğurur. İordaniyanın “Qədim abidələrin dostları” Cəmiyyətinin direktoru Adib Əbu Şmisin “Azərbaycanın qədim abidələri” sərlövhəli məqaləsində ölkəmizin unikal tarixi-mədəni abidələrindən söhbət açılır. Mövzunu İnayə Əbu Şmisin “Azərbaycan turistin gözləri ilə” və iordaniyalı memar Xanaa Saduldinin ölkəmizin gözəlliyinə və mədəniyyətinə heyranlığın ifadə olunduğu “Gözəl Azərbaycan, mən səni necə sevirəm” sərlövhəli məqalələri davam etdirir.
Ərəbdilli oxucular növbəti nömrədə memarlıq abidəsi olan Hacı Zeynalabdin Tağıyev sarayı, ənənəvi qadın baş örtükləri, Azərbaycan rəssamı Elbəy Rzaquliyev və s. barədə maraqlı materiallarla da tanış ola bilərlər. /Azərtac/
|