Vasif Əlihüseyn - Nədir cəriməsi sənə baxmağın
12.02.18
QATARDA YOL GEDƏN KOR SƏRNİŞİNƏM
Əllərin buzdumu, belə soyuqdu, donub qollarında o buza qalıb. Deyirlər sabah da günəş çıxacaq, hamının ümidi ulduza qalıb. Nədir cəriməsi sənə baxmağın, adam da qəbrinə aparır ağın. Suları üstündən gedən torpağın, indi hər tərəfi qır duza qalıb. Bir ocaq da yoxdu dondum, isinəm, çalın-çarpaz dağdı, dağ görən sinəm. Qatarda yol gedən kor sərnişinəm, ümidim bircə yol o qıza qalıb.
BƏXTİM DƏ GƏTİRMİR... Can çıxır, hər dəfə can sağaltmağa, elə qismətimdi, birtəhər olum. Dünyaya o qədər kasıb gəlmişəm, bəxtim də gətirmir bəxtəvər olum. Başımda nə boyda fikir var, gicəm, elə bacarmıram doyunca içəm. Səni çox gözlədim, çıx, get, ay gecəm, gəlmişəm bu sabah mən səhər olum. İndi bu təklik də yetməz dadıma, əlçatmaz olmuşam öz muradıma. Sual göndərirsən hələ adıma, bilmirsən mən sənsiz, nə təhər olum.
ÇIX GET, DÜKANA DÖN
çıx get, uşağını saxla mən də başımı saxlayım. sən başında yaylığını, mənsə, daşımı saxlayım. qollarını çox geniş aç, sənə qaçan oğul-qıza. hamı yatsın, məni düşün, yatağında rahat uzan. neyniridin ki, o üzüyü taxırsan e, duran kimi. ürəyinə də dolaşıb səni çalan ilan kimi. çıx get, dükana dön, evə bir şey al uşaqlar qaçsın qabağına.
QOLLARI ARXASINA QANDALLANMIŞ MƏHBUS KİMİYƏM
Məni görmədiyin gecələrdə nə qədər ağlamısansa hamısı susuzluğumu yatırdıb şəkillərimə baxdıqca daha çox gözümə görünmüsən qolları arxasında qandallanmış məhbus kimiyəm
sən gül gözləyirsən məni isə əlvida demək üçün əyilmişəm qulağına pıçıldamağa.
|