TÜRKSOY Azərbaycanla bağlı çoxsaylı tədbirlər həyata keçirəcək
12.02.18
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə TÜRKSOY-un baş katibi Düsen Kaseinov arasında görüş olub.
Nazirlikdən bildirilib ki, Ə.Qarayev TÜRKSOY-un fəaliyyətinin bütövlükdə türkdilli xalqların birliyinə xidmət etdiyini deyib. Bildirib ki, türk mədəniyyətini, xalqların milli adət-ənənələrini beynəlxalq aləmdə tanıdılması istiqamətində birgə işlər görülməlidir.
Təşkilatın Azərbaycanla əlaqələrinin daha da davamlı olacağına əminliyini ifadə edən nazir qeyd edib ki, UNESCO və ISESCO ilə də sıx əməkdaşlıq edən TÜRKSOY müxtəlif beynəlxalq forumlarda yaxından iştirak edir, türkdilli xalqların mədəniyyətinin təbliğini həyata keçirir.
Görüşdə, həmçinin Qara Qarayevin 100 illik yubiley tədbirlərinin keçirilməsi və ölkəmizdə mədəniyyət sahəsində gerçəkləşən yeni tədbirlər, layihələr müzakirə olunub.
Səmimi qonaqpərvərliyə görə nazirə təşəkkürünü bildirən baş katib təşkilatın gələcəkdə həyata keçirəcəyi layihələr haqqında məlumat verib və Azərbaycanla bağlı çoxsaylı tədbirlərin həyata keçiriləcəyini diqqətə çatdırıb.
|