Səlim Babullaoğlu Türkiyə Ədəbiyyat Vəqfinin Azərbaycandakı fəxri təmsilçisi təyin olunub
07.02.18
Türkiyə Ədəbiyyat Vəqfi mətbuat xidmətinin verdiyi xəbərə görə Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu Türkiyə Ədəbiyyat Vəqfinin Azərbaycandakı fəxri təmsilçisi təyin olunub.
Türkiyə Ədəbiyyat Vəqfinin başqanı Sərhəd Kabaklının imzaladığı Təmsilçilik diplomunda bu sözlər qeyd olunub: "Türk mədəniyyət, sənət və ədəbiyyat həyatının inkişafı, dərin mədəni irisin gələcəyə ötürülməsi və keçmişdə böyük xidmətlərə imza atmış dəyərli adların xatırlanaraq gələcək nəsillərə tanıdılması, qardaş ölkə ədəbiyyatları arasındakı işbirliklərinin gücləndirilməsi ümidiylə qurulan Türkiyə Ədəbiyyatı Vəqfində dəyərli işlərə imza atacağınıza inanır, fəaliyyətinizdə güc və uğur arzu edirik...”
Şair Səlim Babullaoğlu isə açıqlamasında bunları deyib: "Türkiyə Ədəbiyyat Vəqfi” Türkiyənin dəyərli və türkdilli arealda bilinən, görkəmli türk yazarı, jurnalisti Əhməd Kabaklı tərəfindən təsis edilmiş qurumlarındandır, "Türk Edebiyyatı” dərgisi kimi ciddi bir nəşrdir, 50 ilə yaxın bir vaxtdır hər ay dərc edir. Mən vəqfin rəhbəri hörmətli Sərhəd Kabaklıya, İmdat Avşar başqa olmaqla namizədliyimi irəli sürmüş və dəstəkləmiş hər kəsə, idarə heyəti üzvlərinə təşəkkür edirəm. Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri kimi, onsuz da xalqların ədəbiyyatlarının yaxınlaşması və mübadiləsi işi ilə məşğul olmuşam. İndi isə fəaliyyətim yəqin ki, türk ədəbiyyatları istiqamətində daha dərin və əsaslı xarakter alacaq”.
|