Azərbaycanlı alimlər Özbəkistanda beynəlxalq konfransda iştirak edir
07.02.18
Özbəkistanın Nəvai şəhərində böyük özbək şairi Əlişir Nəvainin irsi ilə əlaqədar “Əlişir Nəvai irsi və ümumbəşəri mənəvi dəyərlər” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.
Tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Hindistan, Əfqanıstan, Pakistan və digər ölkələrin nəvaişünas alimləri iştirak edir.
Ölkəmizi bu konfransda Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutunun direktoru, professor Möhsün Nağısoylu, həmin institutun əməkdaşı Elçin İbrahimov, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Almaz Ülvi Binnətova, filologiya üzrə fəlsəfə doktoru Könül Rəhimova və Bakı Dövlət Universitetinin professoru Ramiz Əskər təmsil edir.
İki gün ərzində konfransda Əlişir Nəvainin həyat və yaradıcılığı ilə bağlı çoxsaylı məruzələr dinləniləcək.
Konfransda Azərbaycan alimlərinin çıxışları da olacaq. /Azərtac/
|