Orhan Arasın "Son cənnət" romanına bir baxış
07.02.18

Orhan Aras müasir türk ədəbiyyatının tanınmış nümayəndələrindəndir. Şair, nasir, jurnalist kimi fəaliyyət göstərən Orhan Aras 1963-cü ildə İğdırda dünyaya gəlib.
 
Əslən azərbaycanlı olan yazar orta təhsilini Qarsda alıb, Ərzurum Universitetinin Jurnalistika fakültəsini bitirib. Almaniya və Azərbaycan Yazıçılar birliklərinin üzvü olan O.Aras Almaniyada yayımlanan "Referans" jurnalının baş redaktorudur. Orhan Aras həm türk, həm alman, həm də Azərbaycan dillərində çap olunmuş müxtəlif bədii, elmi-publisistik kitabların müəllifidir. O, "Azərbaycan davamız" (1998), "Həzrət Əli" (2000), "Ayrılığın rəngi hüzün" (2003), "Kaşğardan Berlinə" (2010), "Ah Türkiyə" (2016), "Oriyentalistmi?" (2016) və digər  əsərləri ilə istedadlı publisist və yazıçı olduğunu sübut edib.

Orhan Arasın yaradıcılığında Azərbaycan mövzusu mühüm yer tutur. O, azərbaycanlı yazıçı Məhəmməd Əsəd bəy (Qurban Səid) haqqında "Əsəd bəyin həyatı və jurnalistikası" adlı sanballı monoqrafiya qələmə alıb. "Oriyentalistmi?" (2016) adlı kitabında Orhan Aras 1969-cu ildən etibarən bütün dünyada fenomenə çevrilən, "Əli və Nino" adlı kiçik bir romanı bütün dillərə tərcümə olunan, ürəkyandıran bir eşq hekayəsi və ondan daha maraqlı şəxsiyyəti ilə əsrarəngiz yazıçı Qurban Səidin həyatı  haqqında geniş məlumat verir.

"Kaşğardan Berlinə" (2010) əsərini portret-oçeklər kitabı kimi dəyərləndirmək olar. Kitabda Orhan Arasın coşğulu qələmindən çıxan essevari təhkiyə ilə Çingiz Aytmatov, Annemari Şimmel, Yavuz Bülənt, Rəbiyyə Qədər və b. türk dünyasında tanınmış ədəbiyyat və elm adamlarından söz açılır.

Orhan Aras "Ah Türkiyə" (2016) kitabında getdikcə sosiallaşan həyatda türk dilinin əriməsi, din pərdəsi altına müxtəlif məzhəblərin yayılması haqqında mükəmməl türkcəsi ilə həyəcan təbili çalır.

"Həzrət Əli" (2000) kitabı tarixdə bərabərinə az rast gəlinən şəxsiyyətlərdən biri olan Həzrət Əlinin həyat hekayəsi, etdiyi müharibələr, islam dininə xidmətləri barədədir. Romanda ən amansız döyüşçülərin belə qarşısında titrədiyi Əli ailəsində şəfqətli ata, mehriban ər kimi təsvir edilmişdir.

Orhan Arasın Azərbaycan dilində təzəcə çapdan çıxmış "Son cənnət" romanı (Bakı, "XAN" nəşriyyatı, 2017) böyük maraq doğurur. Roman sadə təhkiyə tərzi, axıcı dili ilə oxucunu dərhal ələ ala bilir. Düşündürücü problemlər qaldıran romanda xalq həyatı geniş və əhatəli  şəkildə əks etdirilib. Əsərdə 1990-cı illərdə Türkiyədə baş verən siyasi hadisələrin ümumi mənzərəsi, silahlı qarşıdurmalar, İslam inqilabından sonra İranda yaşanan fiziki və mənəvi çaxnaşmalar, Almaniyada mühacir düşərgələrindəki həyat təsvir edilib. Can, Memo, Dilo, Aliyə kimi obrazların hər biri Orhan Arasın usta qələmindən çıxmış  maraqlı, özünəməxsus personajlardır.

Maraqlı süjet xətti ilə yanaşı, "Son cənnət" romanı həm də baş qəhrəmanlar -  Can və Aliyənin məktubları üzərində davam tapır. Sərt ideologiyanın qurbanı olan Can ehtiyatsızlıqdan həmkəndlisi, uşaqlıq dostu Yusifi öldürür. Peşmançılıq duyğusu ilə bərabər həbs edilmək qorxusu Canı el-obasından didərgin salır. Atasının min bir əziyyətlə oxutdurduğu evin böyük oğlu Can Yusifi vurub qaçdığını ailəsinə açıb deyə bilmir. Məktəbdə silahlı çaxnaşma zamanı qarışıqlıq düşdüyünü, Yusifin vurulduğunu, bütün solçu tələbələrin qaçdığını, polisin onların izində olduğunu söyləyir. Bununla da Canın qaçaqlıq həyatı başlayır. Dağlara üz tutan Can orada  ideologiyadan uzaq Memo, Dilo kimi sadə insanların səmimiyyəti, ona canı-qəlbdən sahib durmaları ilə az da olsa rahatlıq tapsa da, "peşmanlıq çuxur"u getdikcə dərinləşir və onu özünə doğru çəkir. Hara gedirsə, Yusifin günahsız, əzik baxışları onu təqib edir, rahatlıq vermir. Əzizlərindən uzaq düşməsi, uşaqlıq sevgisi Güldən ayrı qalması da onu daim narahat edir.

Qəfil gələn məktubla təhlükənin yaxınlaşdığını anlayan Can atasının təkidi ilə İranın Maku şəhərinə, tanışı Molla Həsənin evinə  yollanır. Qonaq olduğu evdə isti münasibət görən qəhrəman buradan Avropaya mühacirət etməyin yollarını axtarır. Bu işdə ona Mollanın oğlu Əli yaxından kömək edir.  Mollanın evində Canın günləri rahat keçir, ta ki evin böyük qızı Aliyənin gizli məqsədindən xəbər tutana qədər. Aliyə inqilabdan əvvəl Tehranda Xarici dillər fakültəsində təhsil almış, lakin "Xomeyni inqilabı"ndan sonra məcburən qara çarşaba bürünmüş müasir dünyagörüşlü  qadındır. Onun ümid yeri ancaq Candır. Canın köməyi ilə Avropaya ayaq aça və arzusunda olduğu azad, firavan həyata qovuşa bilər. "Lütfən! Lütfən dinlə məni! Bax bəlkə də ortaq nöqtələrimiz azdır. Düşüncələrimiz, fəlsəfəmiz, dünyagörüşümüz arasında bəlkə də fərq yoxdur... Kimsəylə danışa bilmirəm! Kimsəyə dərdimi izah edə bilmirəm, anlayırsanmı, heç kimim yoxdur!"

Aliyənin təkidlərinə baxmayaraq, Can nə Aliyə ilə evlənmək, nə də onu özü ilə xaricə aparmaq niyyətində deyildi. Lakin Aliyənin ciddi cəhdləri nəticəsində bu izdivac baş tutur. Cana saxta pasport əldə etməyə kömək edən Əli bacısı ilə birlikdə onları "cənnət" hesab etdikləri Almaniyaya yola salır. Ortaq məqsədlərin bir araya gətirdiyi bu iki yad insan düşdükləri şərait nəticəsində doğmalaşır və hətta ən məhrəm insana çevrilirlər. Almaniyanın Vetzlar adlı şəhərində mühacir evində rastlaşdığı ağır həyat şəraiti, Candan ayrı qalmağı Aliyəni ümidsizlik girdabına sürükləyir. Darısqal və cansıxıcı otaqlar, xaricilərə tətbiq olunan ağır  qayda və qanunlar, ən pisi, şəhərdən kənara çıxmaq qadağası Aliyənin yeni  firavan həyatla bağlı qurduğu xəyallara heç bənzəmirdi. Sonda taleyin ağır sınaqlarına rəğmən sağ qalmağı bacaran qəhrəmanlar qərib ölkədə bir-birinə sığınıb mübarizə aparmağa davam edirlər.

Müəllif Can və Aliyənin simasında Avropanı nicat qapısı kimi görən gəncliyin faciəsini qələmə almışdır. Can ölkəsində yaşanan siyasi çaxnaşmalar səbəbilə, gənclərin sağçı, solçu kimi qruplaşdığından, onların canına-qanına hopmuş ideologiyadan, fiziki və mənəvi təzyiqlərdən xilas olmaq üçün Avropaya sağlam düşüncə, azad fikir ardınca getməyə can atmışdır. Aliyə isə sərt qadağalardan, mühafizəkar ailəsinin şəxsi həyatına müdaxiləsindən xilas olmaq üçün Avropanı yeganə ümid yeri kimi görürdü.

Romanda verilmiş "Qarasu", "Ağrı dağı", "Qızvəli" və s. haqqında kiçik haşiyələr, mövzuyla bağlı hekayələr təhkiyəyə xüsusi rəng qatır, onu daha da oxunaqlı edir. Əsərdə oxucu marağını gücləndirən əlavə epizodlara - şah rejiminin devrilməsi, Xomeyninin başçılıq etdiyi İran İslam inqilabının qələbəsi, Məhəmməd Əmin Rəsulzadənin başçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması haqqında tarixi məlumatlara da rast gəlinir.

Orhan Arasın "Son cənnət" romanı yüksək ideyası, dərin məzmunu, tərbiyəvi əhəmiyyəti ilə diqqəti cəlb edir. Roman müasir dövrün mürəkkəb və ziddiyyətli hadisələrinin geniş təsvirini verən epik əsərlərdən biri kimi mühüm əhəmiyyət daşıyır.

Orhan Aras istər Türkiyədə, istər Almaniyada  Azərbaycan ədəbi və elmi fikrinin yayılmasında əvəzsiz xidmətləri olan şəxsiyyətlərdəndir. Yazıçının əsərlərinin Azərbaycan dilinə uyğunlaşdırılması sevindirici olub, Orhan Arası bizə daha da yaxınlaşdırır.

Dilarə ƏLİYEVA
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işçisi
/525.az/

Yenililklər
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.