Azərbaycanda ilk STEM liseyi fəaliyyətə başladı
05.02.18
Hədəf Liseyi, 2018-2019-cu tədris ilində fəaliyyətinə başladığını və müvafiq tədris ili üçün şagird qəbulu elan edir.
Hədəf Liseyi, qurucu atalarımızın çağdaşlaşma məqsədlərinə töhfə vermək arzusuyla “Hədəf Kursları” MMC-nin bazası əsasında təsis edilən təhsil müəssisəsidir. Lisey, STEM qısaltmasının təmsil etdiyi elm, texnologiya, mühəndislik və riyaziyyat disiplinlərinin qarşılıqlı əlaqədə və “toxunaraq öyrənmək” prinsipinə əsaslanaraq tədris edilməsi məqsədi daşıyır. Hədəf Liseyinin tədris proqramı milli və mütərəqqi beynəlxalq kurikulumların inteqrasiyasından ibarətdir. Şagirdlər üçün müasir tələblərə cavab verən tədris mühitinin yaradılması ilə birlikdə, lisey təhsil proqramında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsilin inkişafı və müasirləşməsi strategiyasına müvafiq olaraq, STEM konseptini əsas götürür.
Hədəf Liseyi, ölkəmizin STEM+A əsaslı təhsil verən ilk özəl liseyidir. STEM Elm, Texnologiya, Mühəndislik və Riyaziyyat (Science, Technology, Engineering, Math, Art) sözlərinin baş hərflərindən yaranan qısaltmadır və bu fənləri inteqrasiya edərək tədris etməyi hədəfləyən disiplinlərarası və tətbiqi yanaşmanı əsas götürən təhsil fəlsəfəsinin adıdır. UNESCO-nun müvafiq hesabatında mühəndisliyin sosial, iqtisadi və humanitar inkişafın mühərriki olduğu bildirilir və hazırda dünya miqyasında ixtisaslı mühəndis kadrların çatışmadığı və bu halın yaxın gələcəkdə də davam edəcəyi qeyd olunur. Qabaqcıl ölkələrdə akademik və rəsmi qurumlar STEM əsaslı təhsilin geniş yayılmasını milli stratejik hədəf kimi görür və STEM əsaslı təhsil müəssisələrinin sayı sürətlə artır. Bizdə bu mütərəqqi təhsil praktikasını ölkəmizdə tədris etmək üçün Azərbaycanın STEM əsaslı təhsil verən ilk təhsil müəssisəsini, Hədəf Liseyini təsis etdik. Liseyimizin şagirdləri fənn dərsləri ilə bərabər, İnteqrasiya Mərkəzimizdə, atelyelərimizdə, fənn kabinetlərimizdə, laboratoriyalarımızda və interaktiv sinif otaqlarımızda müşahidə edərək, əlləri ilə toxunaraq, tətbiq edərək öyrənmə prosesində aktiv iştirak edib müxtəlif cihaz, qurğu və mexanizmləri liseyimizin təmin etdiyi imkanlar sayəsində dizayn edə, hazırlaya, proqramla təmin edə və test edə biləcəklər.
Dünyada alternativ gücə çevrilən texnologiya şirkətləri bəşəriyyətin həyatı üzərində getdikcə artan təsirə sahibdirlər. Texnologiyadan qaynaqlanan iqtisadi güc isə, elm olmadan mümkün olmaz. Müasir dünyanın bu reallıqlarını və inkişaf istiqamətlərini nəzərə alaraq, hədəfimiz XXI əsrin BİLGƏ Azərbaycanlısını yetişdirməkdir. Şagirdlərimizin hərtərəfli inkişafı hədəfimizi reallaşdırmaq üçün fənn tədrisi və otaqları ilə yanaşı, liseyimizdə müxtəlif dərnəklər, diskussiya klubları, texniki və bədii məşğələlər, idman və sosial fəaliyyətlər də nəzərdə tutulur. Şagirdlərimiz üçün zəngin tədris və sosial mühit təmin etmək bizim başlıca vəzifəmizdir.
Liseyimiz Təhsil Nazirliyi tərəfindən 2014-cü ildən etibarən Bakı və Sumqayıt şəhərlərinin 38 məktəbində tətbiq edilən Sağlam Təhsil-Sağlam Millət layihəsinə qoşulacaq.
Sağlam Təhsil-Sağlam Millət layihəsinin özünə məxsus sinif quruluşu və inteqrativ dərs metodikası ilə şagirdlərin fiziki, psixoloji sağlamlığı qorunur, onların sosiallaşması və dərsləri dərk etmə bacarıqları artırılır.
Əziz valideyinlər və şagirdlər, Sizin də məqsədiniz müasir tələblərə cavab verən, yaradıcı düşünən, özünü daima yeniləyən, koqnitiv və motor bacarıqları yüksək, elmi-texniki tərəqqinin aparıcı istiqamətlərində əlavə dəyər yaradacaq mütəxəssislər yetişdirməkdirsə, Sizi bu hədəfinizi Hədəf Liseyində reallaşdırmağa davət edirik. Hədəf Konsepti ilə öz tədrisini quran lisey Beynəlxalq Azərbaycan brendi olmağı qarşısına hədəf qoymuşdur. Hədəf Liseyinin qurucu direktoru tanınmış pedaqoq, f.ü.f.d., dosent Şəmil Sadiqdir.
Qeyd: Qəbul imtahanları və qeydiyyat tarixi, eləcə də sizi maraqlandıran bütün digər suallara cavabları liseyimizin səhifəsinə daxil olmaqla və ya aşağıdakı telefonlar vasitəsiylə əməkdaşlarımızla əlaqə yaradaraq tapa bilərsiniz.
hedefliseyi.edu.az Tel: +994502722018 +994702722018
|