Timoti Artur - Kasıb - Hekayə
31.01.18
– Bəs Vaytmanlar necədir? Onlardan nə xəbər var? – Mən köhnə dostum Paysondan soruşdum. Mən bir neçə ildən sonra, nəhayət, doğma şəhərimizə qayıtmışdım, köhnə dostlarımı bir-bir axtarıb tapmaq istəyirdim. Sualımı eşidəndə Payson fikirli-fikirli başını bulayanda mən dedim: – Ümid edirəm ki, onların vəziyyəti normaldır. Vaytman ağıllı insandır, onun çox gözəl ailəsi var. Dostum yenə də başını buladı. – Son dəfə onu görəndə onlar çox yaxşı yaşayırdılar, – sözümə əlavə etdim. – Sonra hər şey alt-üst oldu, – dostum dedi. – O bir neçə il bundan qabaq müflis oldu. – Çox təəssüf! Bu xəbəri eşidib pis oldum. Bəs o indi haralardadır? – Mən onu hərdənbir görürəm. Ancaq onun nə işlə məşğul olduğunu bilmirəm. – Bəs ailəsi? Ailəsi ilə bir yerdədir? – Hə, indi onlar hardasa Köhnə şəhərdə yaşayırlar. Neçə vaxtdır, onun ailə üzvlərindən heç biri ilə rastlaşmamışam. Bir nəfər mənə demişdi ki, onlar çox kasıb yaşayırlar. Dostumun son cümləsi ürəyimi ağrıtdı. Payson "çox kasıb” sözünü elə tonda dedi ki, ürəyim ağrımaya bilməzdi. Bir anlıq Vaytmanları təsəvvürümə gətirdim, heç bir rahatlığı olmayan ağır şəraitdə yaşayan halda gözlərim önünə gəldilər. Beynim belə xoşagəlməz fikirlərlə dolanda Payson dedi: – Sabah bir yerdə nahar edərik. Misiz Payson səni görməyinə çox şad olacaq. Səninlə köhnə günləri yada salarıq. Biz günorta saat 3-də nahar edirik. Mən ona söz verdim ki, sabah onlarla birlikdə nahar edəcəm, sonra biz ayrıldıq. İş vaxtı idi, dostumun fikri-zikri işində idi, onun vaxtını çox almaq istəmədim. Mənim beynim Vaytmanlarla "məşğul” idi. Onları fikrimdən çıxara bilmirdim. Onlar hörmətə layiq insanlar idi. "Çox kasıb” – bu sözləri beynimdən çıxara bilmirdim. Bu iki söz özlüyündə çox şeyi ifadə edirdi. Köhnə tanışlardan kimi görürdümsə Vaytmanları soruşurdum. Hamısı eyni sözü təkrar edirdi: Bir neçə il qabaq Vaytman biznesində müflis olub. İndi hardasa köhnə şəhərdə çox kasıb şəraitdə yaşayırlar. – Onlar çox kasıb yaşayırlar, çox kasıb, – köhnə dostlardan biri dedi. – Mən arabir Vaytmanla rastlaşıram. O çox miskin görünür. – Eşitdiyimə görə, hətta onun qızları dərzilik edirlər, – tanışlarımdan biri dedi. O "dərzilik edirlər” sözünü elə tonda dedi ki, sanki dərzilik etmək utancverici bir işdir. Mən Vaytmanla görüşmək istəyirdim, ancaq harda yaşadığını bilmirdim. O biri gün saat 2 ilə 3 arasında dostumun mağazasına getdim, o məni görən kimi əl uzadıb dedi: – Səni görməyə şadam! Keç otur, qəzetlərə bax! Bir neçə dəqiqəyə işimi bitirəcəm. Bankla bağlı işimi günortayacan qurtarmalıydım! – Sən narahat olma, işinlə məşğul ol, – mən stolun üstündəki qəzeti götürüb dedim. Payson başını aşağı salıb işi ilə məşğul olanda özümdən ixtiyarsız gülümsədim. O işi ilə məşğul olanda çox soyuqqanlı görünürdü. Stolun üstündə çoxlu bank çekləri vardı. O çekləri saydı, sonra kağıza qeyd etdi, narahat halda qol saatına baxdı, ah çəkdi, sonra qapıya tərəf boylandı. Elə bu vaxt onun köməkçisi otağa daxil oldu, Paysona nə dedisə onun əhvalı dəyişdi. – Get Vilsonun yanına, – o köməkçisinə dedi. – Ona de ki, mənə təcili 500 dollar göndərsin. De ki, bankın borclarını ödəməliyəm, bir az çatmır. Daha gecdir, başqa heç yerdən tapa bilmərəm. Yubanma! Hələ saat 3-ə 20 dəqiqə qalıb. Paysonun köməkçisi tələsik otaqdan çıxdı. Payson isə hələ də başını yuxarı qaldırmamışdı. Çox narahat olduğu üzündən bilinirdi. Təxminən 10 dəqiqə sonra onun köməkçisi qayıtdı, əlində də pul. Dostum gileyləndi: – Bu necə həyatdır! Belə yaşamaq olar? Hərdən arzulayıram ki, okeanın ortasında bir adada yaşayım. Təkcə, yaxşı, sən C-ni xatırlayırsan? – Hə, çox yaxşı xatırlayıram, – dedim. – Bir il bundan qabaq C. biznesi atdı, gedib özünə ferma aldı. Bir neçə gün bundan qabaq onunla rastlaşdım. Bilirsən mənə nə dedi? Dedi ki, 12 aydır bank bildirişi görmür! Nə xoşbəxt adamdır! Elə bil Allah məni lənətləyib! Qazandığımı banka ödəyirəm! İşim-gücüm harasa pul ödəməkdir Bilirsən "ödəmək” sözünə necə nifrət edirəm? Yaxşı, sən narahat olma, gəl gedək! Misiz Payson səni görüb sevinəcək. Sən neçə vaxtdır buralara gəlmirsən? Səhv etmirəmsə, 10 il olar. Özün də görəcəksən, qızlarım necə böyüyüb! Klaranın indi 20 yaşı var. Əlbəttə, sən onu son dəfə görəndə o məktəbli qız idi! Ah, zaman elə bil uçur! İllər nə tez gəlib-keçir! Məlum oldu ki, köhnə dostum indi Frankilin küçəsində yaşayır. Evi dəbdəbəli idi, ancaq mənim zövqümcə deyildi. Arvadı və qızları da bahalı geyimdə idi, onların geyimi də zövqsüz idi. Mən neçə il bundan qabaq onların evində nahar edəndə, evləri balaca idi, ancaq rahatlıq vardı. Arvadının, qızlarının üzündən sevinc yağırdı. İndi isə pəncərələrdən bahalı pərdələr asılsa da, evdə bahalı mebel olsa da evdə, elə bil, nəsə çatmırdı. O vaxt misiz Payson sadə, çitdən don geymişdi. Elə qızları da. Misiz Paysonun saçı çiyinlərinə dağılmışdı. Ona bəzək-düzək lazım deyildi. Amma indi? Bahalı sırğa, bahalı boyunbağı. Bahalı daş-qaşların parıltısı gözümü qamaşdırırdı. Qızları da onun kimi bəzənmişdi. O vaxtkı Klaradan əsər-əlamət qalmamışdı. Mən misiz Paysonla rəsmi qaydada söhbət etdim, elə bil heç o vaxtkı mehriban qadın deyildi. Bir azdan nahar vaxtı idi. Biz yemək otağına keçdik. Doğrusu, yeməkdən də razı qalmadım. Bir vaxtlar onların evində yediyim yeməyin dadını vermirdi. Misiz Payson yalnız özü bəzənməmişdi, yeməklər də "bəzənmişdi” . Mən nahar edərkən bir neçə dəfə misiz Paysondan Vaytmanları soruşdum, ancaq o da, qızları da özlərini elə göstərdi ki, sanki heç onları tanımırlar. Onların evində nahar edərkən mənə bir şey məlum oldu. Belə lüks evdə yaşamağına baxmayaraq, onlar xoşbəxtlikdən çox uzaq idilər. Hiss edirdim ki, misiz Payson və qızları lovğa, təkəbbürlü olduqları qədər də acgöz, paxıldır. Onlar daha böyük ev, daha bahalı mebel arzulayırdı. Deyirdilər ki, onlardan aşağı səviyyəli olanların mebeli bahalıdır, onlara lağ edirdilər. Fikir verirdim ki, onlar belə söhbət edəndə köhnə dostum söhbətə müdaxilə etmir, sakitcə durub qulaq asırdı. Arabir süni təbəssümlə deyirdi: – Arvadımla qızlarım elə bilirlər ki, mən puldan yoğurulmuşam. Kaş onlar biləydi pulu necə çətinliklə qazanıram! Əgər bilsəydilər neçə çətinliklə qazanıram, onda az xərcləyirdilər. Onlara deyirəm ki, mən kasıb adamam, ancaq elə bil sözlərimi küləyə deyirəm, heç biri əhəmiyyət vermir. Dostumun arvadı süni təbəssümlə dedi: – Bu necə danışıqdır? Kasıb adam! Bu nə sözdür işlədirsən? Dostum arvadına cavab verdi: – İstədiyini almağa maddi gücü çatmayan insan kasıbdır. O mənada mən nə dediyimi yaxşı başa düşürəm. Çox tanışlarım kimi, mən özüm də daxil, gəlirindən çox pul xərcləyirsə lap kasıbdır. Dostum sözünü bitirən kimi arvadı onu məzəmmət etdi: – Deyəsən, bu mövzuda söhbət etmək sənin ürəyincədir. Unutma ki, nahar edərkən belə söhbət etmək ədəb qaydalarına ziddir, ikincisi isə, belə söhbət heç kimə xoş təsir bağışlamaz. Qadın üzünü mənə tutdu: – Siz ona fikir verməyin! O, hərdənbir belə olur! Dostum daha sonra o mövzuda söhbət etmədi. Arvadı dəbdən, yenilikdən danışanda da dostum səsini çıxarmadı. Nəhayət, dostumun arvadı və qızları otaqdan çıxandan sonra o dedi: – Arvadım və qızlarım həmişə həyatın bir tərəfini görür, romantikanı. Mən isə əsl reallığı görürəm. Onların arzularını yerinə yetirməyə daha tabım qalmayıb. Hər gün pul tələb edirlər. Ah, bir vaxtlar etdiyim səhvi indi düzəltmək çox çətindir. Mən onlara deyirəm ki, kasıb adamam, ancaq onlar gülümsəyir, məndən aldıqları 100 dolları bircə dəqiqənin içində mağazada xərcləyirlər. Mən etiraz edirəm, amma etirazıma fikir verən kimdir? Hərdən fikirləşirəm ki, mən çox kasıb, çox kasıbam! İşçilərimdən də kasıbam! Hətta ən fağır bir işçim il ərzində 400 dollar olan maaşından qənaət edib 50 dollar dar günü üçün saxlayır. Mən hər gün yüzlərlə dollar axtarıram ki, arvadım, qızlarım gün ərzində xərcləsin, ancaq o işçim heç 1 dollar da axtarmır. Bilirəm ki, o balaca, kasıb evində rahat yaşayır. Ancaq mənimkilər o boyda evi də bəyənmirlər. Daha bahalı mebel, daha böyük mülk arzulayırlar. Bəlkə də, milyoner olsaydım onların bütün ehtiyaclarını ödəyə bilərdim. Yox, onların arzuları sonsuzdur, nə qədər xərcləsələr də yenə gözləri doymur. Mənim iki yolum var, ya arvadımdan, qızımdan imtina etməliyəm, ya da müflis olmalıyam. Onlar qonşularla bəhs edirlər, harda bahalı bir şey görsələr almaq istəyirlər. Payson bu mövzuda çox danışdı. Mən onların evindən çıxanda heç də onların o böyük evinə paxılıq etmirdim, onların həyatına qibtə etmirdim. Bütün dost-tanışlarım onu varlı adam kimi tanısalar da, o mənim gözümdə kasıb adam idi. Paysonların evində qonaq olandan bir neçə gün sonra küçədə təsadüfən mister Vaytmanı gördüm. O çox dəyişmişdi, əgər o danışmasaydı onu tanımazdım. O mənim gözlərimə son dəfə onu gördüyümdən 20 yaş qoca göründü. Düzdür, onun geyimi köhnə idi, ancaq çox təmiz idi. O məni görən kimi bağrına basdı, məni sorğu-suala tutdu, necə dolandığımı, sağlamlığımı soruşdu. Mən ona qısaca cavab verdim, sonra dedim: – Eşitdiyimə görə, mən şəhərdən gedəndən sonra sənin işlərin heç də düz gətirmir. Mən ona belə sual verəndə bircə anlıq onun üzünün ifadəsi dəyişdi, ancaq o bir dəqiqə sonra xoş təbəssümlə dedi: – Həyatda xoşbəxt olmağın bir sirri də taleyinlə barışmaqdır, olanlarına şükür etməkdir. Həyatımızda hər şey qaydasında olanda biz bunu öyrənə bilmirik, bu sirri varlı olarkən öyrənmək mümkün deyil. – Yaxşı, sən bu dərsi öyrənə bildin? – Öyrənməyə çalışıram, – dostum gülümsədi – ancaq mənə görə bu çox çətin dərsdir. Heç ümid etmirəm ki, hər şeyi mükəmməl qavrayam. Köhnə dostum məni evlərinə şam etməyə dəvət etdi. Onun dəvətini dərhal qəbul etdim. Bütün tanışlarım Vaytmandan söz düşəndə "çox kasıbdır” demişdilər. Köhnə dostum həyat fəlsəfəsini dəyişmişdi, ancaq düşünmürdüm ki, onun arvadı da bu fəlsəfəni qəbul edər. Çünki onun arvadı qəşəng geyinməyi, ziyafətlərdə, mərasimlərdə iştirak etməyi sevirdi. Mən onların balaca evinin qapısını döyəndə belə düşünürdüm. Qapını döyüb azca kənara çəkildim, qapını ucaboy, səliqəli geyinmiş bir qız açdı. Məni görən kimi gülümsədi, mən tez soruşdum: – Sən Meri deyilsən? – mən onun əlini sıxıb soruşdum. – Hə, mən o balaca Meriym, – atam gələcəyinizi demişdi. Qapı açılan kimi misiz Vaytman da qapıya gəldi, mənə ürəkdən "xoş gəldin” dedi. Düşdükləri çətinliklər onu bir az dəyişmişdi, rəngi solğun idi, arıqlamışdı, ancaq yenə də əvvəlki kimi səmimi idi. Gözlərinə baxan kimi bunu duymaq mümkün idi. – Sizi yenidən görməyimə çox şadam, – misiz Vaytman dedi. Onun üzünə baxan kimi hiss etdim ki, o bu sözləri ürəkdən deyir, doğrudan da, o sevinirdi. Səsinin tonu, üzünün ifadəsi bunu sübut edirdi. Mister Vaytman otağa girəndə arvadı üzr istəyib otaqdan çıxdı, belə başa düşdüm ki, yemək tədarük etməyə getdi. Bir azdan şam yeməyi süfrəyə gəldi. O balaca otaqda iştaha yedim yeməyi. Biz yemək yeyəndə onun ikinci qızı, dərzilik öyrənən qızı da gəlib çıxdı. Onun üzündə necə məmnunluq vardı! O sağlamlıq, sevinc mücəssəməsi idi. Dostumu ilk dəfə küçədə görəndə mənə soyuqqanlı görünmüşdü. Bu, ilk təəssürat imiş. Dostum çox şən idi. Onun sözlərini qulaq asdıqca "çox kasıb” fikri beynimdən çıxırdı. Sağollaşıb gedəndə qapının ağzında ona sual verdim: – Vaytman, ailəni necə dolandırırsan? – Çox yaxşı, – o gülümsədi. – Mən ilk vaxtlar ildə 500 dollar alırdım, uşaqlarım balaca idi. İndi qızların ikisi da az-çox qazanırlar. Pul toplayıb bu rahat evi ala bildik. Son maaşımızı bir ay bundan qabaq almışıq, mən indi özümü varlı hesab edirəm, – o sözünü bitirib güldü. Dostumdan ayrılıb gedəndə öz-özümə elə hey təkrar edirdim, "çox kasıb” , "çox kasıbdır”. Ona aid edilən bu sözü düz seçməmişdilər. Növbəti gün yolda Paysonla rastlaşdım. – Dünən axşam Vaytmanlorla birlikdə şam etdim, – ona dedim. – Doğrudan? Yaxşı, onların vəziyyəti necə idi? Kasıb? Çox kasıb? Heç şübhəsiz, çox kasıb! – İnan mənə, son illərdə hələ belə xoşbəxt, şən ailə görməmişdim. Yox, mister Payson, onlar çox kasıb deyil. Böyük Allahın verdiyi hər şeyə şükür edirlər. Qazandıqları ilə qane olmayıb daha çox arzulayanlar kasıbdır. Vaytmanlar belə deyil. Payson bir neçə dəqiqə gözlərini məndən çəkmədi, sonra başını aşağı saldı. Bir az fikrə getdi. – Razı olmaq və şükür etmək! – o baxışlarını yerdən çəkib dedi. – Ah, dostum, kaş arvadımla qızım da şükür etməyi biləydi! Allahın verdiyi ilə razılaşaydı! – Ən azı sən şükür etməlisən, – dedim. – Böyük Allah sənə çox şey verib! – Hə, haqlısan, ancaq biz Allahın verdiyinə nə şükür edirik, nə də razı qalırıq. Nə qədər qazansaq da yenə istəyirik. Bəli, biz əlbəttə, Vaytmanlar kimi deyilik, çox kasıbıq, çox kasıb! Dostum belə deyə-deyə məndən uzaqlaşdı. O yol gedərkən də başını aşağı dikmişdi, fikirli idi. Bir müddət keçəndən sonra eşitdim ki, Payson müflis olub. Bu xəbəri eşidəndə öz-özümə dedim: – Hə, dostum Payson, indi çox kasıbsan! Çox kasıb! Doğrudan da, belə idi. İngilis dilindən tərcümə edən: Sevil Gültən
/Kaspi qəzeti/
|