“Azərbaycan xalçaları” jurnalının növbəti nömrəsi çap edilib
23.01.18
“Azər-İlmə” Xalçaçılıq Mərkəzinin və Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin birgə təsisçiliyi ilə nəşr olunan “Azərbaycan xalçaları” jurnalının 24-cü nömrəsi çap edilib.
Sənətşünaslıq və tarix ixtisasları üzrə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmi nəşrləri sırasında olan jurnalda rəsmi xronika, sənətşünaslıq, tarixşünaslıq, ayrı-ayrı xalq tətbiqi sahələrini əhatə edən müəllif yazıları, reportajlar, elmi məqalələr, maraqlı tərcümə materialları yer alıb.
Jurnal “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Quba filialının açılışı, Sumqayıt Sənaye Parkında Əyirici-Boyaq Fabrikinin təməlqoyma mərasimi haqqında rəsmi materiallarla başlayır.
Bundan başqa, jurnalda görkəmli azərbaycanşünas-alim Yusif Vəzir Çəmənzəminlinin “Bizdə xalıçılıq”, tarix üzrə fəlsəfə doktorları Könül İmamverdiyevanın “Bayraq tarixi yaddaşın daşıyıcısıdır”, Tahir Şahbazovun “XIX əsr Azərbaycan memarlığı və incəsənətinin bəzi məsələlərinə dair”, Anar Ağalarzadə, Əhliman Əbdürəhmanov və Fərid Fərmanovun “Aşağı Ləki küp qəbirləri”, Cavid Bağırzadənin “Azərbaycanın Qarabağ bölgəsinin ilk orta əsrlər dövrü tarixi coğrafiyasına dair”, Bayram Quliyevin “Elxanilər dövrü Azərbaycanın xəttatlıq və miniatür tarixinə qısa bir nəzər”, tarix elmləri namizədi Acap Bayriyevanın (Türkmənistan) “İslam dünyasının incəsənəti: İslam mədəniyyətinin memarlığa və türkmən xalçalarına təsiri”, Mariya Filatovanın (Rusiya) “Dövlət Şərq Muzeyinin kolleksiyasında saxlanılan 1920-ci illərə aid Azərbaycan tikmələrində təsviri motivlər”, Robert Çensinerin (Böyük Britaniya), Səida Qarunovanın və Məmmədxan Məmmədxanovun (Dağıstan) “Azərbaycanın və Dağıstanın xalçalarında və tekstil nümunələrində əjdaha obrazları”, sənətşünaslıq doktoru Kübra Əliyevanın “Azərbaycan ərazisində tunc və dəmir dövrlərinə aid keramika məmulatlarının təsnifatı və əsas bədii xüsusiyyətlərinə dair” və digər bu kimi mövzularda məqalələr dərc edilib.
Jurnalın baş redaktoru, Əməkdar İncəsənət Xadimi, tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradovdur. /Azərtac/
|