Səxavət Sahil - Postmodern sənətin estetikası
26.12.17
İndiki zaman bir daha çox "postmodern dövr” adlanır. Postmodern dövrü təkcə ədəbiyyatla bağlamaq düzgün deyil. Mədəniyyətin müxtəlif sahələrində özünü göstərən bu dövr ədəbiyyatdan əvvəl digər sahələrdə, məsələn musiqi, rəssamlıq, heykəltəraşlıq, memarlıq, kino kimi sahələrdə təzahür edir. Ardıcıl olaraq ədəbiyyatda bir növ öz məntiqi "nəticəsini” tapır. Və bütün bunlar modernizmin yarandığı, inkişaf etdiyi və sona çatdığı bir cəmiyyətdə baş verir. Çünki modernizmin mərhələlərini görməyən cəmiyyət heç vaxt postmodernizmi ortaya çıxara bilməz. Postmodernizm ilk baxışda qarmaqarışıq və mürəkkəb görünür. Yəni bunu əvvəlinin və axırının harada olduğu görünmür. Hansı tərəfdən istəsən baxa bilərsən. Təsəvvür edin ki, üst-üstə və yan-yana labirint mövcuddur, lakin bu labirintin çoxsaylı qapısı və ya çıxışı var. Belə olduğu halda bəs bunu harasa labirint sayılır? Postmodern çoxlu suallar doğurur. Bu sualların cavabı həm var, həm də yoxdur. Qısaca bu primitivliyi belə izah etmək olar. Xaos. Son dövrlər yaranan bir sıra mətnlərdə ənənəvi girişi olmur. İstənilən yerdən mətnə giriş eləyib oxumaq mümkündür. Lakin bu o demək deyil ki, bu cür strukturlu mətn postmodern sayılmalıdır. Postmodern mətnin öz tələbləri, qanunları var. Daha çox Avropa və Amerikada təzahür edən postmodernizm haqqında alimlər müxtəlif mülahizələr səsləndirir. Bəziləri postmodernizm sərhədsiz və sonsuz hesab edərək onu mənasızlıq, boş bir şey, mətnin "sonuna” çıxdığını iddia edir. Bəziləri isə postmodernizmin konkret sərhədlərinin olduğunu, onun bir janr kimi formalaşdığını iddia edirlər. Göründüyü kimi ziddiyyətli və qarışıq bir mərhələ olan postmodernizm yeni polemikalar, yeni diskussiyalar yaradır. Postmodernizm estetikasına özündən əvvəlki ədəbi janrların və digər sənət mərhələlərinin mənimsəməsi də daxildir. Belə olduğu təqdirdə istər yazar, istərsə də rəssam və ya musiqiçi öz sahəsi ilə yanaşı digər sənətləri və onun keçmişindən də xəbərdar olmalıdır. Məsələn, yazıçının mətninə giriş "sərbəst” olduğu kimi, həmən mətndə istənilən dövrü də "tapmaq” mümkün olmalıdır. Burada iki məsələni nəzərdən qaçırmaq olmaz. Birinci məsələ odur ki, postmodernizm çox şeyi özündə birləşdirir. İkinci isə çox şeyi dağıdır, daşını daş üstə qoymur. Yaradıcılıqla dağıdıcılığı bir araya gətirir desəm yanılmaram, di, gəl ki, yaradıcılıqla dağıdıcılıq hansı məntiqlə bir yerdə ola bilər?! Yəni indiki dövrün insanı, tutaq ki, Misir piramidaları haqqında məlumat almaq və ya onu görmək istəyir. Bunun üçün Misirin qədim kitabxanasına getmək və ya yeddinci möcüzənin yerləşdiyi ünvana yollanmağa ehtiyac qalmır. Həmən o kitabxananın internet resurslarından yetərincə faydalanmaq, canlı yayımlar vasitəsi ilə də piramidalara tamaşa etmək mümkündür. Postmodern mətn də belədir. Eyni mətnin içində Fransa kralı Napoleonla dialoqa girərsən, qədim yunan qəhrəmanı ilə rastlaşarsan, birdən birə 16-cı əsrdə Roma kiləsində baş verən hadisələri görərsən, XVIII əsrdə Paris küçələrində faytonla gəzərsən. Yəni dövrün insanı necə yaşayırsa, necə işləyirsə, necə səyahət edib dünyanı gəzirsə, necə əylənirsə postmodern mətn də elə olmalıdır. Postmodernizm sənət kimi qəbul eləsək, onun estetik meyarlarını dərindən araşdırmaq lazımdır. Postmodernizmə təkcə mətn içində mətn və ya dekonstruksiya kimi baxmaq dəryadan bir damla götürməyə bənzəyir. Onun "qaydasız” olan hər bir qaydasına əməl etmək lazımdır. Bir iki elementindən istifadə postmodernizmə uğursuz cəhddən başqa bir şey deyil.
|