Səlim Babullaoğlunun "Gedənin qalana dedikləri” kitabı İranda nəşr edildi
25.12.17
Səlim Babullaoğlunun növbəti kitabı, türk fotoqrafı İlyas Göçmənin 40 fotosuna yazdığı 40 şeiri İranda, Azərbaycan dilində "Gedənin qalana dedikləri” adı ilə çap edilib.
Kitabı əski əlifabaya keçirən və bəzi məqamları uyğunlaşdıran tanınmış ədəbiyyatçı Elyar Polad, dizayneri Oktay Sahirdir. Kitabın naşiri və çapa məsul tanınmış yazar və naşir Səid Muğanlıdır. Kitabın redaksiya və nəşr hüquqları "Yaşmaq” Kitab Evinə və "Əndişe-no Tehran”a aiddir. Az əvvəl Səlim Babullaoğlunun daha bir kitabı "Sükut daha səmimidir” adı ilə ("Polkovnikə heç kim yazmır”) İranda dərc edilmişdi. Bu sayca müəllifin İranda Azərbaycan dilində dərc edilən 3-cü orijinal kitabıdır. Səlim Babullaoğlunun bir çox tərcümə kitabları da (türk şairi Orxan Vəlinin, gürcü şairi Şota İataşvilinin və b. kitabları) İranda nəşr edilib. Səlim Babulloaoğlu: "Səid Muğanlı və onun redaktor, dizayner və nəşriyyat işçilərindən ibarət formalaşdırdığı komanda uğurla çalışır. Bizim ədəbiyyatın İranda tanıdılması istiqamətində əvəzsiz işlər görür Səid. Məncə bizi orda yazılan azərbaycandilli ədəbiyyatın burda təbliği və dərci işində borclu qalırıq ki, bu da sonucda hər iki tərəfin ədəbi mühitinin bir məcrada axmasına mane olur. Mən həm Səid Muğanlıya, həm Elyar Polada, o cümlədən zəhməti keçən hər kəsə təşəkkür edirəm... Yeri gəlmişkən, eşitdim tanınmış ədəbiyyatşünas ədib Hümmət Şahbazi mənim bir kitabımla bağlı yazı da yazıb. Düzü, hələ oxumaq fürsətim olmayıb, amma Hümmət bəyə də ayrıca təşəkkür edirəm..."
|