“Mədəniyyət.AZ” jurnalının yeni sayı çap olunub
22.12.17
“Mədəniyyət.AZ” jurnalının yeni - bu ilin sonuncu sayı işıq üzü görüb. Dərgi həmişəki kimi, elm, musiqi, kino, teatr, rəngkarlıq, turizm və digər sahələrdən xəbər verən maraqlı yazılarla zəngindir. Bu, artıq yola saldığımız 2017-ci ilin son nəşri olduğuna görə 2018 - yeni təqvim ili və 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə rəsmi şəxslərin və tanınmış ziyalıların təbrikləri, xoş sözləri, arzuları ilə açılır... Ardından, beynəlxalq təşkilatların Azərbaycanın milli dəyərlərinin həm də bəşəriyyətin dəyərləri olduğu haqda qəbul etdiyi qərarlar, 2018-ci ilin bütün türk dünyasının məşhur şəxsiyyətlərinin ili elan olunması barədə məlumat verilir... Daha sonra ədəbiyyatımızın “Haqq pərvanəsi" Xəlil Rza Ulutürk şəxsiyyəti və poeziyasının sorağına çıxır, görkəmli şairin mübarizə dolu həyat yoluna nəzər salırıq... Hörmətli oxucular eyni zamanda, musiqimizin 80-ci baharını sağlıqla yola salan maestro Rauf Abdullayev ucalığına boylana, Fikrət Verdiyev kimi həyatını xalq musiqimizin inkişafına həsr edən peşəkarlarımızın fəaliyyətinə, ordan da dönüb bölgələrimizin folklor incilərinə nəzər yetirə biləcəklər... “Bu kino ki var...” rubrikası milli və dünya kinosunun builki uğurlarına güzgü tutur... Teatr bölümündə “Boy” tamaşası ilə mifoloji səyahətə çıxıb "YUĞ”un yaradıcılıq axtarışlarının izinə düşmək mümkündür... “Rəngkarlıq”da korifey heykəltəraş Tokay Məmmədovun yaratdığı şedevrlər haqqında heyranlıqla oxuyuruq... Musiqi Mədəniyyəti Muzeyinin yarım əsrlik yubileyi ilə əlaqədar müsahibədə musiqi mədəniyyətimizin keşiyində duran fədakar insanların müqəddəs işlərindən danışılır... “Nisgilimiz QARABAĞ” rubrikasında "Qarabağ dərdimizə məlhəm “Qarabağ”la qarşılaşırıq... Növbəti səhifələrdə ölkəmizin turizm imkanları bir daha incələnir, turist həyatının maraqları və zövqlü tərəflərindən söhbət açırıq... Xüsusi “ELM” ribrikamızda Azərbaycan elmində axtarışlara başlayan, davam edən və bu zəngin dünyanın inkişafına xidmət göstərən alimlərimizin – tədqiqatçılarımızın, araşdırmaçılarımızın məqalələri işıq üzü görür...
|