“Dünyanın gizli ocağı: Vatikan” kitabı təqdim ediləcək
21.12.17
“XAN” nəşriyyatının “Çağdaş ədəbiyyat” seriyasında çap olunan teleaparıcı, jurnalist İlham Tumasın “Dünyanın gizli ocağı: Vatikan” kitabının təqdimat mərasimi keçiriləcək. Tədbir 23 dekabr, saat 15:00-dan 17:00-dək Kitabevim.az mağazalar şəbəkəsinin “28 may” filialında baş tutacaq.
“XAN” nəşriyyatından aldığımız məlumata görə, kitabda dünyada və Azərbaycanda baş vermiş, ancaq indiyə qədər sirri açılmayan gizli olaylardan bəhs edilir. Bu kitabdan Vatikanın, mafiyanın sirlərindən tutmuş səs-küy doğuran qətllərə qədər bütün gizlinlər haqda həqiqətlər oxuyacaqsınız.
İlham Tumasın uzun sürən araşdırması nəticəsində ərsəyə gələn kitab keçmiş ictimai proseslərdən tutmuş gələcək proqnozlara qədər bir çox mövzuları özündə cəmləşdirib.
“2018-də mütləq qiyamət qopacaq. Mişel de Notrdam deyib ki, həmin il nüvə müharibəsi başlayacaq. İşdi, Notrdamın dediyi olmasa, əmin olun, 2021-də bu hadisə mütləq baş verəcək. Onda da Yer kürəsinin maqnit sahəsi “xarab olacaq”, bəşəriyyətin sonu çatacaq. İşdi, birdən bu da alınmasa, özünüzü 2036-dan qoruyun. Həmin il Apofis adında bir asteroid Yerlə toqquşmalıdı, “söz verib”. Apofis “sözündən çıxsa”, 2060-ı gözləyin. İsaak Nyuton boyda alim Bibliyadan Daniilin kitabına əsasən hesablayıb ki, Apokalipsis gələcək. Əgər Nyuton boyda adam da səhv edibsə, onda 2242-yə hazırlaşın.”
|